İranın prezidenti Həsən Ruhani Suriyanın ərazi bütövlüyünün qorunması məsələsində Türkiyə ilə həmfikir olduqlarını deyib.
Deyerler.org İRNA-ya istinadən xəbər verir ki, Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İranın prezidenti Həsən Ruhani təkbətək görüşdən və Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 5-ci İclasından sonra birgə mətbuat konfransı keçirib.
Burada danışan Ruhani, bugünkü görüşlərdə beynəlxalq və regional məsələlərin müzakirə olunduğunu bildirib.
Türkiyə və İran əlaqələrinin regionun sülh, sabitliyi və inkişafına töhfə verdiyini söyləyən Ruhani, heç bir ölkənin bu əlaqələrə zərər vura bilməyəcəyini vurğulayıb.
ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalara münasibət bildirən Ruhani, belə danışıb: “Ərdoğan və hökumətinə ABŞ-ın tətbiq etdiyi birtərəfli, qanunsuz və zalımcasına sanksiyaların qarşısında qəti və aydın rəftarları üçün təşəkkür edirəm. Bu bütün əxlaqa, ümumi maraqlara və beynəlxalq hüquqa ziddir. ABŞ-ın İrana qarşı tətbiq etdiyi bu akt 100% terrorçu bir aktdır”.
ABŞ-ın İrana qarşı sanksiyaları ölkələri, şirkətləri və tərəfdaşları qorxutduğunu bildirən Ruhani, BMT-nin 2231 saylı qərarının dünya ölkələrinin İranla ticarət aparmasını nəzərdə tutduğunu xatırladıb.
Bir neçə ölkənin ABŞ-a qoşularaq, BMT Təhlükəsizlik Şurasının qətnamələrini və beynəlxalq hüququ pozduğunu deyən Ruhani, dünyada zorakılıq dövrünün sona çatdığına inandığını bildirib.
Bugünkü Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 5-ci İclasında iki ölkənin ticarət əlaqələrinin inkişafının qarşısındakı maneələrin yığışdırılması ilə bankçılıq, sənaye, gömrük, nəqliyyat, energetika, turizm və mədəniyyət sahələrində əməkdaşlığın davam etdirilməsi istiqamətində qərar verildiyini söyləyən Ruhani, Türkiyə və İranın Asiyanı Avropaya, şərqi qərbə, şimalı cənuba bağlaya biləcəyini vurğulayıb.
İki ölkə əlaqələrinin bölgənin və beynəlxalq ticarətin xeyrinə olduğunu bildirən Ruhani, münasibətlərdə problem olan bütün sahələrdə də problemlərin aradan qaldırılması barədə qərar verildiyini deyib.
Görüşdə regional məsələləri də müzakirə etdiklərini deyən Ruhani, Suriya mövzusundakı Astana prosesində Türkiyə, İran və Rusiyanın yaxından əməkdaşlıq etdiyini bildirib.
Bu əməkdaşlığın davam etdirilməsinin qərara alındığını söyləyən Ruhani, üç ölkənin görüşərək növbəti toplantının da Rusiyada keçirilməsi məsələsində razılaşdığını deyib: “Suriya bizim üçün çox mühümdür. Suriyanın taleyi yalnız Suriya xalqı tərəfindən müəyyənləşdirilməlidir. Suriyanın ərazi bütövlüyünə hamı hörmət etməlidir və bu məsələdə biz iki ölkə tamamilə həmfikirik. Bu məsələdə regionda sülh və sabitliyin təmin olunması üçün əməkdaşlığımızı davam etdirəcəyik. Həmçinin Yəmən məsələsi ilə bağlı, Yəmən xalqının qarşılaşdığı çox ağır şərtlərlə bağlı olaraq, Yəməndə də sülh və sabitliyin təmin olunması üçün birlikdə qərarlaşdıq. Yəmənlilər arasında dialoqun təmin edilməsinə kömək etmək və Yəmən xalqına ediləcək humanitar yardımlar üçün iki ölkə müzakirə etdik. Bir-birimizə kömək edəcəyik”.