Qadin və hicab
İSLAMI QƏBUL EDƏN QADINLAR

SİLMA İHRAM
O, 30 ildən çoxdur ki, İslam dinini qəbul edib. 6 övladı var. Qərbdə İslam təhsilinin qurucularından olub. 2007-ci ildə dövlət seçkilərində Avstraliyalı Demokratlar Partiyasından namizədliyini irəli sürüb.
Orta təbəqədən sayılan aqnostik bir ailədə dünyaya gələn Frensiz Anna Byumont ali təhsilini Kroydonda Presviterian Xanımlar Kollecində alıb. Onun tərbiyəsinə təsir edən Presviterianlara (İngiltərə və Amerikada protestant məzhəbinin tərəfdarları) və metodistlərə zidd olaraq sonralar onu ruhlandıran vəftizmin tərəfdarı olur. Kilsəyə gedərək vəftizm nəzəriyyəsini öyrənir və Uşaqlara Xüsusi Xidmət Missiyası (UXXM) ilə bağlı missionerlik işində iştirak edir.
1976-cı ildə İndoneziyaya səyahəti zamanı öz istəyi ilə İslam dinini qəbul edir və adını dəyişərək Silma İhram qoyur. Onun ardınca İordaniyalı katolik olan həyat yoldaşı da bu dini qəbul edir. Sonralar Sidney Universitetinə qayıdır, İndoneziya və Tarix sahəsində bakalavr dərəcəsini alır.
1980-ci ilin əvvəllərində Silma İhram və sonra 1979-cu ildə əsasını qoyduğu ilk Müsəlman Qadın Mağazası və Mərkəzinin direktoru xanımın qızlarını qeydiyyata salmaq üçün köhnə məktəbinə – Sidneydə Presviterian xanımlar kollecinə müraciət edir. Qızları müsəlman olduqları üçün və eyni zamanda hicablı geyimlərinə görə məktəbə qəbul etmirlər. Bu səbəbdən və həmçinin Yeni Cənub-Qərb ölkələrində müsəlman məktəbinin çatışmazlığı ucbatından İhram Cənub-Qərbi Sidneydə öz müstəqil məktəbini qurmaq qərarına gəlir. Beləcə, Qrinakrda “Ən-Nuri” adlı müsəlman ibtidai məktəbinin əsasını qoyur. Məktəb şuradan icazə almadığına görə dövlət qeydiyyatına düşə bilmir və buna görə də 4 ildə 9 dəfə yerini dəyişməli olur. Bu cür problemlər bu günə qədər də İhram məktəblərinin “taleyinə” daxildir.
Xanım İhram Bankstaun şurasını rəsmi icazə üçün 2 dəfə məcbur etdikdən sonra 1987-ci ildə 105 uşağın daxil olduğu məktəb tikildi. Məktəbin şüarı olan “Yaxşı müsəlman yaxşı avstraliyalı meydana gətirər”, – sözləri güclü etirazlara səbəb oldu. Məktəbin Müsəlman Birliyi təşkilatından cüzi yardım alması bu mübarizəni daha da şiddətləndirir və mediada problem yaradır. (“O zamankı müsəlman birliyi olduqca zəif, özünü doğrultmayan, müasirliyə cavab verməyən bir birlik idi və inkişafa ehtiyacı vardı”, – bu sözlər Siddiq Bakliyə aiddir) Silma xanım həyat yoldaşı Siddiq Bakli ilə birgə öz məktəbini lazımi qədər təchizatla təmin etmək uğrunda mübarizə aparır. Ən çox yardım fərdi ailələrdən gəldi. Hətta məktəbin bağlanmaması üçün bir ana öz evini satmağa belə razı oldu. Bütün çətinliklərə baxmayaraq, Sidneydə müsəlman təhsili öz dayaq nöqtəsini tapdı. 1992-ci ildə İhram yenidən universitetə qayıdaraq məktəbin işlərinə yardım məqsədilə Yeni Cənub-qərb Universitetində idarəçilik təhsilində ali dərəcəsini tamamladı.
