Milli Şuranın Tiflis toplantısının bəyanatı

Məlum olduğu kimi, Milli Şuranın bir sıra təmsilçiləri, təşkilaın sədri Rüstəm İbrahimbəyovla görüşmək üçün Tiflisə gedib. Dünən, 30 iyulda Tiflisin Vera Palace otelində 6 saat sürən iclas olub. Müxbirimiz Aygün Muradxanlı həmin iclasın getdiyi otelde gözləyib və onun yekunları barədə xəbər hazırlayır. İndi onun göndərdiyi Milli Şuranın Tiflis sammitinin qəbul etdiyi bəyanatı diqqətinizə çatdrırıq. Qeyd edək ki, toplantı sabah 12-dən etibarən davam etdiriləcək.
****
“ Hörmətli xanımlar və cənablar!
2013-cü il Azərbaycan xalqının dinc yolla azad seçkilər keçirməsi və demokratiyaya qovuşması üçün axırıncı şansdır. Biz bu şansı itirməmək üçün daxildə bütün demokratik qüvvələrinin birliyinə – Milli Şuranın yaradılmasına və qarşıdan gələn prezident seçkilərində vahid namizədlə istirak etmək qərarı vermiş, azad və ədalətli seçkilərin keçirilməsinə dəstək vermələri üçün ABŞ, AB və beynəlxalq təşkilatlara müraciətlər etmişik. İyulun əvvəlində Bakıya gələn ABŞ konqresmenləri prezident İ.Əliyevin qarşısında MŞ-nin vahid namizədinin seçkilərində iştirak etməsinə mane olmamaq məsələsini qaldırıblar və onlar belə bir maneçiliyin olmayacağı vədini alıblar.
16 iyul 2013-cu ildə ABŞ Konqresinin Helsinki komissiyasında Azərbaycanda insan haqlarının vəziyyəti məsələsi müzakirə olunanda isə ABŞ dövlət təşkilatlarınin nümayəndələri və ekspertlər seçkilərin legitim olması üçün Azərbaycan hakimiyyətinin R.İbrahimbəyova seçkilərdə iştirak etməsi üçün şəraitin yaradılmasını əsas məsələ kimi qeyd ediblər.
Seçkidə güclü rəqibinin iştirakından qorxuya düşən hakimiyyət seçkiləri asan saxtalaşdırmaq üçün birincisi, ATƏT və Avropa Parlamentini müşahidə üçün seçkilərə dəvət etməyib.
İkincisi, R.İbrahimbəyovun əleyhinə qondarma “cinayət’’ işi formalaşdırır. Bu məqsədlə onunla birgə kino sənətində çalışanları intensiv şəkildə istintaqa çağırırlar, onları korrupsiya və rüşvətdə günahlandırmağa çalışır və bunların R.İbrahimbəyov tərəfindən təşkil olunduğunu bəyan etmək istəyirlər. Əlbəttə, Azərbaycanda bu qondarma cinayət işinə inanan bir nəfər də tapılmaz. Ancaq, hakimiyyət R. İbrahimbəyovu Bakıya gələrkən qondarma cinayət işindən istifadə edib həbs etmək və seçkilərə buraxmamaq istəyir.
Azğınlaşmış hakimiyyət dünyanın azı 20 ölkəsində əsərləri tamaşaya qoyulan, ən tanınmış və Oskar mükafatına layiq görülmüş kinoların prodüsseri, ssenaristi və rejissoru olan 74 yaşlı bir işıqlı ziyalını seçkiləri saxtalaşdırmaq naminə zindana atmaq istəyir. Biz ümid edirik ki, ABŞ Konqresi və höküməti, BMT, AŞ, ATƏT, AP kimi nüfuzlu beynəlxalq və regional təşkilatlar buna yol vermək niyyətində olmayan xalqın yanında olacaq və Azərbaycan hökumətindən verdiyi sözə əməl etməyi qətiyyətlə tələb edəcək”.
Sənəddəki qeyd: Bəyanat 30 iyul 2013-cü ildə Tiflis şəhərində qəbul olunub.Hakimiyyətin R.İbrahimbəyovu həbs etməsinə şərait yaratmamaq üçün bu iclas Bakıda deyil, Tiflisdə keçirilib.