“Əl Qaidə” terror qruplaşmasının bir qolu sayılan “Cundu Şam” terror qruplaşmasının çeçen liderlərindən biri ASO sıralarında Afrin əməliyyatlarına qatılıb
İslamazeri.com xəbər verir ki, “Əl Qaidə” terror qruplaşmasının bir qolu sayılan “Cundu Şam” terror qruplaşmasının çeçen liderlərindən olan Muslim Şişani – Murad Marqoşvili (red: Şişani ərəb dilində çeçen deməkdir) Azad Suriya Ordusu sıralarında Afrin əməliyyatlarına qatılıb.
Məlumatı AKP hökümətinə yaxın “Yeni Akit” qəzeti yayıb.
Qəzetin yazdığına görə, 3 ildir Suriyada olan və Əsəd rejiminə qarşı vuruşan məşhur çeçen komandir Muslim Şişani Türkiyə ordusunun başlatdığı “Zeytun budağı” əməliyyatlarına qatılmaq qərarı verib. Muslim Şişani uzun illər Rusiyanın işğalına qarşı vuruşmış, daha sonra yaralanaraq Gürcüstana keçmək məcburiyyətində qalmışdı.
Qeyd edək ki, “Cundu Şam” terror qruplaşması Rusiyadan əlavə, Gürcüstan və Azərbaycanda da terror qruplaşması siyahısına daxil edilib. Keçmiş MTN-nin ictimaiyyətlə əlaqələr şöbəsi dəfələrlə bu haqda məlumat yayıb. O məlumatlardan birini təqdim edirik.