Göz yaşı, ağlamaq Quranda məqbul sayılır

Şübhələrə cavab
Göz yaşı, ağlamaq Quranda məqbul sayılır
Bidət kimi dəyərləndirilən əməllərdən biri də ağlamaq, göz yaşıdır. Quran-i Kərimdə göz yaşı, ağlamaq təqdir edilir, yoxsa məzəmmət olunur?
Cavab olaraq deyə bilərik ki, Quran-i Kərimdə bir çox ayələrdə ağlamaq – “buka” təqdir olunur. Quranda göz yaşı, ağlamaq, qəm-qüssə ilə bağlı bəzi ayələri nəzərdən keçirək.
Ağlar gözə işarə edilən ayələrdən biri Tövbə surəsinin 82-ci ayəsidir: “Qazandıqlarının (günahların) cəzası olaraq az gülüb çox ağlasınlar!” Təbii ki, Allah-Taala göz yaşını məqbul saymasaydı ayədə insanlar ağlamağa təşviq edilməzdi.
Allah-Taala öz peyğəmbərlərini Məryəm surəsinin 58-ci ayəsində belə mədh edir: “Bunlar Adəmin və Nuhla gəmiyə mindirdiyimiz adamların nəslindən, İbrahimin, İsrailin nəslindən seçib haqq yola yönəltdiyimiz və Allahın nemət bəxş etdiyi peyğəmbərlərdəndir. Onlar Rəhmanın (Allahın) ayələri oxunduğu zaman ağlayaraq səcdəyə qapanırdılar… “
Allah-Taala elm nemətindən bəhrələnənlər haqqında İsra surəsinin 109-cu ayəsində buyurur: “Onlar üzü üstə səcdəyə qapanıb ağlayar, (Qurandakı öyüd-nəsihət isə) onların (Allaha) itaətini daha da artırar.”
Maidə surəsinin 83-cü ayəsində Allah ayə nazil olan zaman möminləri belə vəsf edir:”Peyğəmbərə nazil olanı dinlədikləri zaman haqqı bildikləri üçün onların gözlərinin yaşla dolduğunu görürsən.” Bəli, möminlərin ruhən təsirlənməsi məzəmmət yox, mədh edilir. Ağlamaq insanın müsbət səciyyəsi kimi qeyd olunur.
Vəhabilərin “bidət” sözünün mənasında yanılması faktdır.
Bu sözün lüğət mənasına nəzər saldıqda görürük ki, bidət bir yenilik görən kimi ona damğa vurmaq mənasında deyil. Bir əməlin bidət sayılması üçün müəyyən şərtlər ödənməlidir. Həzrət Peyğəmbər (s) buyurur: “Hər bir bidət azğınlıqdır.” (Səhihi-Muslim, c.3,səh.11; Musnədi-Əhməd, c.3, səh.310) Bəziləri bu hədisi əsas götürərək qarşılarına çıxan yeniliyi bidət adlandırır. Amma bu rəvayət hər əməlin bidət sayılmasına əsas vermir. Şəri vəzifə meyar təyin etmək yox, hökmü bəyan etməkdir. Bir fərd və ya qrupun şəxsi fikir əsasında bidət saydığı əməl digər məktəbdə dini müqəddəslik və ya sünnə sayıla bilər.