“Ən-Nuri” məktəbi az sonra özünə müsbət mövqe qazanır. Belə ki, məktəbin tələbələri xanım İhramın müdafiəsi altında Küveytdə girov saxlanılan avstraliyalı pilotun azad edilməsi üçün parlament üzvlərini “yola gətirdi.” Baklinin sözlərinə görə Avstraliyada müsəlmanlar ilk dəfə idi ki, patriot, vətənpərvər, vətəni sevən, saf ürəkli müsəlman olaraq tanınırdı.
Silma İhram ali məktəb tələbələri üçün 2-ci bir məktəb – “Nur əl-Huda” (“Yol göstərən işıq” mənasını verir) İslam Kollecini açdı. Məktəb Bankstaun Aeroportu yaxınlığında icarəyə götürülən bir ərazidə təsis edildi və 720 tələbədən ibarət idi. Federal Aeroport Şirkətlər Qrupu ilə yaranan problemlərə görə (belə ki bu şirkət ərazinin çirklənmiş və yararsız olduğunu bilərək icarəyə vermişdir) məktəb yerini dəyişməli oldu. Silma xanım uzun müddət Aeroport Şirkəti ilə mübarizə apardı. 2006-cı ildə xanım İhramın məktəbini qoruyub saxlamaq və eyni zamanda ailəsinin iqtisadi vəziyyətini təmin etmək uğrunda apardığı mübarizəsi Sidney Film Festivalında səhnələşdirilən “Silmanın məktəbi” adlı sənədli film də ayaqüstə qarşılandı, gurultulu alqışlara səbəb oldu.
Məktəb hal-hazırda Avstraliya Beynəlxalq Akademiyası adı ilə tanınır və Silma xanım təhsil üzrə məsləhətçi və Müxtəlif Bacarıqlar üzrə təlim-direktorudur. 2011-ci ilə qədər Silma İhram Avstraliya Müsəlman Qadınlar Birliyinin vitse-prezidenti olub. Hal-hazırda orada Layihə Rəhbəri və təhsil ərazilərində Təhsil və Müsəlman Birliyi Əlaqələri üzrə məsləhətçidir. Tez-tez avstraliyalı müsəlmanlar irqçilik, təhsillə bağlı forum və debatlarda çıxış edir, media nümayəndələrinə müsahibələr verir, dövri mətbuatda tez-tez çıxış edirlər. Bir çox mükafatlara layiq görülüb, 2 kitabın müəllifidir. Onun sözlərinə görə Qərbdə qadınlar öz azadlığına çatıb, lakin kişilər hələ də buna üstün gəlirlər. Qadınlar öz yazıları və elmi bilikləri ilə rəhbər vəzifələr tutmağa, öz mövqelərini möhkəmlətməyə çalışırlar. Onlar müsəlman cəmiyyətində öz fikirlərini açıq şəkildə ucadan səsləndirə bilir, lakin hələlik bu birliklərdə platforma qazanmaq və konstruktiv düşünən qadın səsi toplamaq çətindir.
İNQRİD MATSON
“Doğru yol tutan yalnız özünə xeyir, haqq yoldan azan da ancaq özünə zərər edər. …” (“İsra”; 15)
Ontarioda Vaterlo Universitetində təhsil almış İnqrid Matson fəlsəfə və təsviri incəsənət elminə yiyələnmiş və katolik olaraq böyümüşdür. O, hələ kollecdə təhsil aldığı zaman Parisə gedir və orada olarkən Seneqallı müsəlmanların haqqını müdafiə edir. Artıq bir ildən sonra Matson İslamı qəbul edərək hicab geyinir.
