Rusiya Ermənistandakı ordusunu döyüşə hazır vəziyyətə gətirir

Rusiyanın cənub hərbi dairəsinin Ermənistandakı hərbi bazasındakı artilleriya bölüyü səhra hazırlıqlarına başlayıb. ANS PRESS-in erməni mətbuatına istinadla verdiyi məlumata görə, artıq bölük hündür dağlıq“Alagöz” poliqonunda 100 km-lik yürüş edib.
Bu poliqonda hərbi hazırlığın əsas xüsusiyyəti təbii şəraitin kəskin fərqlənməsidir.
Hərbi təlimlər bir ay davam edəcək. Bu müddət ərzində artilleriya qüvvələri özüyeriyən qaubitsa (qısalüləli ağır top) “Qvozdika”, reaktiv yaylım atəşi sistemləri “Qrad”, “Podnos” minaatanlarından və tankəleyhinə raket sistemi olan “Konkurs”dan istifadə qaydalarını öyrənəcəklər.
Təlim zamanı hərbçilər ümumi nizam-intizam üzrə 20-dən artıq, o cümlədən meteoroloji, ballistik hazırlıq, kəşfiyyat hazırlığı, hədəfin koordinatlarının müəyyən edilməsi üzrə normativlər yerinə yetirəcəklər. Onlar həmçinin müxtəlif tipli mərmilərdən istifadə etməklə hədəfə birbaşa və koordinatlarla atəş açmağı öyrənəcəklər.
Rusiyanın Ermənistandakı hərbi bazası Gümrüdə yerləşir. Son zamanlar Rusiya ilə Türkiyə arasında münasibətlərin gərginləşməsi fonunda bu baza gündəmdən düşmür desək, yanılmarıq. Son zamanlar Rusiyanın Gümrüdə yerləşən hərbi bazanı gücləndirməsi Ermənistanın özündə də birmənalı qarşılanmır. Erməni siyasi analitiklər Rusiyanın Ermənistanı özündən daha da asılı vəziyyətə salmasına dair həyəcan təbili çalırlar. Onların fikrincə, Rusiya Ermənistanı Türkiyə ilə savaş meydanına çevirə bilər.
Hələ bir neçə gün öncə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının(KTMT) katibi Nikolay Bordyuja bu baza haqqında açıqlama verib. O deyib ki, Rusiyanın Ermənistanda yerləşən 102-ci hərbi bazası Türkiyə ordusuna müqavimət göstərmək üçün deyil, regionda sabitliyi təmin etmək üçündür.
Rusiya-Türkiyə arasında gərgin vəziyyət və hərbi əməliyyatların başlayacağı təqdirdə KTMT-nin mövqeyindən danışan Bordyuja qeyd edib ki, bu haqda proqnoz vermək istəmir. “Ümid edirəm ki, bütün bu məsələlər siyasi hadisələrin gedişi nəticəsində həllini tapacaq. 102-ci hərbi bazanın potensialının qoyulan məsələlərin həlli üçün kifayət etdiyini hesab edirəm. Əgər o fəaliyyət göstərsə, əlbəttə ki, bu, region ölkələrinin rəhbərliyinin qəbul etdiyi tədbirlər planına əsasən baş verəcək. Ona görə gücün artırılması üçün lüzum görmürəm”.