ArxivSosialXəbər lentiXəbərlər
Şahid ailəsinin hekayəsi: “Problem müxalif olmağımdır”

Oğuz rayonu Qarabaldır kəndində yaşayan İslam Əliyev şəxsi fəaliyyəti və qarşılaşdığı problemlərlə bağlı Toplum.Tv-yə danışıb.
İslam Əliyev deyir ki, 1999-cu ildə hərbi xidmətə yollanan qardaşı Zaur Əliyev Tərtər istiqamətində gedən 8 günlük döyüşlərdə snayper tərəfindən vurularaq şəhid olub.

Ailədə özündən başqa 6 qardaşı olan İslam Əliyev deyir ki, ondan yaşca böyük qardaşları da Qarabağ müharibəsinin iştirakçısı olublar. Özü 2008-2009-cu illərdə Ümid Partiyasında fəaliyyət göstərməklə bərabər, partiyanın Oğuz rayon şöbəsini təsis edib. Partiyadan ayrıldıqdan sonra isə Qubad İbadoğlunun təsis etdiyi Azərbaycan Demokratik Hərəkatına qoşulub, bu hərəkatın da Oğuz rayon şöbəsini təsis edib və hazırda həmin şöbəyə rəhbərlik edir.
“Ev tikəcək imkanım olsa, dövlətdən bunu tələb etmərəm”
İslam Əliyev deyir ki, onun siyasi fəaliyyəti, xüsusən rayonda seçki proseslərində göstərdiyi fəallıq, bir sıra problemlərlə qarşılaşmasına səbəb olub. Bunlardan biri də şəhid ailəsi olmasına baxmayaraq, hələ də dövlətdən mənzil ala bilməməsidir.

Onun sözlərinə görə, özü, digər qardaşının ailəsi və valideynləri ilə birlikdə – 11 nəfərlə 3 otaqlı evdə yaşayır. İki qardaşı isə kirayədə yaşayır: “Mənim ev tikəcək imkanım olsa, dövlətdən bunu tələb etmərəm. 2009-cu ilə kimi Oğuz Rayon Sosial Müdafiə Fonduna müracət etdik, çünki bilirdik ki, onlar baxmalıdır məsələyə. Nəticəsi olmadı. Sonra 2009-cu ildə icra hakimiyyətinə qeydiyyata düşmək üçün müraciət etdim. Siyasi fəaliyyətimlə əlaqədar icra hakimiyyətində çalışan bir YAP nümayəndəsi ilə problemlərim vardı. Onlar məni düz 4 il qeydiyyata almayıb yubandırdılar. Şəhid ailəsi kimi 2013-cü ildə qeydiyyata alındıq. Mən bilirəm ki, bütün bu yubanmaların kökündə müxalif partiyada fəaliyyət göstərməyim dayanır. Onlara dedim ki, mən bu vətən uğrunda qardaşımı itirmişəm. Əgər qardaşımı gətirirsizsə, mənə nə ev, nə də müavinət lazımdır. Atamın 75 yaşı var artıq, sən buna evi nə vaxt verəcəksən, öləndən sonra?!”
“Nazirlikdən rəsmi cavab gəldi ki, 93-cü yerdəsiniz”
İslam Əliyev dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də məktublar ünvanladığını, hətta 2017-ci ildə nazir Səlim Müslümovla görüşdə bu məsələni səsləndirdiyini qeyd edib: “Biz hər dəfə nazirliyə məktub göndərəndə deyirdilər, qoy icra hakimiyyəti göndərsin sonra. Səlim Müslümovla görüşdə, o dedi ki, sizin adınız ev tikilməsi ilə əlaqədar siyahıda yoxdur. Ona qədər icradan bizə demişdilər ki, siyahıda 52-ci adamıq. Ancaq nazirlə görüşəndə deyildi ki, 52 nəfərin içində sizin adınız yoxdur. Keçən il isə bizə yenə də icradan siyahıda 14-cü yerdə olduğumuzu bildirdilər, amma nazirlikdən rəsmi cavab gəldi ki, 93-cü yerdəsiniz”.

İslam Əliyevin sözlərinə görə, yaşadığı rayonda cəmi 78 şəhid ailəsi var, onlardan 55-i, içində İslam bəyin ailəsi də olmaqla şəhidlik üçün 300 manat təqaüd alır. Yəni rəsmi qeydiyyata düşmüş 55 şəhid ailəsi var: “Təxmini 20 ildir ki, şəhid ailələri və Qarabağ əlilləri üçün hər il evlər tikilir və ümumilikdə hazırda Oğuz rayonu üzrə hazırlanmış siyahıda Qarabağ əlilləri, Çernobil əlilləri də daxil olmaqla 200-ə yaxın ailənin adı var. Necə olur ki, bu qədər müddət ərzində həmin siyahıda 93-cü yerdə oluruq?!”
“Adminstrasiyadan dedilər ki, bütün şəhid ailələrinə aid edilir”
İslam Əliyev deyir ki, onlar şəhid ailələri üçün verilən 11 min manatı da ala bilməyiblər: “Sərəncamda 1997-ci ilin 2 avqust tarixinə kimi şəhid olanlar nəzərdə tutulurdu. Sonra Adminstrasiyadan bizim rayon üzrə kurator Rüfət Əliyev vardı, o bizə bildirdi ki, Prezident qərarı dəyişib, bütün şəhid ailələrinə aid edilir. Amma yenə də ala bilmədik”.

