Professor: Atatürk Əhli-Beytin nəslindəndir

BTP lideri Atatürkün İmam Əlinin soyundan gəldiyinə əmin olduğunu söyləyib.
Müstəqil Türkiyə Partiyasının (BTP) sədri, professor Heydər Baş maraqlı açıqlama ilə gündəmə gəlib. Belə ki, BTP lideri Antalyada həmpartiyalıları qarşısında çıxış edərək Türkiyə Cümhuriyyətinin qurucusu və ilk prezidenti Mustafa Kamal Atatürk haqqında maraqlı bəyanat verib.
OdaTV-nin verdiyi məlumata görə, Atatürkün həm ata, həm də ana tərəfdən Əhli-Beyt soyundan gəldiyini iddia edən H.Baş sözlərini tarixi sənədlə əsaslandırmağa çalışıb.
Cümhuriyyətin qurucusunun ən yaxın silahdaşlarından biri olduğu bilinən Mehmed Rıfat Əfəndinin nəvəsi Meriç Tumluərin sənədlərə əsaslanmış sözlərinə istinad edən BTP lideri Atatürkün İmam Əlinin soyundan gəldiyindən əmin olduğunu söyləyib.
“Rəvayətə görə, Sarı Saltuk peyğəmbər və Hacı Bektaş nəslindən olan türkmən bir ərdir. Bu ərin nəsil-şəcərəsi məlumdur. Atatürkün anası Zibeydə xanımın da yörük türkmənlərindən olduğu bilinir. Onun ailəsi Qaramanoğulları bəyliyinin süqutundan sonra 1466-cı ildə Balkan yarımadasında Osmanlı dövləti tərəfindən fəth edilmiş yerlərin türkləşdirilməsi məqsədilə köçürülmüş ailələrdən biridir”, – deyən Heydər Baş Atatürkün atası Əli Rza bəyin də kökünün Həzrəti Hüseyn nəslindən gəldiyini iddia edib.
Onun sözlərinə görə, müasir Türkiyənin qurucusunun əcdadları Balkan yarımadasında islamı yaymaq missiyasını həyata keçirmiş Əhli-Beyt soyu təmsilçiləri olublar.
Nəzərinizə çatdıraq ki, “Əhli-beyt” sözü lüğətdə “Ev əhli” mənasında işlənir. Lakin Peyğəmbərin (s) Əhli-beyti isə yalnız xüsusi şəxslərə aid edilir. Bu şəxslərin kimliyi haqqında Həzrəti Peyğəmbərdən (s) kifayət qədər hədis nəql olunmuşdur. Məsələn qeyd olunmuş hədislərin birində deyilir ki, Peyğəmbər (s) buyurmuşdur:
”Mənim Əhli-beytim Əli, Fatimə, onun iki övladı (Həsən və Hüseyn) və Hüseynin nəslindən olan doqquz nəfər əməlisaleh imamlardır. Onlar mənim itrətim, ətim və qanımdır” (“Kifayətül-əsər” və “Təfsiri-burhan”).