O, 1987-ci ildə Pakistana səyahət edir və bir il əfqan köçkünləri ilə birlikdə işləyir. Orada misirli mühəndis Amer Ətək adlı könüllü bir əsgərlə ailə həyatı qurur. Xanım Matson hal-hazırda Hartford Seminariyasında İslami Tədqiqat və Xristian-Müsəlman Əlaqələri üzrə professordur. 2001-ci ildə ŞAİC-in (Şimali Amerika İslam Cəmiyyətinin) vitse prezidenti seçilir və 2006-cı ildə təşkilatın ilk qadın prezidenti elan olunur.
O, söhbətlərin birində İslamı necə qəbul etdiyini belə izah edir: “Fəlsəfə və təsviri incəsənətdə təhsilimi tamamladıqdan sonra qaranlıq sinif otaqlarında saatlarla professorlarımın projektorla divarda əks etdirdiyi qərb incəsənətinin nümunələrinə baxırdım. Universitetin kitabxanasından incəsənətin tarixi barədə kitablar toplayırdım. Monreal, Çikaqo, Torontoda incəsənət muzeylərinə gedirdim. Mən vizual incəsənətdə nə axtarırdım? Deyə bilərəm ki, sevdiyim soyuq və qaranlıq katolik kilsəsində uşaq ikən hiss etdiyim bəzi üstün məqamları. Mən ali məktəbdə oxuyarkən Allaha olan inam hissini tamamilə itirmişdim və din haqqında, demək olar ki, düşünmürdüm. İncəsənət məhsuldar bir sahə idi, işin sonunda nəticə əldə edirdin.Lakin sonda bu sənətdən ayrılma duyğusu məni bürüdü. Sözsüz ki, incəsənətlə məşğul olan sənətkarların nailiyyətinə qarşı məndə hər zaman alqış duyğusu var idi. Amma nə zaman ki öz daxilimdə gözəllik duyğusu alovlanırdısa dərhal sönürdü. Bu duyğu yenidən fəaliyyətə başlamaq üçün heç bir əsas vermirdi.
Sonra mən böyük insanlarla, Allahı tanıyan gözəl xanımlarla rastlaşdım, hansı ki onlar öz rəhbərlərinin, ideallarının surətini təsvir etmədən onlara pərəstiş edir və onların yolu ilə gedirdilər.
Həyat yoldaşım bir dəfə mənə özünün çox hörmət etdiyi bir qadının intellektindən, alicənablığı və xeyirxahlığından danışdı. Həmin qadın bir çox uşaqlara ənənəvi və müasir elmləri öyrətməklə məşğul idi. O qadının qaçqın düşərgələrinə, yetimxanalara böyük canfəşanlıqla çətin səfərlər təşkil edərək maddi yardım göstərməyi təqdirəlayiq idi. Onun tez-tez digər qadınlarla bölüşdüyü dini biliklərindən hörmətlə bəhs edirdi. Nəhayət, bir gün o qadını gördüm və çox heyrətləndim. O, başdan ayağa qədər örtülü geyimdə idi. Mənim yoldaşım heç vaxt onun üzünü görməmişdir. Lakin onu əməllərindən, ayrı-ayrı insanlara bəxş etdiyi müsbət təsirdən dolayı yaxşı tanıyırdı. Biz səhv düşünürük ki, bir insanı zahirən görmək onu tanımaq, bilmək deməkdir. İslam mədəniyyəti adi və ya məsum insanları unutmamaq və yüksək tutmaq üçün zahiri görünüşü mühüm saymır. Bu məntiqlə yanaşsaq, Allah insanların zahiri gözləri ilə görünən varlıq deyil. Lakin həqiqi göz-bəsirət gözü ilə görən insanlar Onu, Öz yaradıcı qüvvəsinin kainatdakı təsirindən tanıya bilər. Quran-kərimdə buyurulduğu kimi: “Məgər onlar başları üstündə göydə qanadlarını açıb-yuman quşları görmürlərmi? Onları (göydə) ancaq Rəhman (olan Allah) saxlayır. Həqiqətən, O, hər şeyi görəndır!” (“Mülk”; 19)
Əgər Allah yaratdıgı məxluqlardan üstündürsə, insanın Onu təsvir etməsi mümkün deyil və insan Allahı yalnız Onun 99 ismi ilə “təsvir” edə bilər ki, bu adlar Allahın kainatda idarə etdiyi işləridir. Məsələn, Mərhəmətli, Bağışlayan, Müdrik və s.
