Qəbristanlıqda pul qazanan Azərbaycan alimi…

“Elmlər namizədiyəm. Ancaq verdikləri 3-5 manat əmək haqqı ailəmin və mənim dolanışığıma yetmir. Məcburiyyətdən əlavə işlərlə məşğul oluram. Uşaqlıqdan Quran dərslərinə marağım olub. Ərəbcə yazıb-oxumağı öyrənmişəm. Bu gün acından ölməmək üçün burdayam. Gündə 2-3 yasin oxuyub ailəmi dolandırıram”, – Yasamal qəbristanlığındakı molla Hacı Əlinin sözləridir.
O, Elmlər Akademiyasından aldığı 180 manatlıq əmək haqqı ilə dolana bilmir. Odur ki, mollalıq etməklə dolandırır ailəsini. O, söhbət zamanı bir gün öncə televiziyaların yayımladığı Masazır qəbristanlığındakı olaya da toxundu. Hacı Əli belə bir şeyin ola biləcəyinə inanmaq istəmir. Doğurdanmı Bakıda qəbir yerləri pulla satılır? Və ya ailəsinə xəbər vermədən kiminsə qəbrini satmaq mümkündür?
Mollalar Masazır olayına inanmaq istəmir.
Yeni Müsavat” qəzetinin 15 avqust sayında yazılıb ki, iki il öncə Masazır qəbristanlığında dəfn olunan Qarogöz Quliyevanın yaxınları məzarını ziyarət edəndə başqa qəbirlə rastlaşıblar. Sonradan məlum olub ki, Masazır kənd bələdiyyəsinin sədri Siyanfər Əliyev tərəfindən mərhuma məxsus başdaşı dağıdılıb, məzarın üzəri isə daş lövhələrlə üzlənərək məzar yeri kimi imkanlı bir iş adamına satılıb. Bələdiyyə sədri xəbəri təkzib etsə də, mərhumun yaxınları yuxarı instansiyalara üz tutmaq fikrindədilər.
“Camaat bilmir ölüsünü harada basdırsın”
Yasamal qəbristanlığının əslən Maştağadan olan mollası İlqar da mətbuatda gedən yazılardan xəbərdardır. Ancaq o, Bakıda bu cür addım atılacağına inanmaq istəmir: “Bu müsəlmançılığa ziddir. Doğru addım atmayıblar. Ən azı məzar sahibinin yaxınlarından halallıq alınmalı idi. Mən özüm neçə illərdir ki, Yasamal qəbristanlığında işləyirəm. Özü də hər gün Maştağadan gəlib-gedirəm. Ancaq nə kəndimizdə, nə də bu qəbristanlıqda yerlərin satılması haqqında heç nə eşitməmişəm. Qaldı ki, içində cəsəd olan qəbrin satılması ola. Düzdü, qəzetlər əksini yazır. Mən də bir neçə dəfə Bakının bəzi bölgələrində qəbir yerlərinin satılması ilə bağlı xəbərlər oxumuşam. Ancaq buna inanmaq istəmirəm. Əminliklə deyim ki, Maşdağada qəbir yeri satılmır. Çünki satılmağa yer yoxdur. Qəbristanlıqlar aşıb-daşır.Camaat bilmir ölüsünü harada basdırsın”
Maştağa qəbristanlığında yer olmaması mətbuatın gündəmindədi. Ancaq problemlə bağlı Sabunçu Rayon İcra Hakimiyyətinin Maştağa qəsəbəsi üzrə nümayəndəsi Zülfüqar Cəfərov mətbuata açılamasında yer qıtlığının olmadığını söyləyib:“Qəbiristanlıqlarda kifayət qədər yer var. Hazırda, yer qıtlığı yoxdur. Ancaq əhali artır. Haradasa 2-3 ilə belə problem yarana bilər. Onda da yer ayrılacaq”.
Hacı Əli: “Daha vacib problemlər var”
Hacı Əli isə ümumiyyətlə, mətbuatın belə mövzulara toxunmasını istəmir. Onun fikrincə, daha vacib problemlər var: “Gedin istənilən bir evin qapısını döyüb soruşun xanım nə qədər təqaüd alırsan, necə yaşayırsan? Həmin adamı çıxarın efirə. Yaşlı professorlarımızın əksəriyyəti ayaqları dolaşa-dolaşa çörək pulu qazanmaq üçün məcburiyyətdən gəlirlər akademiyaya. Mən də daxil olmaqla, cəmi, 180 manat təqaüd alırlar. ABŞ-da akademiyanın fəxri, akademik seçilən adam gəlib Bakıda acından ölür. Odur ki, hərə bir yerdə fəhləlik edib başını dolandırır. Elə mənim kimi. Səhərdən gəlirəm qəbristanlığa, ta hava qaralana kimi burda oluram. Nədi ki, 1-2 nəfər üçün yasin oxuyub ailəmin çörəkpulusunu qazanacağam. Əksər mollalar əllərinə süpürgə alıb qəbirlərin üstünü süpürürlər ki, bəlkə sahibi gəlib 3-5 manat yardım edər. Nə deyim, bu dəqiqə heç kimin vəziyyəti yaxşı deyil”.
“Briqadirləri bilir harda qəbir var, neçəyədi…”
Hacı Əli qəbir yerlərinin pulnan satılmasına da aydınlıq gətirdi. O, bu cür şeyləri daha yaxşı qəbristanlıq briqadirlərinin biləcəyini söylədi: “Bu dəqiqə bütün qəbristanlıq briqadirləri bilirlər harda qəbir var, neçəyədi. Biz bilmərik satırlar, yoxsa yox. Çünki sırf bu qəbristanlıqda yer satılmır. Dolub. Kim vaxtında yer tutubmu deyim, alıbmı deyim, ancaq onlar gəlib gedirlər. Ölüləri olanda köhnə qəbirlərin yanında, ya da içində basdırırlar. Ancaq yeni qəbirlər üçün yer almaq mümkün deyil”.
bizimyolinfo.com