ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər
İlham Əliyevdən Söyüdlü aksiyasına reaksiya: Polisləri müdafiə etdi, etirazı dəstəkləyənləri hədələdi…

Prezident İlham Əliyev hadisələrdən 20 gün sonra Gədəbəy rayonunun Söyüdlü kəndində baş verən etirazlara reaksiya verib.
Dövlət başçısı iyulun 11-də cari ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədəki çıxışı zamanı daha çox Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyini günahlandırıb.
İlham Əliyev Gədəbəy rayonundakı hadisəni “tamamilə qəbuledilməz” adlandırıb:
“Hesab edirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ən azı səhlənkarlığa yol verib, nəzarətsizlik nümayiş etdirib, passiv müşahidəçi kimi çıxış edib və bunun nəticəsində xarici investor bizim təbiətimizi zəhərləyib”.
Dövlət başçısı Söyüdlü sakinlərinin haqlı etiraz etdiyini də bildirib:
“İnsanlar haqlı olaraq öz etiraz səsini ucaldıblar, amma onların səsinə baxan olub? Yox! Bir gün, iki gün, üç gün, beş gün, hara baxırdı Ekologiya və Təbii Sərvətlər Nazirliyi? Bilmirdimi ki, belə problem var? Ya bilirdi gözünü yumurdu, ya da bilmirdi. Hər ikisi qəbul edilən deyil”.
Prezident etirazı dəstəkləyənləri “təxribatçı” adlandırdı
Ölkə başçısı Söyüdlü sakinlərinin etirazlarını dəstəkləyənləri “təxribatçı” adlandırıb, onları hədələyib:
“Düzdür, vətəndaşların bir hissəsi təxribatçıların fitnəsinə uyaraq ədəbsiz hərəkətlər ediblər, qanunsuz hərəkətlər ediblər və bu da dözülməzdir, qəbuledilməzdir. O təxribatçıların bəziləri Azərbaycanda, bəziləri xaricdə gizlənir. Azərbaycandakılar artıq müəyyən edildi və bir neçəsi məsuliyyətə cəlb olundu. Xaricdəkiləri də biz məsuliyyətə cəlb edəcəyik. Heç kim, necə deyərlər, fikirləşməsin ki, biz bunu unutmuşuq. Azərbaycanda xaos, özbaşınalıq, təxribat xarakterli addımlar 1993-cü ildə başa çatıb. Əgər kimsə unudubsa, biz xatırlada bilərik. Ona görə vətəndaşlar da həm mədəniyyət göstərməlidirlər, necə deyərlər, mərifət göstərməlidirlər, qanuna tabe olmalıdırlar”.
Prezident yenə polisin tərəfini tutdu
Hadisələr zamanı ictimaiyyətin qınağına gələn hadisələrdən biri də polisin etiraz aksiyasını dağıdarkən qadınlardan birinə bibər qazı sıxması idi.
Həmin görüntülər sosial mediada gündəmin əsas müzakirə mövzusuna çevrildi. Dinc etirazçılara qarşı zorakılıq göstərən və insanlarla bu cür davranan polislərin cəzalandırılması tələbləri səsləndirilirdi.
Daxili İşlər Nazirliyi həmin polislərlə bağlı tədbir görüləcəyini açıqlasa da, sonradan onlarla yalnış profilaktik söhbət aparıldığını bildirdi.

Sakinlərin etirazını haqlı hesab edən prezident ictimaiyyətin qəzəbinə səbəb olan bu hadisəyə reaksiya verməyib, əksinə polisləri müdafiə edib. İlham Əliyev deyib ki, insanlar polisə daş atmamalıdırlar, polisə daş atmaq heç kimə şərəf gətirən hərəkət deyil:
“Bu, birincisi. İkincisi, bu, cinayətdir. Əgər Azərbaycan polisi dözümlülük göstərirsə, o demək deyil ki, kim istəyir polisə daş ata bilər. Bu, qətiyyən mümkün deyil. Mən hər kəsə deyirəm, burada biz kiminsə nazı ilə oynayası deyilik, necə lazımdır, əgər lazım bilsək, kimi lazımdır, elə cəzalandırarıq ki, peşman olar”.
Bu, İlham Əliyevin polisləri müdafiə etməsi ilə bağlı ilk açıqlaması deyil.
Prezident öz ailəsinə yaxın şirkəti tənqid edir?
Ölkə başçısı ərazidə iş aparan “Anglo Asian Mining PLC” şirkətinin adını çəkməsə də, hədəfə gətirib:
“Ancaq, eyni zamanda, bu hadisənin təbii səbəbi var idi. O da ondan ibarətdir ki, xarici şirkət buraya pul qazanmağa gəlib. Biz etiraz eləmirik, investisiya qoyubdur, iş yerləri yaradıbdır. Əlbəttə, onlar gəlib burada xeyriyyəçiliklə məşğul olmurlar ki, pul qazanmağa gəliblər. Amma bu, o demək deyil ki, bizim təbiətimiz məhv olsun. O demək deyil ki, insanların örüş, otlaq sahələri zəbt edilsin. O demək deyil ki, heç kimdən icazə almadan ikinci tullantı gölü qursun. Kim onlara icazə verib? Görünür, ya Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə sövdələşiblər, ya da ki, onu özbaşına ediblər, ona görə ciddi araşdırılmalıdır. Prokurorluğa, digər aidiyyəti qurumlara bütün göstərişlər verilmişdir”.
Haşiyə: Meydan TV araşdırması ilə sözügedən şirkətin rəhbərliyində təmsil olunan şəxslərin hakim ailə ilə, xüsusilə İlham Əliyevin xanımı Mehriban Əliyevanın əmisi Hafiz Paşayevlə yaxınlığını ortaya çıxarıb.
İlham Əliyev Baş nazirin də məsuliyyət daşıdığını vurğulayıb:
“Mən xəbər tutandan sonra zəng edib Baş nazirə dedim ki, mütləq komissiya yarat və göndər hadisə yerinə getsin. Yaxşı, bunu mən deməli idim? Ekologiya naziri özü bilmirdi ki, oraya getməlidir. Mən demişəm, gedin orada camaatla danışın, o torpağın, havanın nümunələrini götürün, beynəlxalq ekspertləri cəlb edin ki, – çünki nazirlik bir halda bu hadisənin səbəbkarı olub, ola bilər ki, işi malalasın, – onlar rəy versinlər, bu yataqların istismarı nə dərəcədə insanların sağlamlığına, təbiətə zərərlidir, ya zərərli deyil? Bu günə qədər cavab yoxdur. Bəli, Nazirlər Kabinetində müşavirə keçirilib, orada açıqlama verilib. O açıqlamanı oxuyan heç nə başa düşə bilməz ki, orada nə deyilib və o açıqlamanın məqsədi nə idi? İşi malalamaq, yaxud da ki, hansısa belə ümumi sözlərlə bu məsələyə diqqət yetirmək. Mən konkret tapşırıq vermişdim, konkret. Hanı ekspertizanın nəticələri? Nə qədər vaxt keçib? Bir aya yaxın vaxt keçib. Heç kim mənə məruzə etmir – Nazirlər Kabineti etmir, Ekologiya və Təbii Sərvətlər Nazirliyi etmir. Hesab edirlər ki, mən bunu unutmuşam. Yox, mən heç nə unutmuram”.
