Qarabağda baş tutan 4 günlük aprel müharibəsinin nəticələri müzakirə edildi

Qarabağ Azadlıq Təşkilatının təşəbbüsü ilə keçirilən tədbirdə öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib
Akif Nağı: “Aprel döyüşləri Azərbaycan ordusunun gücünü göstərdi. Hər kəsin, o cümlədən düşmənlərin də etiraf etdiyi bir güc göstərildi”
Hacı İlqar İbrahimoğlu: “Qarabağ münaqişəsi həm mənəviyyat, həm də iman məsələsidir”
Hacı İlham Əliyev: “4 günlük müharibədə sübut etdik ki, əgər şəhidpərvərlik ruhiyyəsi ilə Azərbaycan xalqına meydana atılmaq imkanı verilsə, heç kəsdən dəstək almadan öz torpaqlarımızı azad edə bilərik”
Rövşən Əhmədli: “Azərbaycanın ərazi bütövlüyü müzakirə mövzusu deyil və mübahisə obyekti də ola bilməz”
Növrəstə İbrahimova: “Torpaqlarımızı işğaldan azad etməyin yolu qəlbimizin dərinliyində itaət və ibadət etdiyimiz, heç nəyə bənzəməyən Allahdan və onun lütfündən asılıdır”
Qarabağ qaziləri, zabitlər, tanınmış ziyalı və ictimai xadimlər, siyasi analitiklər, ilahiyyatçı alimlər Beynəlxalq Mətbuat Mərkəzində bir araya gələrək “İslam dünyası və Qarabağ: yeni çağırışlar” mövzusunda dəyirmi masa keçirib. Qarabağ Azadlıq Təşkilatının təşəbbüsü ilə keçirilən tədbirdə öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Ardınca şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş nitqi ilə Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı açıb. Tədbirin keçirilməsinin məqsəd və məramları haqqında məlumat verib. Akif Nağı bildirib ki, aprel döyüşləri bir sıra nəticələrin çıxarılması üçün vacib oldu. QAT sədri aprel döyüşlərinin nəticələrini qısaca olaraq belə xarakterizə edib: “Aprel döyüşləri Azərbaycan ordusunun gücünü göstərdi. Hər kəsin, o cümlədən düşmənlərin də etiraf etdiyi bir güc göstərildi. Bu çox vacib məsələdir. İkincisi aprel
döyüşləri Azərbaycan cəmiyyətinin müharibəyə hazır olduğunu nümayiş etdirdi. Bu döyüşlər xalqımızın torpaq və vətən naminə şəhidlik zirvəsinə ucalmağa hazır olduğunu göstərdi. Üçüncü məqam ondan ibarətdir ki, cəmiyyətdə əhval ruhiyyənin yüksək səviyyədə olduğunu görə bildik. Azərbaycan cəmiyyətində siyasi əqidəsindən asılı olmayaraq hər kəs Qarabağ naminə eyni hədəfə vurmağı bacardı. Eyni zamanda döyüşlər bizim həqiqi müttəfiqlərimizi və Azərbaycanın haqlı mövqeyini dəstəkləməyənləri aşkara çıxardı. Biz gördük ki, beynəlxalq təşkilatlardan, Minsk Qrupundan, Qərb dövlətlərindən Qarabağ münaqişəsinin həllində obyektiv mövqe gözləməyə dəyməz. Son döyüşlərin nəticəsinə əsaslanaraq deyə bilərik ki, Qarabağ münaqişə yalnız müharibə yolu ilə həll edilə bilər. Bu mübarizədə isə Azərbaycan birmənalı olaraq İslam dövlətlərinə arxalanmalıdır”.
Daha sonra tədbirdə DEVAMM sədri, ilahiyyatçı-filosof Hacı İlqar İbrahimoğlu çıxış edib. O, mövzunun çox önəmli olduğuna diqqət çəkib. Dini camiənin içində bu mövzuda müzakirə edilən məsələlərə toxunub:
“Azərbaycan inanclısı üçün bir nömrəli mövzudur. Qarabağ məsələsinin həll olunmamış qalması, iman, mənəviyyat, din məsələsinə də mənfi təsir edir. Çünki torpağı işğal edilən bir xalqın mənəviyyatı, ləyaqəti və digər məsələləri sual altında olur. Ona görə də, Qarabağ münaqişəsi həm mənəviyyat, həm də iman məsələsidir. Aprel döyüşləri onu göstərdi ki, Azərbaycan insanının əhval-ruhiyyəsi çox yüksəkdir. Yeni gələn nəsilin ruhiyyəsi heç də öncəkindən aşağı deyil. Eyni zamanda hərbidə olan nizam-imtizam çox ali dərəcədədir. Mövzuya gəlincə isə düşünürəm ki, İslam ölkələrinin münaqişənin həllinə dəstəyi çox önəmlidir, lakin yetərincə deyil. Bizim gözləntilərimiz daha çoxdur. Hesab edirik ki, Qarabağ münaqişəsi işğal olunan digər müsəlman torpaqları ilə eynilik təşkil edir. Böyük İslam alimləri də çıxışlarında birmənalı olaraq Qarabağın İslam torpağı olmasını xatırladırlar. Torpaqların azad edilməsinə gəlincə isə bu yalnız hərb yolu ilə həyata keçirilməlidir”.
