Mövsüm Səmədov həbsxanadakı çıxışlarına görə karserə salınıbmış

Anar Qasımlı: “O, 26 iyunda təşkil edilən çıxış zamanı bildirib ki, düşmənlərimiz torpaqlarımızın 20%-i işğal edib, biz isə Bakıda hərbi parad keçiririk”
Vəkil Anar Qasımlı müvvəkili olan AİP lideri Mövsüm Səmədovla görüşüb. Bu barədə FaktXeber.com-a Anar Qasımlının özü məlumat verib. Vəkil qeyd etdi ki, bir saatdan çox gözlədikdən sonra nəhayət ona görüşə icazə veriblər. Müvəkkilinin vəziyyətinin yaxşı olduğunu bildirən Anar bəy, “Mövsüm Səmədovun karsa salınması ilə bağlı bir neçə müddət bundan öncə məlumat yayılmışdı və cəmiyyətdə ciddi narahatçılıq doğururdu. Görüş zamanı məlum oldu ki, Mövsüm Səmədovu həm mayın əvvəli, həm də ki, iyun ayının sonunda karserə salıblar”, – deyə bildirdi: “Buna səbəb isə Mövsüm Səmədovun Heydər Əliyevin 90 illik yubileyi və iyun ayının 26-da Silahlı Qüvvələr Günü münasibəti ilə təşkil edilən tədbirdə tənqidi fikirlər səsləndirməsi olub. O, 26 iyunda təşkil edilən çıxış zamanı bildirib ki, düşmənlərimiz torpaqlarımızın 20%-i işğal edib, biz isə Bakıda hərbi parad keçiririk. Sözügedən çıxışlardan sonra birinci dəfə 7 sutka, ikinci dəfə 5 sutka karserlə cəzalandırılıb. Yəni onu hər hansı bir daxili nizam qaydalarını pozduğuna görə karserə salmayıblar. Hər bir insan kimi məhbusların da öz fikirlərini sərbəst şəkildə ifadə etmək hüququ var. Ona görə də hesab edirik ki, Mövsüm Səmədovun öz fikirlərini ifadə etdiyinə görə karserə salınması tamamilə qanunsuzluqdur. “
Vəkil onu da bildirdi ki, Mövsüm Səmədov müqəddəs Ramazan ayının gəlişi münasibəti ilə bütün Azərbaycan xalqına və müsəlmanlara təbrik göndərib.