Müasir dünyada və Azərbaycanda “həqiqi İslam” necə aradan aparılır?

Haqqın alternativi (əvəzedicisi, yumşaq versiyası), haqqı zəiflədərək münafiqliyə – ikiüzlülüyə yaxınlaşdırar. Beləliklə, tədricən haqq aradan gedər. Peyğəmbərimiz (s) dünyasını dəyişdikdən sonra “haqqın əvəzedicisi” anlayışı ortaya çıxdı. Halbuki Qədir Xum adlı məkanda haqq davamçısının kim olduğu açıq-aşkar deyilmişdi.
Əfsus ki, buna riayət olunmadı. Şeytan (l.ə) qəlbi xəstə olanlara sirayət etdi və nəfslərini qabartdı, müsəlmanlar parçalandı, fikir ayrılığı toxumu səpildi, haqqın əvəzediciləri meydana çıxdı. Beləliklə, müsəlmanlar özləri də fərqinə varmadan “Həqiqi İslam”ın aradan aparılmasının ən sadə üsulunun əsasını qoydular. Hansı ki, gələcək İslam, haqq düşmənləri də bu üsuldan ustalıqla istifadə edəcəkdi. Bu üsuldan hal-hazırda İslamın ən böyük düşmənləri, xüsusilə Amerika istifadə edir. Baxır, görür ki, bu İslam gündən-günə yayılır, müsəlmanların sayı çoxalır. Yəni İslamı açıq-aşkar tənqid və təhqir edə bilmir. Əgər etsə, hamı onu qınayacaq. Çünki İslam haqdır və insanın ağlına, fitrətinə tam uyğundur. Deməli bu hiylə işlətməlidir. Nə hiylə? Haqqın arxasında gizlənmiş batil hiyləsi. O hiylə ki, İslamın həqiqi mahiyyətini zəiflədir, hökmləri yumşaldır, xüsusilə ictimai hökmləri zəiflədir, haqqın əvəzedicisini ortaya qoyur, haqqı münafiqliyə yaxınlaşdırır və beləliklə, zahirdə İslam qalsa da, həqiqətdə İslamı aradan aparmış olur.
Bu minvalla da öz siyasətini yeridir. Nəticədə elə zahiri müsəlmanların öz əlləri ilə “Həqiqi İslam”ı aradan aparır. Çünki bu üsul çox əlverişli və rahatdır. Haqq düşmənləri nə istəyir? Bunlar istəyir ki, insanları istədikləri kimi idarə etsinlər. Özlərinə qul etsinlər. Öz mənfəətləri üçün kütləni işlətsinlər. Onlara etiraz edən, haqqını tələb edən olmasın. Xülasə, müasir quldarlıq qurluşu. Amma İslam, haqq bunlara mane olur. Çünki İslama görə insan yalnız Allahın (c.c) quludur, bəndənin yox. Allaha təslim olan şəxs – müsəlman öz haqqını tələb etməlidir, öz aralarında mehriban, düşmənə qarşı sərt olmalıdır.
Bəli, bu haqq məktəbi dünyapərəstlərin yolunda ən böyük əngəldir. Beləliklə, dünyada əbədi qalacaqlarını zənn edənlər hər vəchlə haqqın belini qırmağa çalışırlar. Ədalət, vicdan, qeyrət, namus, şəhadət, hüquq, şəxsiyyət, azadlıq kimi anlayışları məhv etməkdir niyyətləri.
Həzrət Əli ibn Əbu Talibə (ə) qarşı vuruşan zahiri müsəlmanlar
Peyğəmbərimiz (s) döyüşlərdə müşriklərlə döyüşürdüsə, Həzrət Əli (ə) zahiri müsəlmanlarla döyüşürdü. Həzrət Əlinin (ə) keçirdiyi Cəməl, Siffeyn və Nəhrivan döyüşlərindəki qoşun əsgərləri namaz qılan, oruc tutan zahiri müsəlmanlar idi. Amma kimə qarşı vuruşurdular? Əmirəlmöminin Əli ibn Əbu Talibə (ə) qarşı. Hansı ki, Peyğəmbərimiz (s) onun haqqında buyurmuşdur: “Əli (ə) haqq ilə, haqq da Əli (ə) ilədir”, “Əgər bütün dünya bir tərəfə, Əli (ə) başqa tərəfə getsə, Əlinin (ə) arxasınca gedin!” Gördüyünüz kimi İmam Əlinin (ə) dövründə də “Həqiqi İslam”-a qarşı müharibə gedirdi. Müaviyə ibn Əbu Sufyan (l.ə) haqqın arxasında gizlənən batil idi. Çünki haqqın nüfuzunu bilirdi və yalnız hiylə ilə, haqqın əvəzedicisini ortaya qoymaqla, haqqı zəiflətməklə, haqqı münafiqliyə yaxınlaşdırmaqla, zahirdə namaz qıla-qıla həqiqətdə İslama düşmən ola-ola öz məqsədinə çata bilərdi.