Ardınca tədbirdə çıxış etmək üçün söz AİP-in sədr əvəzi, ilahiyyatçı alim Hacı İlham Əliyevə verilib. O, ilk öncə Məbəs ( İslam peyğəmbərinə peyğəmbərlik verilən gün) günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edib. Belə gözəl mövzu ətrafında müzakirələrə dəvət üçün təşkilatçılara təşəkkürünü bildirib. Azərbaycan xalqının ilk növbədə müsəlman xalqı olduğunu deyən hacı İlham Əliyev çıxışında fikirləri bəzi mühüm məqamlara yönəldib: “Azərbaycan xalqının əsli İslam dini əsasında köklənib. Odur ki, biz bu baxışlarla torpaqlarımızı azad etmək üçün çalışmalıyıq. Lakin torpaqlarımızın azad edilməsi istiqamətində görülən işləri heç kəs qənaətbəxş saymayıb. Hər şey yalnız kağız üzərində qalıb. Lakin son 4 günlük müharibədə sübut etdik ki, əgər şəhidpərvərlik ruhiyyəsi ilə Azərbaycan xalqına meydana atılmaq imkanı verilsə, heç kəsdən dəstək almadan öz torpaqlarımızı azad edə bilərik. Apreldə baş verən 4 günlük döyüşlər bunu sübuta yetirdi. Bu döyüşlərlə Azərbaycanda yeni canlanma baş verdi. 20 illik sükuta son qoyuldu. Bu bizim İslam dininin əqidəsindən gələn düşüncə və ruhiyyənin təzahürü idi. Hər bir müharibəni müqəddəs edən əqidə və imandır. Biz cəmiyyətə və yeni nəsilə vətən uğrunda ölənin həqiqi mənada şəhid olduğunu və behişti qazandığını aşılaya bilsək, təbii ki, hər kəs vətənin müdafiəsinə qalxacaq. Vətəni sevirsənsə, onun müdafiəsini də bacarmalısan. Allah İslam dinini bütün bəşəriyyətə yollayıb. Biz bu gün Allaha şükr etməliyik ki, müsəlmanıq. Dinimizdə İmam Hüseyn (ə) kimi şəxsiyyətlər var. İmam Hüseyn (ə) kimi dininin, vətəninin, imanının qeyrətini çəkənlər var. Ona görə də, Azərbaycan bayrağının yanında İslam və İmam Hüseyn (ə) bayrağı mütləq dalğalanmalıdır. Əgər İslam bayrağı Azərbaycan bayrağının yanında dalğalansa biz mütləq Qarabağı işğaldan azad edəcəyik”.
Dəyirmi masa ətrafında söz alan Qarabağ Uğrunda İslami Müqavimət hərəkatının rəhbəri Rövşən Əhmədli Məbəs Günü münasibəti ilə müsəlmanları təbrik edib və torpaqlarımızın azadlığı uğrunda şəhid olan oğullarımıza Allahdan rəhmət diləyib. Rövşən Əhmədli bu cür tədbirlərin çox yaxın vaxtlarda Qarabağda təşkil ediləcəyinə inandığını bildirib: “ Qarabağ məsələsi münaqişə deyil. Bizim heç bir mübahisəli məsələmiz yoxdur ki, münaqişəyə çevrilsin. Təcavüzkar Ermənistan böyük güclərin iştirakı və təhriki ilə işğal etdiyi Azərbaycan torpaqlarından tam çıxarsa, o zaman danışıqlar predmetinə başlamaq olar. Azərbaycanın ərazi bütövlüyü müzakirə mövzusu deyil və mübahisə obyekti də ola bilməz”.
Daha sonra tədbirdə AİP Qadınlar Şurasının sədri Növrəstə İbrahimovaçıxış edib. O, bütün müsbət əməllər pak vücudunda cəmlənən əvəzolunmaz şəxsiyyət Həzrəti Məhəmməd (s) peyğəmbərin mübarək günü münasibəti ilə bütün Allahsevərləri, Əhli-beyt aşiqlərini və dünya müsəlmanlarını təbrik edib: “İslam bütün dinlərin axırıncısı və heç bir nöqsanları olmayan qanunlara malik dindir. Elə bir mövzu yoxdur ki, İslam dini onu həll edə bilməsin. Bir kəs öz ev-eşiyinə, mal-mülkünə sahib çıxmayandan sonra, qonşusundan, yaxınından ummaq ən rəzil xüsusiyyətdir. Qarabağı azad etmək üçün məsələnin kökünə nüfuz olunmalıdır. Ermənilərin kimin əlində əlverişli silah olduğunu hər kəs gözəl bilir. Torpaqlarımızı işğaldan azad etməyin yolu qəlbimizin dərinliyində itaət və ibadət etdiyimiz, heç nəyə bənzəməyən Allahdan və onun lütfündən asılıdır”.