Qadin və hicabXəbərlər

Qanunlarımıza hicabofobiya ilə “riayət edənlər”

Təhsilimiz axsayır: şagirdlərimiz 65 ölkə arasında sondan ikincidir.

Hər bir dövlətin inkişafı həm də onun təhsil sisteminin doğru-düzgün qurulmasıyla şərtlənir. Təhsilimizin axsaması ölkə KİV-lərinin az qala hər gün gündəmə gətirdiyi məsələlərdəndir. Həm də bu, məktəblərdə yalnız süpürgəpulu, yaxud “şirinliklə” bağlı deyil. Hamıya məlum faktdır ki, yuxarı siniflərdə oxuyan şagirdlərimizin əlavə hazırlıq keçmədən ali məktəblərə daxil olması az qala mümkünsüzdür. Şagirdlərimizin təhsili məsələsi böhran içindədir və bu, son günlərdə açıqlanan hesabatda bir daha öz əksini tapdı: Azərbaycanlı şagirdlər oxumaq bacarığına görə 65 ölkə arasında sondan ikincidirlər.
Bu günlərdə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının təhsillə bağlı açıqladığı hesabatında belə deyilir.
Hesabatı hazırlamaq üçün 65 ölkədən 470 minə yaxın 15 yaşlı şagirdlər arasında test aparılıb.
Azərbaycanlı şagirdlər oxumaq bacarığına görə, bu siyahıda 362 balla axırdan ikinci sırada qərarlaşıb və ancaq Qırğızıstanı qabaqlayır.
Amma görünür təhsilimizin belə acınacaqlı vəziyyəti bu sahəyə nəzarət edən dairələrimizi bir o qədər də narahat etmir. Belə ki, təhsil nazirliyinin hazırda atdığı addımlar tamamilə başqa yönə – məktəbli qızların başörtüsü ilə dərslərə girməməsinə yönəlib. Xeyli vaxtdır bir çox məktəblərdə hicablı qızlar dərsə buraxılmır. Buna etiraz olaraq, İnsan Hüquqları Günü – 10 dekabrda nazirliyin qarşısında bir qrup inanclı vətəndaş, o cümlədən çoxlu sayda xanım və məktəbli qızlar aksiyası keçirdi.
Elə həmin gün Azərbaycanın təhsil naziri Misir Mərdanov dindarların məktəblərdə hicabın qadağan olunmasına qarşı keçirdiyi bu aksiyaya fikir bildirdi. Lent.az-a eksklüziv açıqlama verən M.Mərdanov söyləyib ki, “bu, Misir Mərdanovun məsələsi deyil. Azərbaycan Respublikasının Milli Məclisi qanun qəbul edib. Hər bir vətəndaşın da borcudur ki, həmin qanuna əməl etsin. Biz də öz növbəmizdə bu qanunlarımıza riayət edirik. Qanunun 14.10-cu maddəsində göstərilib ki, təhsil müəssisələrində geyim formaları həmin müəssisənin daxili nizamnaməsi əsasında müəyyən olunur”.
Beləliklə, nazir bu qadağanın ona aid olmadığını izhar etdi.
Xatırladaq ki, bu açıqlamasından cəmi 2 gün əvvəl nazir ANS-ə eksklüziv müsahibəsində açıq şəkildə bəyan etmişdi ki, “Azərbaycanda din dövlətdən ayrı fəaliyyət göstərir. Və biz belə fikirləşirik ki, məktəb yaşlı uşağın, yəni 16 yaşa qədər uşağın başını bağlaması dünyəviliklə bir araya gəlmir. Ona görə, onların hicablı məktəbə gəlməsinə biz qadağa qoymuşuq”. Həmin müsahibədə indi söylədiklərindən fəqrli olaraq, “biz qadağa qoymuşuq” deyən nazir bu dəfə qadağa ünvanını dəqiqləşdirdi – Qanunun 14.10-cu maddəsi.
Əlbəttə, sözügedən maddədə başörtüyünün qadağan olmasına dair heç nə yoxdur. Olsaydı, zatən, bu Qanun qüvvəyə minəndən hicab qadağası işə düşərdi. Nə oldu, belə çıxır ki, indiyədək Qanun məktəblərimizdə işləməyib?
Bəs “Təhsil haqqında” Qanunun 14.10-cu maddəsində söhbət nədən gedir? Tanış olaq:
“Azərbaycan Respublikasında bütün təhsil müəssisələrində təhsilalanların geyim fоrmaları təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir.”.
Vəssalam! Təhsil müəssisələrinin nizamnamələrində isə başörtüyünə qadağa yoxdur. Qızlar müəyyən edilmiş məktəbli formasını geyirlərsə, deməli bu qanuna riayət edirlər. Hicablı qızlar isə hamı kimi, forma giyinirlər. Belə isə, nə problem?
Bir məsələyə də nəzər yetirək. Qanunda nəzərdə tutulan “təhsil müəssisəsinin nizamnaməsi” kim tərəfindən və hansı kriteriyalarla qəbul edilir? Məlumdur ki, reallıqda bu nizamnamə təhsil idarəsindən gələn formatda məktəblər tərəfindən “təsdiqlənir” və burada nə şagirdlərin, nə də valideynlərin zərrə qədər də fikirləri nəzərə alınmır. Halbuki nazirin söz açdığı Qanunun “Valideynlərin və ya digər qanuni nümayəndələrin hüquq və vəzifələri” adlanan 34-cü maddəsində valideynlərin hüquqları sırasında açıqca deyilir: “təhsilalanların hüquqlarını müdafiə etmək, təhsil müəssisəsinin idarə olunmasında iştirak etmək”.
Nə nizamnamə, nə də başqa məsələlərlə bağlı əfsuslar olsun ki, valideynlərin fikir və mülahizələri nəzərə alınmır. Belə bir mexanizm də mövcud deyil. Elə başörtüyünün qadağan olunması haqqında müddəanın mövcud olmadığı kimi.
Nazir Qanundan danışdı. Bu Qanun hicablı təhsilalanların haqqını tanıyır. Nizamnamədə də belə bir qadağa yoxdur. Belə isə… Bəlkə təhsil nazirliyi məktəblərimizdə təhsilalanların başlarının çölünə yox, içərisinə diqqət yetirsinlər. Zənnimizcə, o halda yuxarıdakı hesabatda axırdan 2-ci olmazdıq. Heç etiraz aksiyası da olmazdı. İnanclı vətəndaşlarımızın ailələrində indiki qanqaralıq da olmazdı. Heç bu yazı da…

yenisharq.az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button