Müsəlmanlar nəinki Allahı, hətta Onun göndərdiyi elçilərin də şəkillərini təsvir etmədən tərif edirlər.
Peyğəmbərin (s) bütün insanlara nümunə olan həyatı şifahi və yazılı şəkildə gələcək nəsillərə ötürülmüşdür. Onun həyat xronologiyası, xütbələri və davranışları daha çox hədis elmində toplanmışdır və eyni zamanda müqəddəs kitabda – Quranda onun haqqında bir çox ayələr var. “Həqiqətən, Allahın Rəsulu sizin üçün, Allaha, qiyamət gününə ümid bəsləyənlər və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!” (Əhzab”; 21)
Peyğəmbərin (s) yolu ilə gedən əshabələr onun nəinki ibadət üsuluna, şəxsi gigiyenasından tutmuş uşaqlarla, qonşularla ünsiyyətinə, münasibətinə də diqqət edir və hər bir sahədə onun kimi olmağa səy göstərirdilər. Hər təbəqədən və cinsdən olan həqiqi müsəlmanlar onu öz həyatında örnək olaraq öyrənməyə və tərənnüm etməyə çalışırlar. Doğrudur, çox təəssüf edirəm ki, Peyğəmbərin (s) mülayımliyi və qəzəbi, and içməyə qarşı nifrəti, qadınlarla alicənab rəftarı kimi keyfiyyətləri bəzi müsəlman cəmiyyətinə az təsir edb, lakin onun zahiri görünüşü, yəni səliqəsini, qonaqpərvərliyi və səxavətini bir sıra müsəlmanlarda görmək olar. Əlbəttə ki, Peyğəmbərin (s) Sünnəsini tam olaraq yaşaya bilməzlər, çünki o, bəşəriyyətdə ən gözəl, ən ideal əxlaqa sahib bir şəxsiyyət idi.
Mənim ilk dəfə Qərbi Afrika tələbələri ilə görüş zamanı müsəlmanlara qarşı mənim diqqətimi çəkən onların Peyğəmbərin (s) Sünnəsinin bir çox tərəflərini təmsil edən gözəl xüsusiyyətləri – bir-birilə azacıq yeməklərini belə paylaşması, alicənablıq, səxavət və səmimiyyət nümayiş etdirməsi oldu. Sonralar da eyni keyfiyyətlərin şahidi oldum. Kosovadakı hücumlar zamanı məcburi köçkünlər olan evlərdə alban müsəlmanlarının məruzələri olurdu və orada bir nəfər şəxs kiçik evində toplanmış 20 nəfər üçün usanmadan gündəlik yemək hazırlayırdı.
Mən yoldaşımla Pakistanda ailə quranda qaçqın fəhlələri kimi bizim də çox pulumuz yox idi. Toydan bir neçə gün sonra qaçqın düşərgəsinə qayıtdıqda Əfqan qadınları çox səmimi şəkildə yoldaşımın toyda bağışladığı geyim, qızıl qolbaq, buyunbağı və üzükləri onlara göstərməyi məndən xahiş etdilər. Mən isə onlara sadə qızıl üzüyümü göstərdim və toy paltarımı isə borc aldığımı söylədim. Onların üzünü hörmətlə yanaşı bir kədər bürüdü. Növbəti həftə isti, narahat düşərgədə oturarkən evlərindən, ölkələrindən qovulmuş, uşaqlarını, ərlərini itirmiş, ailəsinə ərzaq almaq üçün əşyalarını satmaq məcburiyyətində qalmış qadınlar mənə toy hədiyyəsi olaraq geyim dəsti təqdim etdilər. Bu, mənim həyatımda ən gözəl, yadda qalan, qeyri-adi bir hədiyyə idi, çünki bu sadəcə toy hədiyyəsi deyildi, eyni zamanda ibrət alacağım bir dərs, iman və ixlasın ən şirin və təmiz meyvələrindən biri idi”.
