ArxivXəbər lentiXəbərlər

Baş nazirin müavini olasan, öz ölkəndəki səhiyyə xidmətinə etibar etməyəsən…

Bənzərimiz çox olsa yaxşıdır

“İtim, gəl dur önümdə, gəl başına dönüm də,
Sən Pünhanın günündə, Pünhan da it günündə”

(Baba Pünhan)

Ermənistanda deputatxana seçkisində yerli hakimiyyətin xoşuna gəlməyənlər, müxalifətçilər uduzduruldu. Nə gizlədək, biz buna bir növ şad olduq. Çünki Ermənistanda demokratiyanın qalib gəlməsi onların hardasa bizdən qabağa keçməsi sayılardı. Qarabağın bizdən daha da uzaqlaşmasına xidmət edərdi. Ancaq bunlar bizim “cəhənnəmə gedən özünə yoldaş axtarar” məntiqimizdən doğub. Normal halda yaxşı olardı orda müxalifət deputatxanaya keçsin. Görün biz hansı gündəyik: qonşunun da bizim gündə olmasına sevinirik. Bizi bu hala gətirib çıxardıblar.

Dünən xəbərlərdə oxudum, baş nazirin müavini Abid Şərifovun səhhətində problem çıxıb, onu İsraildəki klinikaya aparıblar. Baş nazirin müavini olasan, öz nazirliyinə, öz ölkəndəki səhiyyə xidmətinə etibar etməyəsən… Bəs biz nə edək? Niyə bizi yerli xəstəxanada uzadıb sağ ayaq yerinə sol ayağımızı kəsməlidirlər, ancaq bizi idarə edənlər xarici ölkələrin səhiyyəsindən yararlanmalıdır? Xeyir ola?

Bakıda dövlətin pulu ilə bina təmir ediləndə jurnalist bunun niyə tenderlə olmadığını, vəsaitin hansı şirkətə, hansı məmura yaxın quruma köçürüldüyünü dəqiqləşdirmək istəyəndə Abid müəllim məşhur “Sənə nə var kimə vermişik? Alabalaya verilib” sözlərini demişdi. İndi maraqlıdır ki, Abid müəllimin İsraildə müalicə aldığı klinikanın adı “Rambam”dır. Bəlkə də rambam yəhudi dilində elə alabala deməkdir. Səslənişi çox yaxındır. Bir versiya da var ki, Abid müəllim özü İsraildə şəxsi klinika alacaq qədər pullu adamdır.

Nə biləsən… Çox alabula rejimdə yaşayırıq. Bir tərəfdə 200 manat üstündə 3 nəfərin başını kəsirlər, o biri tərəfdə isə “Ferrari” ötüşdürülür. Bir yanda kürü yaxmacı basılır, o biri yanda eşşək ətindən dönərə möhtac adamlar yaşayır. Azərbaycandakı ziddiyyətlərin necə dinc yanaşı yaşamasına baxsa Aristotel intihar edərdi.

Sözgəlişi, baş nazirin o biri müavini Əli Həsənov da bu yaxında demişdi ki, fərarilərə, əsgərlikdə olmayanlara qız verməsinlər, onlar elə həyatdan nakam köçsünlər. Həmin qərar yerinə yetirilsə, bəs hakimiyyətdə olanların öz övladları necə bir-biriylə ailə qurub quda olacaqdır? Sanki Əli müəllim oturduğu budağı baltalayırdı. Axı biz cəbhə xəttində qulluq edən, əsgərlik çəkən bir varlı-məmur-yapist balası da görməmişik. Nəinki yuxarı rəhbərlikdən, heç balaca kənd icra nümayəndəsinin övladlarından da cəbhə xəttinə düşən, vətən uğrunda qəhrəmancasına həlak olan bir şəxs görmürük. Kompüter seçirsə, niyə ancaq yetimləri, uçuq daxmalarda yaşayanları qaralayıb görəsən? Əcəb işdir. Bill Geyts də bizi sevmir.

Amerikalı astronavt qadın var, adı Peqqi Uitson-dur. Bu xanım kosmosa uçan ən yaşlı qadın olaraq (57 yaşındadır – bunun tayları parkda nəvə fırladır) rekord vurmuşdu, srağagün isə qadınlar arasında daha bir rekorda imza ataraq açıq kosmosda ümumən 8 saat qalmışdır.

İndi Peqqi xanımı dəvət eləmək lazımdır Azərbaycana, buyursun bizim hansısa küçədən gecə vaxtı demirəm, axşamlar təkcə keçsin görüm necə keçir. Əlli kişi söz atacaq, biri namussuz elan edəcək, başqası yiyəsiz. Açıq kosmosa nənəm də çıxar, orda kim adama ilişir ki? Azərbaycanda qadın taleyi yaşamaq NASA-da astronavt olmaqdan çətindir.

Sonda bir sevindirici xəbər var ki, Amerika prezidenti Tramp, sən demə, martın ortalarında Almaniyanın kansleri Angela Merkellə görüşərkən ona əllə salam veribmiş. Həmin vaxt bu tema ciddi müzakirə olunmuşdu, çünki Tramp fotojurnalistlərin “əl tutuşun” sözlərinə baxmayaraq Merkellə salamlaşaraq şəkil çəkdirməmişdi. Biz də dedik gör dünya nə kökə düşüb, artıq salam vermək ayıb sayılır. İndi Tramp deyir səhviniz var, mən həmin görüşdə Merkellə düz 5 dəfə əl görüşmüşəm. Şükür, ürəyimiz yerinə gəldi, planetin ciddi əllərdə olduğuna inandıq. Yoxsa fikirləşirdik hamısı Qafqazın gününə düşüb.

Hərçənd, niyə 5 dəfə? Bunun özü də şübhəlidir. Normal adam bir gündə uzağı iki dəfə əl görüşər. Bir salam, bir də sağ ol mənasında. Bu deyəsən Merkelin hər barmağına bir dəfə salam verib.

Z.Hacı/musavat

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button