ArxivmədəniyyatSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Azərbaycan və İran Milli kitabxanaları arasında əməkdaşlıq müzakirə olunub

Fevralın 8-də İranın ölkəmizdəki səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Q.Əli Purmərcan Milli Kitabxanada olub.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, direktor, professor Kərim Tahirov qonaqları salamlayaraq onların Azərbaycan Milli Kitabxanasında olmasından məmnunluğunu qeyd edərək hər iki ölkənin milli kitabxanaları arasında qarşılıqlı əməkdaşlıqdan danışıb və Azərbaycanla İran Milli kitabxanaları arasında bağlanmış əməkdaşlıq haqqında memorandumun yenilənməsinə ehtiyac olduğunu vurğulayıb.

Söhbət zamanı Q.Əli Purmərcan iki qardaş xalqın Milli kitabxanaları arasındakı mövcud əlaqələri daha da möhkəmləndirməyin əhəmiyyətini qeyd edib. Bildirib ki, iki ölkə arasında olan əməkdaşlığı inkişaf etdirmək, birgə yeni layihə və tədbirlər keçirmək əsas məqsədlərdən biridir. Bu ilin “Nizami Gəncəvi İli” olmasını qiymətləndirərək Nizami haqqında yeni kitabların nəşr edilməsini, eləcə də iki ölkə kitabxanalarında olan ədəbiyyatlar üzrə sərgi keçirilməsinin vacibliyini vurğulayıb. Bildirib ki, Nizami Gəncəvinin “Xosrov və Şirin” əsəri tərcümə olunaraq nəşr edilib. Həmçinin “Yeddi gözəl” əsərinin də tərcümə olunduğunu və bu yaxınlarda nəşr ediləcəyini söyləyib. Sonra Q.Əli. Purmərcan onlayn kitab layihəsinin əhəmiyyətindən bəhs edərək ölkələr arasında beynəlxalq kitab mübadiləsinin əhəmiyyətindən, eləcə də kitabların elektronlaşdırılmasından danışıb.

Görüş zamanı Kərim Tahirov qeyd edib ki, pandemiya dövründə Milli Kitabxana oxuculara onlayn formada xidmət göstərib, bu dövr ərzində kitabxana 2,8 milyondan çox oxucuya məhz elektron kitablar vasitəsilə xidmət göstərib. Qeyd edib ki, Nizami Gəncəvi Azərbaycanın, eləcə də bütün bəşəriyyətin dahi mütəfəkkir şəxsiyyətlərindəndir. Bu ilin “Nizami Gəncəvi İli” kimi qeyd olunmasının əhəmiyyətindən bəhs edərək Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə layihəsi üzrə keçirilən “Nizami Gəncəvi İli”nin açılış tədbiri, sərgidə nümayiş olunan kitablar barədə qonaqlara məlumat verib. Həmçinin vurğulayıb ki, Mədəniyyət Nazirliyi və Milli Kitabxana milli-mənəvi dəyərlərimizin hamisi və təəssübkeşi olan Heydər Əliyev Fondunun və onun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə artıq iki ildir “Milli-mənəvi dəyərlərimizin Vətənə qayıdışı” layihəsi çərçivəsində dünyanın milli kitabxanalarında və muzeylərində mühafizə edilən Azərbaycan ədəbiyyatının klassiklərinə mənsub olan qiymətli əlyazmalarının müəyyən olunaraq onların elektron və kağız nüsxələrinin Milli Kitabxanaya gətirilməsi layihəsini həyata keçirir. Son iki ildə bu layihə çərçivəsində Türkiyə, Pakistan, Hindistan və digər ölkələrdən 58 ədəd əlyazmanın surətlərinin Milli Kitabxanaya gətirilməsi təmin olunub ki, bunların içərisində Nəsiminin, Nizaminin də əlyazmaları yer alıb. Bu layihə çərçivəsində İran Milli Kitabxanası ilə əlaqələrin möhkəmləndirilməsi məqsədilə Nizami əlyazmalarının surətlərinin Milli Kitabxanaya gətirilməsi haqqında fikir mübadiləsi aparılıb. Kərim Tahirov ötən illərdə keçirilən Bakı Beynəlxalq Kitab Sərgi Yarmarkası çərçivəsində İran Milli Kitabxanasının sərgidə iştirakından və orada 500-ə yaxın ədəbiyyatın nümayiş olunduğunu vurğulayıb.

K.Tahirov, həmçinin Azərbaycan və İran Milli kitabxanaları arasında beynəlxalq kitab mübadiləsi işinin də gücləndirilməsinə böyük ehtiyac olduğunu qonağın diqqətinə çatdırıb.

Görüşün sonunda qonaqlara kitablar hədiyyə olunub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button