Bakıda Azərbaycan – İran Dövlət Komissiyasının 15-ci iclası keçirilib

Martın 11-də Bakıda Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və İran İslam Respublikasının yollar və şəhərsalma naziri Rüstəm Qasiminin həmsədrliyi və hər iki ölkənin aidiyyəti qurumlarının səlahiyyətli nümayəndələrinin iştirakı ilə Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 15-ci iclası keçirilib.
Dövlət Komissiyasının iclasında iki ölkə arasında əlaqələrin dostluq, mehriban qonşuluq və ortaq mənəvi dəyərlər üzərində qurulduğu bildirilib.
İclasda Azərbaycanla İran arasında qarşılıqlı faydalı əməkdaşlığın müxtəlif sahələrdə daha da genişləndirilməsi perspektivləri müzakirə olundu.
Həmçinin, Astaraçay üzərində yeni avtomobil və piyada yolu körpüsünün, Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisi, digər birgə layihələrin icra vəziyyəti, həmçinin gündəlikdə duran məsələlərə dair geniş fikir mübadiləsi aparıldı.
Eyni zamanda, tərəflər arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb.
Memorandumun məqsədi Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə İran İslam Respublikasının ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası arasında yeni dəmir yolu, avtomobil yolu əlaqəsinin, eləcə də rabitə və enerji təminatı xətlərinin yaradılmasından ibarətdir. Bu məqsədə nail olmaq üçün Araz çayı üzərində iki avtomobil (piyada keçidi ilə) və iki dəmir yolu olmaqla ümumilikdə dörd körpünün, eləcə də rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulur.
Sonda Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 15-ci iclasının Protokolu imzalandı.