İslam Əliyev ailəsinə qarşı bu laqeydliyi özünün seçki prosesindəki fəallığı ilə əlaqələndirir: “Bu məsələlərə icra hakimiyyətinin humanitar məsələlər üzrə şöbəsi baxır. O şöbənin müdiri, Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Yusif Naxçıvanski də hörmətli deputatımız Aqiyə xanımın qardaşıdır. 1996-cı ildən bu vəzifədədir”.
Başçının birinci müavini, deputatın qardaşı: “Düşünürəm, problem həllini tapacaq”.
Aqiyə Naxçıvanlı 2010-cu ildən Milli Məclisin deputatıdır.

Yusif Naxçıvanski isə Toplum Tv-yə deyib ki, Əliyevlər ailəsi 2013-cü ildə qeydiyyata düşüblər: “Qayda belədir ki, vətəndaşlar bizə müraciət edirlər, biz siyahını nazirliyə göndəririk, nazirlik də ev tikir. Onların düşünürəm ki, şansı yüksəkdir, çünki biz güzəştli bütün vətəndaşları siyahıya alırıq. Yəni şəhid ailəsi, Qarabağ əlili, Çernobil əlili və s. Amma dövlət hələ ki, ancaq şəhid ailəsi ilə Qarabağ əlilinə ev tikir. Bu yaxınlarda İslam mənim yanımda olmuşdu, ona da izah etdim ki, heç bir problem yoxdur. Siyahıda 200 nəfərə yaxın adamdır. Hətta siyahıda 2018-ci ildə qeydiyyata düşənlər də var. Amma İslam müəllimgil 2013-cü ildən siyahıdadırlar. Odur ki, düşünürəm, problem həllini tapacaq”.
İcra Hakimiyyəti: “İslam Əliyevin atası Yamən Əliyevin adı birinci sıradadır”
Yenidən Toplum Tv ilə əlaqə saxlayan Yusif Naxçıvanski deyib ki, onlara yeni 19 nəfərlik siyahı gəlib, orada İslam Əliyevin atası Yamən Əliyevin adı birinci sıradadır: “Yəni növbəti siyahıda ilk adam onlardır. 19 nəfərin adı gəlib, tender elan olunub. Bu məsələ bizimlə əlaqəli deyil, nazirlikdən nə göndərirlərsə, biz təmin edirik. Gərək onların torpağı olsun, çünki həyətyanı torpağı olmayanlara ev tikmirlər. Mən də İslam bəyə demişdim, yəni onların torpaqları var. Düşünürəm ki, il sonuna qədər siyahıdakıların hamsına ev tikilə bilər”.

İslam Əliyev isə deyilənlərin yalan olduğunu söyləyir: “Mən Oğuz Rayon Sosial Müdafiə Fondunun rəhbərinə Xürrəm müəllimə zəng etdim. Həmin adamla şəxsi münasibətimiz var deyə bizdən heç nəyi gizlətmir. Dedim, Yusif müəllim belə bir məlumat verib, dedi: “Yalan məlumatdır, sizin adınız siyahıda yoxdur. Bizdə hazırda ev tikilməsinə görə 19 nəfərin adı var. Sizin adınızı siyahıya salmayıblar”. Xürrəm müəllim dedi ki, siyahını Cümşüd müəllim hazırlayıb və Yusif müəllimə verib. Əvvəl siyahıda 40 nəfər olub, sonra 30 nəfərə salıblar, son nəticədə 19 nəfər qalıb. Həmin adların içərisində isə atamın adı yoxdur. Yəni, belə çıxır ki, Yusif Naxçıvanski bu sözü jurnalist olduğunuz üçün deyib”.
ƏƏSMN-in yerli şöbəsi: “Onların adı səhv etmirəmsə, həmin siyahıda var və 2-3-cü yerdədir”
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Oğuz rayon şöbəsinin əməkdaşı Cümşüd Süleymanov da deyilənləri təsdiqləyib.

O, Toplum Tv-yə sözügedən siyahıda Yamən Əliyevin adının olmadığını bildirib: “Ümumi 52 nəfərlik siyahı idi. Onların içində müəyyən problemlərdən (Şəhidin hər iki valideyninin dünyasını dəyişməsi və s.) 10 nəfər çıxmış və 42 ailə qalmışdı ki, bu il üçün onlardan 19 ailəyə ev tikilməsi nəzərdə tutuldu. Amma heç o 52 nəfərin içində də Yamən Əliyevin adı yox idi. Buna baxmayaraq, Bakıya əlavə də siyahı göndəriləcək. Onların adı səhv etmirəmsə, həmin siyahıda var və 2-3-cü yerdədir. Amma onların müraciətinin bu qədər gecikməsinə çox güman ki, texniki problemlər səbəb olub. Nazirlikdən bizə deyiblər ki, müraciətlərdə problem olduqda bizə əlavə məktub göndərin ki, həmin ailəni əvvələ sala bilək. Yusif müəllim bununla əlaqədar məktub göndərəcək”.

Digər şəxs Xürrəm Şirinov da mövcud siyahıda Yamən Əliyevin adının olmadığını və ilin sonuna kimi yeni siyahının onlara göndəriləcəyini vurğulayıb. “Ümumi 52 nəfərdən qaldı bu 19 nəfər. İlk olaraq 42 nəfər qalmışdı, onda Yamən Əliyevin adı 43-cü yerdə idi. Daha sonra 19 nəfər üçün tikilməsi planlaşdırıldı. Bu günlərdə tikinti şirkətindən gəlib siyahının surətini aldılar. Düşünürəm ki, tez bir zamanda bu siyahı tamamlanacaq və yeni göndərilən siyahıda onların da adı olacaq”.
Şəhla Abbas