İORDANİYA KRALİÇASI KVİN NUR
CNN telekanalına verdiyi müsahibədə Kvin Nur belə deyib: “Mən dünyada ən kasıb və konflikt yaranan ölkələrdə şahid olmuşam ki, fəqirlik, durğunluq və ətalətdən qurtulmağın səbəbkarı qadınlardır. Bombasız, gülləsiz, yəni həqiqi təhlükəsizliyin təmin olunmasına kömək edə bilən də məhz qadınlardır”.
Uzun illər Kral Hüseynin yoldaşı İslam cəmiyyətində səmimi, açıqsözlü və əzmkar bir qadın kimi tanınıb.
1974-cü ildə Kvin Nur Prinston Universitetinin ali kursunu şəhər planlaşdırma və memarlıq dərəcəsi ilə bitirib.
1978-ci ildə amerikalı-ərəb Liza Hələbi öz qərbsayağı həyatını geridə qoyaraq İslamı qəbul edir və İordaniyanın yaraşıqlı kralı Hüseynlə ailə həyatı qurur. Kral onu Kvin Nur əl-Hüseyn, yəni Hüseynin işığı adlandırırdı. Onların sevgi romanı 1999-cu il kralın vəfatına qədər davam edir.
Əlbəttə, xristianlıqdan İslama dönmək o qədər də asan iş deyildi. Kraliça Nurun sözlərinə görə uzun müddət Kral Hüseynin evlənmə təklifi üzərində düşünərək cavabını gecikdirirdi, çünki Kral Hüseyn “biz hər ikimiz həyatımızı paylaşırıq”, – deyərkən olduqca qərarlı bir addım atırdı.
Xanımın ərəb millətinin idarəedici üzvü olmaq qərarını Birləşmiş Ştatlarda və Ərəb-İsrail əlaqələri olan qərb ölkələrində bir çoxları qəlizləşdirirdi. Buna baxmayaraq o, evlilik qərarını qəbul edir və onun bu addımı İordaniya xalqı tərəfindən çox mehriban qarşılanır.
Amerika və Avropalı məruzəçilərin soruşduğu “əzilmiş və basqı altında olan cəmiyyətdə yaşamaq necə bir hissdir?” sualı onu ən çox təəssüfləndirən suallardan biridir, çünki o bilir ki, İslam məhz azadlıq və qurtuluş dinidir.
“İslamın prinsipləri dünyada düzgün və yaxşı tanınmır, çox vaxt kütləvi informasiya vasitələri tərəfindən siyasiləşdirilir və antihumanizm kimi təqdim olunur. Halbuki İslam savadlanmaq, pluralizm, təhsilin vacibliyi, elm və idrak haqqındadır. Onun ilk nəzəriyyəsi sosial ədalət, fundamental olaraq bizim bir-birimizlə yardımlaşma məsuliyyətimizdən ibarətdir. Xeyriyyəçiliyin zəruriliyi imanın təməl prinsiplərindəndir. Dul və yetimlərə yardım etmək, əldə etdiyi gəlirin müəyyən bir hissəsini çətin vəziyyətdə olan insanlara dəstək olmaq üçün sədəqə vermək və s.
O zamanlar qadın hüquqları bir inqilab idi. Müsəlman ölkələrinin müəyyən bölgələrində bu dəyərlər boğulsa da, nəzəriyyə gün kimi aydındır.
Təsdiq edirəm ki, neqativ stereotiplər mediada xəbərlərdən tutmuş məşhur əyləncə proqlamlarına qədər tərənnüm olunduğu üçün hələ də mövcuddur. Bu gün dövri mətbuat yaranan problemin ayrılmaz bir hissəsinə çevrilib. Buna görə də yeni, interaktiv və ənənəvi media problemin müəyyən tərəfdən həlli ola bilər.
