ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər
Paul Karuana Qaliziya: Anamın öldürüldüyü gün…

“Londonda saat 2 radələri idi. Dostumun evindəydim. Naharı təzəcə bitirib, kofe dəmləmişdik. O an telefonuma tanımadığım Malta nömrəsindən ardı-arası kəsilməyən zəng gəlməyə başladı. Ailəmin bir hissəsi Maltada idi, narahat oldum. Tez nömrəni anama göndərdim.
“Tanıyırsanmı?” soruşdum. Mesaj çatmadı. Sevgilim zəng etdi. Xalamın onu aradığını və qardaşımla təcili əlaqə saxlamağımı dedi. Həmin nömrə yenidən zəng etdi. Qardaşım idi – “onun maşınına bomba qoyulmuşdu”, – dedi. Fikrim dağıldı, dostumun evində, divanda oturmuşdum və qardaşım anamıza sui-qəsd edildiyini deyirdi. “Nə edim indi? Uzun fasilədən sonra soruşdum. “Evə gəl dedi”.
Maltalı araşdırmaçı jurnalist Dafne Karuana Qaliziyanın oğlu Paul Karuana Qaliziya yazır.
Dafne Karuana Qaliziyanın ölümündən 5 il ötür. Oğlu onun barəsində kitab yazıb.
“The Guardian” həmin kitabdan bir parça dərc edib.
Paul Karuana Qaliziya yazır ki, anası ona və qardaşlarına çox oxumağı, azad düşünməyi və danışmağı, canlılara qayğı ilə yanaşmağı öyrədib. O, kobudluğa və insanların qeyri-ciddi olmasına nifrət edirdi.
“Anam 1990-cı ildə Maltanın “Sunday Times” qəzetinin təklifi ilə onlara köşə yazmağa başladı. Bununla o, ölkədə öz adı ilə yazan ilk qadın köşə yazarı oldu. Qalan hamı repressiya qorxusundan anonim yazırdı. Anam ölkəsinin çatışmazlıqlarından, ədalətsizlikdən, problemlərdən yazırdı. Zamanla, ölkənin problemləri dəyişdikcə, anam narkotik tacirlərini, prezidentləri, baş nazirləri və müxalifət liderlərini araşdıracaqdı. O, Malta ofşor cənnətinə çevriləndə araşdırma jurnalistikasının ən gözəl nümunələrini yaradacaqdı”.
Paul yazır ki, bir müddət sonra bizi soyadımız və adımızla yox, Dafnenin övladları, atamı isə onun əri kimi tanımağa başladılar.
“Onun yazdıqları təxminən yarım milyon əhalisi olan ölkədə hər gün, xüsusən də seçki kampaniyaları dövründə bir milyondan çox oxunurdu. Bu, Maltanın gündəlik qəzetlərinin ümumi tirajından böyük rəqəm idi”.
