Səadətli Qədir-Xum bayramı münasibəti ilə Əhli-beyt (ə) cəmiyyətinin təbrik bəyanətı

Qədir Xum Məkkə və Mədinə arasında bir yerin adıdır. Əziz İslam Peyğəmbəri Həzrət Məhəmməd (s) həccül-vidada (sonuncu həcc) dünya şiələrinin birinci imamı Həzrət İmam Əlini (ə) özündən sonra vəli elan etdi.
Əziz İslam Peyğəmbəri (s) sonuncu həccindən döndüyü zaman Həccdə iştirak edən bütün müsəlmanları Qədir-Xumda topladı və bu məkanda Həzrət İmam Əlini (ə) Allah-taala tərəfindən öz vəsisi, qardaşı və canişini elan etdi.
Əziz İslam Peyğəmbəri (s) Qədir-Xumun önəmli xütbəsində buyurdu: “Mövlası olduğum hər kəsin, məndən sonra mövlası Əlidir”.
İslam rəvayətlərində ən böyük bayram kimi izah olunan səadətli Qədir-Xum bayramını bütün ilahi dinlərin ən böyük bayramı kimi qeyd etmək olar. Çünki bütün ilahi elçilərin zəhmətləri bu gündə nəticəyə varmışdır.