Bizim humanist fikirlərimizi həyata keçirməyə mane olan dünyada hökm sürən nadanlıq, insafsızlıq və qorxudur. Bütün bunları aradan qaldırmaq üçün gənclər birlikdə çalışmalıdır. Onlar Allahın istəyi ilə bu arzunun gerçəkləşməsinə zəmin yarada bilər. Biz bir ailə kimi ünsiyyətdə olmaqla bir-birimizdən bilmədiklərimizi öyrənməli, bu problemləri həll etmək üçün qəti qərarla bir istiqamətdə çalışmalıyıq. Bizim ümumi birliyimizin olması hazırkı dövrdə daha vacibdir”.
Kraliçanın İordaniyada və ərəb dünyasındakı işləri təhsil sahəsində, insan hüquqları, müxtəlif mədəniyyətlərarası anlama ilə bağlı milli inkişafa ehtiyac olan ərazilərdə cəmlənib.
Hal-hazırda o, Ümumdünya Kolleclər (UWC) təşkilatının prezidentidir. O, eyni zamanda Kral Hüseyn və Beynəlxalq Kral Hüseyn fonduna sədrlik edir. Hər iki fond Kral Hüseynin mirası ilə təhsilin və rəhbərliyin yaxşılaşdırılması, sağlamlıq, qadınların hüquq və səlahiyyətləri, ətraf mühitin qorunması, mikromaliyyə, sosial inkişaf, müxtəlif mədəniyyətlərarası hörmət və anlayış və s. qabaqcıl proqramları həyata keçirmək üçün yaradılıb.
Kvin Nur İordaniyada SOS uşaq kəndlərinin hamisidir. İordaniya kraliçası həmçinin iki yüksək tirajlı kitabın müəllifidir.
QURAN NURUNA MƏĞLUB OLAN MİSSİONER RUHU
Bu gün hər hansı bir İslam düşməninə məşhur bir avropalının, yaxud təhsilli bir amerikanlının İslamı qəbul etdiyini söylədikdə çiyinlərini çəkərək: “Nə olsun, baxın görün Afrikanın müsəlman ölkələrində gündə nə qədər adam xristianlığı qəbul edir”, – deyər və hər zamankı kimi mövzunun yönünü dəyişər. Bu, bütün islamofobların, yəni bütün həyatlarını İslam prinsipləri ilə mübarizəyə həsr edən zavallıların ortaq fikirləridir. Onlarla heç vaxt mövzuya uyğun şəkildə, təəssübkeşliyə yol vermədən, sağlam arqumentlərə əsaslanaraq söhbət etmək mümkün olmur, çünki İslam haqqında dünya mediasından əldə etdikləri, yalan və iftira dolu məlumatlara əsaslanan xəstə düşüncələri, onlara burunlarından uzağı görməyə imkan vermir. Əgər imkan versəydi Avropada yüksək həyat şərtləri ilə böyüyən, təhsil alan, rahat və təmtəraqlı həyat tərzi keçirən və İslamı düşünərək qəbul edən insanları, ən adi yaşayış şərtlərindən məhrum olan və bir balaca xoş rəftar gördükləri üçün qərb missionerlərinə üz tutan afrikalılarla müqayisə etməzdi. Ən azı xristianlığın özü qədər qədim tarixi olan missionerlik yalnız iqtisadi böhran yaşayan ölkələrdə qurumlar yaratmaq, kitablar nəşr etmək və yaymaq, ingilis dilinin tədris edilməsi bəhanəsi ilə gənc nəsilləri öz sıralarına daxil etməklə kifayətlənmir, həm də ölkənin milli-mənəvi dəyərlərini, hətta maddi sərvətlərini də öz pəncəsinə keçirir. Bunun bariz nümunəsi yenə də Afrika ölkələri, onların on illərdən bəri sərvətləri mənimsənilən və özləri aclığa məhkum edilən xalqlarıdır. Yüz il əvvəl o ölkələrə əllərində İncillə gedən və “sizə təhsil, elm və texnika” gətirdik, – deyən o zamanın xristian missionerləri xidmət etdikləri dövlətlərin orduları üçün bu ölkələrə cığır açaraq yeraltı və yerüstü sərvətlərini ələ keçirdilər və torpaqların zəbt olunmasına yardım etdilər. Məzlum xalqı ac, səfil vəziyyətdə və əllərində İncil tutaraq buraxıb estafeti bugünkü missionerlərə verdilər. Bu günün missionerləri də eyni “şövqlə”, amma fərqli üsullarla əsrlərdən bəri davam edən və get-gedə təsirini gücləndirən İslam dəyərlərinə hücum etməyi davam etdirməkdədirlər. Amma Allah böyükdür.
