Vurğun Əyyub Azərbaycan təhsilinin biabırçı üzünü açdı

Yaranmış biabırçı vəziyyətlə bağlı FaktXeber.com-a açıqlam verən təhsil eksperti Əyyub Vurğun maraqlı fikirlər səsləndirdi. Müsahib qeyd etdi ki, hər il eyni şeylər deyilir. Media və cəmiyyətin yalnız 0-100 baldan yapışmasının doğru olmadığını bildirən ekspert, “guya 150-200 ballıq nəticələr yaxşıdır? Əslində 0-100 bala əhəmiyyət vermək yanlış nəticələr aparıb çıxarır. 700 ballıq sistem üzrə 280-dan aşağı bal 2 qiyməti hesab edilir”, – deyə qeyd etdi: “Bizim 0-100 bala fikir verməyimiz yuxarıda deyilən problemi pərdələyir. İllərdir deyirik ki, ölkədə təhsil siyasəti düzgün qurulmayıb və bu cür təhsil heç kəsə lazım deyil. Lakin heç kəs bunu nəzərə almır. Təbii ki, təhsildəki fəsadlar da 11 illik perioddan sonra özünü göstərir. Yaxın gələcəkdə də problemlərin düzəlməsinə ümid yoxdur. Təhsil Nazirliyi açıqlama verib ki, repetitor hazırlığı aradan qaldırılacaq. Maraqlıdır ki, necə, hansı yolla və nazirlikdə bunu necə təsəvvür edirlər? Müəllimə 150 manat maaş verib iş tələb etmək və ya repetitor fəaliyyət çəkindirmək mümkündür? Görəsən bu cür qərarlar verənlər harada yaşayırlar, həyat şərtlərini, insanların maddi çətinlikləri və ehtiyaclarından xəbərdardırlarmı? Fərz edək ki, hakimiyyət insafa gələrək oğurladığı büdcə pullarından istifadə edərək müəllimlərin maşlarını 150 manatdan 300 manat qaldırdı. Yəni 100% maaşlar artırdı. Sizcə 300 manata müəllim ailəsini saxlaya bilərmi? Əlbəttə ki, yox. Belə bir vəziyyətdə müəllimdən nə qədər fədakarlıq tələb etmək olar.”
Vurğun bəy onu da bildirdi ki, verilən vədlər və sözlər yalnız hakimiyyətin ömrünü uzadılmasına xidmət edir: “Deyilən sözlər və verilən vədlər bir şeydir, real həyat və verilən vədlər isə tamam başqa bir şey. Açıqlama verirlər ki, təhsildən və səhiyyədən rüşvəti yığışdıracağıq. Bunların hamısı uşaq nağıllarıdır. Həkimə 170 manat maaş verib ondan xəstədən pul almamağa tələb etmək sadəcə olaraq gözə kül üfürməkdir. Təbii ki, biz hamımız da bilirik ki bu yalandır. Eyni halda bu yalanlara ya sakitcə yanaşırıq, ya da ki, deyirik elə belə də olmalıdır.”
Sonda ekspert bildirdi ki, təhsildəki problemlərin bir çox səbəbləri var: “Azərbaycanda hamı bilir ki, indiki müəllim ordusunun böyük bir hissəsi həm əxlaq, həm bilik, həm də ki, pedaqoji səviyyə baxımından müəllimliyə layiq deyil. Amma ölkədə heç kəs bu barədə düşünmür və həmin müəllimlər hər il orta məktəblərdə dərs deyərək 10-11 illiyin qurbanlarını hazırlayırlar.”