Seyyidüş-şühəda İmam Huseyni (ə) şəhid edən zahiri müsəlmanlar
İmam Huseynin (ə) dövründə də yuxarıdakılara bənzər hadisələr baş verdi. Müsəlman cildinə girmiş əyyaş, şərabxor Yezid ibn Müaviyə (l.ə) özünü müsəlmanların rəhbəri kimi təqdim edirdi. Bu vəziyyətə etiraz edən İmam Huseyn(ə)-nin əleyhinə “Huseyn (ə) dindən çıxıb və xəlifəyə qarşı gəlib. Onun qətli vacibdir” fətvası verildi dırnaqarası qazi tərəfindən. İmam Huseyni (ə) şəhid edənlər namaz qılanlar, zahiri müsəlmanlar idi.
Amma əfsus ki, onlar da aldanmışdı. Həqiqi İslamı tanıya bilməmişdilər.
Zəiflədilmiş İslamı təbliğ edən nurçuların türk liseyləri
Bu yaxınlarda Azərbaycanımızda fəaliyyəti qadağan olunan nurçu türk liseyləri də zəiflədilmiş, haqqın əvəzedicisini yəni Amerikan İslamını təbliğ edən bir şəbəkə idi. Zahirdə çox əxlaqlı, təvazökar, namaz qılan, oruc tutan nurçular özlərinin də xəbəri olmadan konteksdən çıxarılmış həqiqi İslama yəni ifrat tolerant, qırmızı xətləri demək olar ki, olmayan Amerikan İslamına xidmət edirlər.
İŞİD (l.ə) bir yeni İslamı İslamla vurmaq layihəsidir
İraqda ortaya çıxan İŞİD (l.ə) də əslində bir düşmən – Amerikan layihəsidir. Yenə də Həqiqi İslamı aradan aparmaq üçün ortaya atılan bir addımdır. Zahirdə müsəlmançılıq, həqiqətdə həqiqi İslamdan xəbərsizlikdir.
Azərbaycanımızda həqiqi İslam necə aradan aparılır?
Bir sıra din xadimləri və ruhanilər Azərbaycanımızda həqiqi İslamı təbliğ etmirlər.
Səbəblər müxtəlifdir. Amma onlar bilməlidirlər ki, sabah – Qiyamət günündə Allaha cavab verəcəklər. Haqqı, həqiqəti demədiklərinə görə haqq qanunları ilə məsuliyyətə cəlb olunacaqlar. Belələri də avtomatik olaraq, istər-istəməz İslamın həqiqətini konteksdən çıxarırlar və İslam düşmənlərinə xidmət edirlər. Yuxarıda da izah etdiyimiz kimi İslam düşmənlərinə müsəlmanlar arasında fikir ayrılığı toxumu kifayət edir. Onlar bu fikir ayrılığından istifadə edib öz işlərini ustalıqla görürlər. Xüsusilə, Məhərrəm-Səfər aylarında Kərbəla həqiqətləri diqqətə çatdırılmalıdır. Bu ruhanilərin üzərində olan məsuliyyətdir.
Kərbəla hadisəsinin zamanımızla uzlaşdırılması, İslam tarixinin hazırki dövrlərlə müqayisəli təhlili olduqca mühümdür. Azərbaycanımızda İslamın hökmləri ilə bağlı qoyulan hər hansı qadağalara yerində reaksiya verilməlidir. Yəni Azərbaycan Respublikasının idarəetmə forması dünyəvi-sekulyaristdir, amma xalq müsəlmandır. Son dövrlərdə yaşadığımız hicab qadağası, məscid qadağası etirazlara və mitinqlərə səbəb oldu. Bunun nəticəsində də neçə-neçə mömin qardaşımız məhbus həyatı yaşamaqdadır. Halbuki onlar heç bir cinayət əməli törətməmişdilər. Konstitusiyanın tələblərinə uyğun olaraq, öz hüquqlarını tələb edir və sərbəst toplaşmaq, fikir azadlığı hüququndan istifadə edirdilər. Əfsuslar olsun ki, onlara yalançı, saxta ittihamlar irəli sürülərək, uzun müddətli həbs həyatına məhkum edildilər.
…Azərbaycanda həqiqi İslamı təbliğ və müdafiə edən ruhanilərə dərin təşəkkürümü bildirirəm! Xüsusilə hazırda məhbus həyatı yaşayan Hacı Tale Bağırzadəyə və Hacı Abgül Süleymanova, həmçinin Hacı Zülfüqar Mikayılzadəyə Allahdan bərəkətli ömür diləyirəm!
islamazeri.az