ArxivXəbər lentiXəbərlər
AXCP sədrinin müşavirinin məhkəmə prosesində hal şahidləri məhkəməyə gəlmədi

Dekabrın 25-də Suraxanı rayon Məhkəməsində hakim Ceyhun Qədimovun sədrliyi ilə AXCP sədrinin müşaviri Məmməd İbrahimin CM-nin 317.2.1 (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, 6 aya qədər həbs) maddəsi ilə cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Məhkəmə prosesində M. İbrahimin özü və vəkilləri Cavad Cavadov, Nazim Musayev (dövlət tərəfindən təyin olunan vəkil), dövlət ittihamçısı Elşən Məmmədov iştirak ediblər.
Müdafiə vəkilləri M. İbrahim barədə xasiyyətnaməyə imza atması səbəbilə əməliyyat qrupunun rəisi Elxan Şıxəliyevin məhkəməyə dəvət olunması barədə vəsatət qaldırıblar. Buna münasibət bildirən dövlət ittihamçısı vəsatətə etiraz etdiyini bildirib və bunu Şıxəliyevin əməliyyat aparanların siyahısında olmaması ilə əsaslandırıb. Hakim C. Qədimov vəsatətin təmin olunmadığını elan edərək, onun ittiham aktının əsası olmadığını deyib. Daha sonra məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkən hal şahidinin məhkəməyə gətirilməsinin mümkün olmadığı, digər hal şahidinə isə bildiriş göndərilməsinə baxmayaraq məhkəməyə gəlmədiyi qeyd olunub. Hakim növbəti prosesin 8 yanvar tarixində davam edəcəyini elan edib.