Keçmiş missionerlərdən biri məhz müsəlman əqidəli insanların diqqətini cəlb etmək üçün dini təhsil alan və vəzifə sahibi, kanadalı keçmiş missioner Melissa Afanasios Kokkinis də yevangelizm deyilən yeni bir xristianlıq cərəyanının mənsublarından idi. Katoliklik, protestantizm, pravoslav kimi ənənəvi təriqətlərdən fərqli olaraq, yevangelizm daha geniş şəbəkəyə malikdir və yalnız İncil paylamaq, məktəb açmaqla kifayətlənmir. Bu təriqətin yayıcıları bütün dünya ölkələrində kök salırlar, çağırılmamış qonaq kimi dəvətsiz olaraq hər yerə gedirlər, “Yevangelizasiya” (Müjdəçilik), “qapıları döymə” adı altında, Melissa kimi gənc və gözəl qızlardan xüsusilə istifadə edərək küçə təbliğatı aparır, insanların fikirlərini azdırırlar. Belə vəzifələrdə çalışan Melissa da artıq məhəllə, şəhər çərçivəsində çalışmaqdan bezir və fəaliyyətini daha da “genişləndirmək” üçün virtual məkanlara üz tutur. İnsanları, xüsusilə də müsəlmanları öz dinlərindən ayırıb “şəxsi xilaskara – Məsihə” yönəltmək üçün internet forumlarında İslamı gözdən salan yazılar paylaşmağa, müsəlman istifadəçilərin “gözünü açmağa” çalışır. Elə bu zaman da gözləmədiyi sürprizlərlə qarşılaşır. “Sizin dininiz zalım dindir, peyğəmbəriniz də qəddardır”, – deyə müraciət etdiyi müsəlmanlardan elə əks-arqumentlər eşidir ki, İslamı yenidən araşdırmağa və Quran-kərimi daha diqqətlə oxumağa məcbur olur. Sonrası isə artıq sizlərə məlumdur. Həyatını keçmişdə İslamla mübarizəyə həsr edən Melissa Kokkinis bu gün həm doğma vətənində, həm də İslam dünyasının bir çox bölgələrində islami təhsil verən dərnəklər və məktəblər açır, kitablar nəşr etdirir, Uca Allahın göndərdiyi ən son və mütərəqqi dini təbliğ edir.
İslam sülh dini olmaqdan başqa, həm də bir dəvət dinidir. Bu dini bütövlükdə yaşayan hər bir müsəlman onun haqqında məlumatı olmayanları, media qurbanlarını bu dinin gözəllikləri ilə tanış etməkdən məmnun olduğunu dərk edir. Sidq-ürəkdən istəyərək ona yaxın olan insanları, dostlarını, qonşusunu bu dinə dəvət edir. İslam düşmənlərinin də formaca bənzər, amma mahiyyətcə əks fəaliyyətləri var ki, buna da anti-dəvət demək olar. Bu adamlar da öz yaxınlarını, dostlarını, qonşularını İslamdan uzaqlaşdırmaq üçün cidd-cəhdlə çalışırlar. Hətta bütün vaxtlarını, 24 saatlarını belə bu işə sərf edirlər. Amma arada bir fərq var ki, o da çox mühüm əhəmiyyətə malikdir. İslamdakı belə bir dəvət prinsipi insanın yalnız və yalnız qəlbinə ünvanlanmışdır. Başqa birini İslama dəvət edən müsəlman Allaha təvəkkül və dua edərək o insana vəyhi anladır, Quran işığında, Allah Peyğəmbərinin (s) gözəl əxlaqının örnəyi ilə onu imana çağırır. İman və hidayətin yalnız Allahdan olduğunu dərk edir. Anti-dəvət yolçularının hədəfində isə intellekt durur, “gözün görmədiyini” məntiqdən kənar bir şey kimi sübut etməyə çalışan bu adamlar yalnız korqəlbli insanlarla öz missiyalarını başa vura bilirlər. Qəlbi kor olan imandan məhrumdur və yalnız sahib olduqları çox cüzi bilik və məlumatla dar çərçivəli intellektləri ilə irəlidə olduqlarını zənn edirlər.
