Arxiv

Mən sənə neyləmişəm?

68

Ey yanımdan keçən , üzümə nifrətlə baxaraq yeyin addımlarla uzaqlaşmağa çalışan insan, mən də sənin kimiyəm. Mən də Allahın izniylə sənin kimi bu dünyaya göz açmışam. Sənin kimi iki əlim, iki ayağım var, sənin kimi məni də bir ana dünyaya gətirib. Mən də sənin kimi qığıldamışam, iməkləmişəm, yıxıla- yıxıla yeriməyi öyrənmişəm. Dilim sözlərə alışıb danışmışam, insanları “eşitməyi”, dinləməyi öyrənmişəm. Biz hər ikimiz eyni havanı udub, eyni məmləkətin torpağında yaşayırıq. Ortaq cəhətlərimiz çoxdu. Eyniliklərimiz olsa da, çox fərqliyik əslində.
Sən də isti ana qucağında böyümüsən, mən də. Amma mənim anam qışın soyuğunda küçədə donaraq isti qucağında böyüdüb məni.Buna baxmayaraq, ikimiz də böyümüşük sonucda.
Sən də böyümək üçün yemək yeyib su içmisən, mən də. Doğrusu , mən yaşamaq üçün yemişəm , təxmini məqsədimiz eyni olub. Amma bir fərqimiz var, mən sənin kimilərin artıq bildiyi, zibilə atdığı çörək qırıntıları ilə böyüyüb, çirkli sularla yanğımı söndürmüşəm.
Sən də Azərbaycan dilində danışırsan , mən də. Sənə bu dilin gözəlliklərini zorla, döyərək öyrədiblər, amma mən dilimizin incəliklərini parkda, skamyada oturaraq bir-biri ilə höcətləşən eynəkli “əmilərdən” öyrənmişəm. Gizlicə qulaq müsafirləri olmuşam.Fərq etməz, ikimizdə azdan-çoxdan bu dili bilirik .
Sən də bu həyatda sevinci, kədəri dadmısan , mən də. Sən ananla dükana gedəndə “istədiyini almadı”- deyə kədərlənib ağlamısan, atan səni qucağına alıb oynadanda sevinmisən. Mən də sevinc nədi bilirəm. Bir dəfə parkda- daşın üstündə oturanda balaca bir uşağın əlləri ilə tarazlığın qoruyaraq atasının qucağına getməsini görüb sevinmişəm, atalı uşaqların, uşaqlı ailələrin sevincinə sevinmişəm. Eyni anda kədərlənməyin nə olduğunu da hiss etmişəm, hər kəsin valideyni əlindən tutarkən mənim yanımda valideynim olmayıb heç vaxt.Mən də ağladığım olub, bacım dükanın vitrinindəki kuklanı istəyəndə “olmaz”-deyib ağlamışam. İkimiz də sevinc, kədər nədi duymuşuq.
Sən də parkda , metroda, avtobusda olmusan , mən də. Sən oralarda olarkən şəhərin gözəlliyindən zövq almısan, mən də. Eyni yərləri görmüşük, bəlkə də o yerlərdə dəfələrlə qarşılaşmışıq. Bəlkə də yaxınlarından çox məni görmüsən. Əslində heç “görməmisən”, görməməzlikdən gəlmisən.Hər ikimizin ayaq izləri var o yerlərdə.
Sən də insanlardan narazısan , mən də. İnsanlar sənin işlərinə baş qoşurlar deyə onlara hirslisən, mən də onlara hirsliyəm. Məni saymırlar, məni görmürlər, mənim işlərimə qarışmırlar, mən onlar üçün heçəm deyə hirsliyəm onlara.
Sən də bəzən həyatdan küsürsən , mən də. Səni sevgilin atır, imtahandan kəsilirsən, valideynin danlayır, dostların aldadır deyə küsürsən. Mən də bəzən küsgün oluram həyata, mənə imkan vermir bacımla oynayım, uşaqlığımı yaşayım.
Sən də bəzən özünü xoşbəxt sayırsan , mən də. Sənə hədiyyələr, xoş sözlər, təriflər ünvanlanır deyə xoşbəxtliyi duyursan. Məni bədbəxt sayma, mən də xoşbəxt oluram, gecə anamla , bacımla qucaqlaşıb yatıramsa , bir günü itkisiz, bir yerdə keçirə bilirəmsə, niyə də xoşbəxt sayılmayımki?! Mən də xoşbəxtəm.
Bunları hardan bildiyim sənə maraqlıdı, bunu gözlərindən görürəm. Unutma, insanlar təxmini eyni həyatı yaşayırlar, robot kimilər. Amma mənim kimilər heç də eyni deyil.
Görürsən nə qədər oxşar cəhətlərimiz var ? Bəs nədir baxışlarındakı o nifrət? Mən sənə neyləmişəm? Bir Allahımız var, bir qibləmiz, bir sevgi məbədimiz var. Nə olsun ki, mən cır- cındır geymişəm, buna görəmi mənə nifrət edirsən? Buna görəmi qəlbini lazımsız ağırlıqla yükləyirsən? Mən ki sənə qarşılığını versən də ,verməsən də dua edirəm. Allah səni də , məni də sevir, sən niyə o Rəssamın əsərini bəyənmirsən? Sən niyə məni sevə bilmirsən? Niyə aşalayıcı sözlərlə qəlbimi qırırsan? Bilmirsənmi, bir incə gülüşün qarşıma tulladığın o qəpikdən daha qiymətlidi mənim üçün? Mənə nifrət edib də özünü zəhərləmə. Düzdü , mən bu cəmiyyətin qəbul etmədiyi “cansız” canlıyam, mən bu cəmiyyətin “həzm edə bilmədiyi” həqiqətiyəm , mən bir dilənçiyəm. Amma unutma ey insan, mən ətrafındakı “dilənçilərdən” əskik deyiləm, bəlkə də Allah qatında onlardan varlıyam. Di get, yolundan qalma, Allah yolunu açıq etsin. Allah həmişə yar və yardımçın olsun. /Azadə Abdinova/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button