Azərbaycan ordusu düşmən səngərinə zərbə endirdi, iki erməni əsgəri öldü

Noyabrın 12-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttində mövqelərimizə basqın etməyə cəhd göstərib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Silahlı Qüvvələrimizin bölmələrinin əvvəlcədən düşməni aşkar etməsi, görülən qabaqlayıcı tədbirlər və qarşı tərəfə vurulan atəş zərbəsindən sonra işğalçılar geri çəkilməyə məcbur edilib.
İlkin məlumata görə, düşmənin diversiya qrupunun 2 üzvü öldürülüb və xeyli sayda yaralıları var.
Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib, əməliyyat şəraiti tam nəzarətimiz altındadır.
* * *
11:20
Az əvvəl qondarma “DQR müdafiə nazirliyi” təmas xəttinin cənub istiqamətində ötən gecə baş vermiş döyüşlərə dair məlumat yayıb.
Məlumata əsasən noyabrın 12-də axşam saat 21 radələrində qoşunların təmas xəttində yerləşən erməni mövqelərinə endirilmiş zərbə nəticəsində iki erməni əsgəri-Vaqe Vardqesoviç Vanoyan və Mikael Arakeloviç Torosyan həlak olublar.
Azərbaycan Müdafiə Nazirliyi düşmənin itkilərini şərh etmir, ancaq nazirliyin atəşkəs rejiminin pozulmasına dair bu günə olan xronikasında deyilir ki, düşmən təmas xəttinin bir çox istiqamətlərində silahlı qüvvələrimizin mövqelərini atəşə tutub.Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 112 dəfə atəş zərbəsi endirib.