ArxivXəbər lentiXəbərlər

Prokuror Faiq Əmirliyə 4 il 6 ay həbs cəzası istədi VİDEO

Vergilər Nazirliyinin nümayəndəsi də 39 min manat

“Azadlıq” qəzetinin həbsdə olan yayım direktoru Faiq Əmirliyə 4 il 6 ay həbs cəzası istənilib. İyulun 19-da Səbail Rayon Məhkəməsində prokuror belə təklif irəli sürüb.
Prokurorun çıxışından əvvəl məhkəmədə Faiq Əmirlinin vəkilləri Aqil Layıcov və Fəxrəddin Mehdiyev ekspertiza keçirilməsi, bir sıra şəxslərin əlavə şahid qismində dindirilməsi barədə vəsatətlər qaldırıb.
“Burada dindirilən yayım firmalarının rəhbərləri də bildirdilər ki, qəzet nüsxələrinin satışından əldə olunan vəsaitin 35-40 faizi onlara çatıb. Amma “Azadlıq”la bağlı vergi hesablanarkən, nə bu məqam nəzərə alınıb, nə də qəzetin çap xərcləri. “Qasid” yayım firmasının “Azadlıq” qəzetinə 70 min manat borcu var. Xahiş edirik, bütün bu məsələlər araşdırılsın”, – vəkil Fəxrəddin Mehdiyevin sözləridir.
Vəkillər Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun, hazırda həbsdə olan AXCP üzvü Fuad Əhmədlinin də məhkəmədə dindirilməsi haqda vəsatət qaldırıblar.
“Eldar Sultanov yaydığı açıqlama ilə Faiq Əmirlinin təqsirsizlik prezumpsiyası hüququnu pozub. Fuad Əhmədli haqqında cinayət işində iddia olunur ki, guya onun evindən tapılan kağızda Faiq Əmirlinin telefon nömrəsinin qarşısında “İmam Faiq” yazılıb. Bu absurddur. Gəlsinlər, bu məsələləri aydınlaşdıraq”, – vəkillər vəsatəti belə əsaslandırıblar.
Vəsatətlərin heç biri təmin olunmayıb.
Daha sonra vəkillər işə baxan hakim Aytən Əliyevaya etirazlarını dilə gətiriblər. Etiraz da qəbul edilməyib.
Ardınca sənədlərin tədqiqi mərhələsi başlanıb və Faiq Əmirlinin maşınından tapıldığı iddia olunan disklərə baxış keçirilib. Həmin disklərdə Fethullah Gülen-in ideyalarından ibarət səs yazıları olduğu iddia edilir. İttihama görə, Faiq Əmirli o disklərdəki materialları yaymalıydı.
Vəkillər o disklərin sübutlar siyahısından çıxarılmasını istəyərək bildiriblər ki, həmin disklərin Faiq Əmirliyə aidiyyəti yoxdur. Üstəlik, disklər çox keyfiyyətsizdir, orada deyilənlər anlaşılmır.
Bu vəsatət də təmin olunmayıb.
Sonra prokuror çıxış edərək, ittihamların məhkəmədə sübuta yetirildiyini bildirib və Faiq Əmirlinin 4 il 6 ay azadlıqdan məhrum olunmasını təklif edib. Prokurorun çıxışından sonra Vergilər Nazirliyinin nümayəndəsi də mövqeyini bildirib. O, prokurorun 4 il 6 ay təklifinə 39 min cərimənin də əlavə olunmasını istəyib.
Faiq Əmirlinin vəkilləri isə çıxış üçün vaxt istəyib. Hakim mümkün qədər qısa vaxt verəcəyini bildirib.
Məhkəmə iyulun 24-də saat 11.00-da vəkillərin çıxışı ilə davam edəcək.
F.Əmirli ötən il avqustun 20-də saxlanıb. O, əvvəlcə Cinayət Məcəlləsinin 168.1-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsdetmə) və 283.2.2-ci (milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunurdu. Daha sonra ona yeni ittihamlar irəli sürülüb.
F.Əmirliyə verilən bəzi ittihamlar məhkəməsiöncəsi geri götürülüb. O, indi CM-in 213.1 (xeyli miqdarda vergidən yayınma) və 283.2.2 (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət, düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir. Bu ittihamlarla ona 5 ilədək həbs cəzası verilə bilər.
AXCP partiya sədrinin köməkçisi olan F.Əmirlinin həbsini siyasi sifariş sayır.
F.Əmirlinin həbsindən sonra «Azadlıq» qəzetinin çapı dayanıb və qəzetin bəzi əməkdaşları prokurorluğa çağırılaraq ifadə veriblər. (azadliq.org)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button