ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər
Prezident Əfv Sərəncamı imzaladı: Siyahıda siyasi məhbus kimi tanınan heç kimin adı yoxdur

Mayın 25-də Azərbaycan Prezidenti İlham Əliyev 154 məhbusu əfv edib.
Prezidentin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncama əsasən, 3 nəfər azadlıqdan məhrumetmə cəzasından azad edilib; 52 məhbusun cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb; 1 nəfər təxirə salınmış cəzadan, 28-i elektron qolbaqdan xilas olub. 3 nəfərin isə elektron qolbaq cəzası yarıya salınıb. İslah işlərinə məhkum edilmiş 2 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib.
Cərimə cəzasına məhkum edilmiş 4 nəfər cəzadan qurtulub, 1 nəfərin məhkumluğu üzərindən götürülüb.
Hüquq müdqafiəçilərinin dediyinə görə, əfv olunanlar arasında bir nəfər belə siyasi məhbus kimi tanınan şəxs yoxdur. Ölkənin hüquq müdafiə təşkilatlarının hesablamalarına görə, hazırda 300 nəfərədək insan siyasi məhbus həyatı yaşayır.
Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu “Turan”a bildirib ki, əfv sərəncamlarının imzalanması həmişə müsbət bir addımdır:
“Çünki həbsdə olan adamlar azadlığa buraxılır, öz doğmalarına qovuşur”.

Eyni zamanda, hüquq müdafiəçi qeyd edib ki, Əfv Sərəncamında barələrində məhkəmə qərarı olan jurnalistlərin adlarının olmadığına görə çox təəssüf edir:
“Həmçinin siyahımızda olanların heç biri əfvə düşmədi. Bu, çox təəssüfedicidir”.
N.Cəfəroğlu hesab edir ki, Əfv Komissiyasının tərkibində dəyişikliklər edilməlidir:
“Çünki həmin siyahıları komissiya tərtib edir. Mən hesab edirəm ki, jurnalist qurumlarının rəhbərləri və redaktorları, hüquq müdafiəçiləri Prezident İlham Əliyevlə görüşüb ona jurnalistlərlə bağlı vəziyyət barədə məlumat verməlidir”.
“Müdafiə Xətti” hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov da “Turan”a deyib ki, bir nəfər belə siyasi və vicdan məhbusu əfv olunmayıb.
“Çox təəssüf edirəm ki, son illər imzalanan əfv sərəcamları arasında yeganə haldır ki, bir siyasi məhbus belə sərəncamın hüquqi dairəsinə düşməyib. Bu, onu göstərir ki, Azərbaycan hakimiyyəti bütövlükdə hüquqi və siyasi açılımlara nəinki hazır deyil, heç iradə istəyi də yoxdur. Xüsusilə nəzərə alaq ki, son bir il ərzində beynəlxalq siyasi güc mərkəzləri, hüquq müdafiə təşkilatları, mötəbər hüquqi mexanizmlər, ABŞ-dan, Avropa Birliyindən, Avropa Şurasından insan haqlarının durumu, siyasi məhbusların vəziyyəti, onların azadlığa buraxılması ilə bağlı çox ciddi qərarlar, qətnamələr və çağırışlar var”, – o qeyd edib.