Çox təəssüf ki, bugünkü Azərbaycan cəmiyyəti də özlərini yüksək şüur sahibi, ağıl dəryası hesab edənlərlə doludur. Bu ağılları ilə nəinki hər hansı bir texniki nailiyyətə nail olan, hətta uşaqlarına vurma cədvəlini belə öyrədə bilməyən insanların çoxluq təşkil etdiyi bu cəmiyyətdə, təbii ki, hər növdə missioner təşkilatların fəaliyyəti üçün zəmin olacaqdır, çünki uzun illərdən bəri mövcud olan mənəvi boşluqlar, dinsizliyin yaratdığı mənəvi deqradasiyadan sonra zehinlərdə kök salan istehlak hərisliyi və pul düşkünü olmaq həssas gəncliyi özündən, keçmişindən ayırmışdır.
Hazırkı Azərbaycan mühitində istər səmavi dinlərdən, istərsə də, bütpərəst dinlərdən, zərdüştilikdən bəhaiçiliyə qədər, hətta bu dinlərin müxtəlif cərəyanlarının da dəyərlərini yayan müxtəlif təşkilatlar mövcuddur. Təəssüflə qeyd etmək lazımdır ki, qərb ölkələrindən, xüsusilə ABŞ-dan güc və maddi dəstək alan bu qurumlar öz fəaliyyətlərini uğurla həyata keçirə bilirlər. Lakin qeyd etdiyimiz kimi onların bu nailiyyətləri yalnız maddi dəstəyə görə deyil, həm də insanlarımızın İslam dəyərlərindən qəsdən uzaq tutulmalarına görə mümkün olur.
Belə bir sual meydana çıxa bilər: “Nə üçün missionerlik institutu İslamda yoxdur? 1500 illik tarix ərzində nəyə görə İslam missionerləri yaranmadı, dünyaya yayılmadı?”
Cavab aydındır: “İslamın Quran kimi kitabı var, bu kitab özü canlı missionerdir və ikiayaqlı missionerlərdən çox-çox güclü təsir gücünə malikdir. Bu kitabı ömründə heç olmasa, bir dəfə, həm də açıq qəlblə oxuyan hər bir adam bu təsiri hiss etmişdir. Bu təsiri hətta İslam düşmənləri də hiss etmişdir, ona görə də istər ölkəmizdəki, istərsə də bütün dünyadakı İslam əleyhdarları gecə-gündüz, hətta yuxularında da bu dini bitirməyə çalışırlar. Lakin hələ də anlamırlar ki, onların mənəvi əcdadları da bu dinlə çox mübarizə apardılar və sonda özləri tarixə gömüldülər. İslam isə olub, var və yaşayacaqdır”.
“Onlar Allahın nurunu (İslam dinini) batil sözləri ilə söndürmək istəyirlər. Allah isə, kafirlərin xoşuna gəlməsə də, ancaq Öz nurunu tamamlamaq istər” (“Tövbə”, 32).
Əliyy (hər şeydən yüksək, qüdrəti uca) və Əzim (böyük və ulu) olan Allah doğru söyləmişdir.