Aktual

Seçki ərəfəsi

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi ilk seçki məlumatlarını açıqlayıb. Mərkəzin yaydığı press-relizdə bildirilir:

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi ilə əməkdaşlıq edən 794 nəfər müşahidəçi 9 oktyabr 2013-cü il prezident seçkisi günü Statistikaya Əsaslanmış Müşahidə (SƏM) metodologiyası əsasında seçki məntəqələrinin təşkili, səsvermə və səslərin sayılması prosesinin monitorinqini həyata keçirir.

SƏM metodu seçki məntəqələrinin milli təmsilçilik əsas götürülməklə təsadüfi seçimini və seçki günü prosesin hüquqi keyfiyyətini dəqiq və operativ öyrənməyə imkan verir. Bu metodologiya üzrə SMDT tərəfindən ölkədəki 125 seçki dairələri üzrə təsadüfi seçim əsasında 15 faiz seçki məntəqəsi seçilərək monitorinqə cəlb edilib.

SMDT son bir ay ərzində ölkənin 12 bölgəsində 978 nəfərə SƏM metdologiyası, seçki günü qaydaları və tərəfsiz müşahidəçilik üzrə davranış prinsipləri əsasında 62 təlim keçirərək, onların seçki komissiyalarında qeydiyyatına hüquqi-texniki yardım edib. Ölkə üzrə 561 nəfər Mərkəzi Seçki Komissiyasında, 226 nəfər isə Dairə Seçki Komissiyalarında akkreditasiyadan keçirilib. Təəssüflə qeyd edək ki, 74 nəfərə DSK-larda müşahidəçi vəsiqəsi verilməsindən imtina edilib.

Hazırda SMDT-nin təlim verdiyi və seçki komissiyalarında qeydiyyatdan keçmiş 794 nəfər müşahidəçi məntəqə və dairə seçki komissiyalarında prosesin gedişini izləyirlər.

Müşahidəçilərə seçki günü seçki məntəqələrinin təşkili və açılması prosesini 578 seçki məntəqəsində müşahidə etmək imkan yaradılıb. SMDT təəssüflə qeyd edir ki, bəzi seçki məntəqələrində müşahidəçilərin fəaliyyətinə məhdudiyyətlər yaradılıb. Məsələn, seçki məntəqələri açılarkən 19 nəfər müşahidəçiyə 90 saylı Ağdaş, 97 saylı Goranboy-Ağdam-Tərtər, 112 saylı Qax, 121 saylı Laçın, 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki məntəqələrində müşahidə aparmağa imkan verilməyib.

Müşahidəçilərin verdiyi məlumatlara görə, ölkə üzrə seçki məntəqələrinin 92 faizi saat 7.00-dən etibarən səsvermə prosesinə hazırlıq üçün fəaliyyətə başlayıb. Ancaq səsvermə başlamazdan öncə qeydiyyatda olan seçicilərin sayı seçki məntəqələrinin 18 faizində elan edilməyib. Məntəqə Seçki Komissiyaları həmçinin alınmış seçki bülletenlərinin sayını seçki məntəqələrinin 16 faizində elan etməyiblər. SMDT narahatlıqla qeyd edir ki, seçki məntəqələrinin 27 faizində seçki məntəqəsindən kənarda səs vermək üçün olan seçicilərin sayı elan edilməyib.

SMDT onunla əməkdaşlıq edən müşahidəçilərə və müşahidəçilərə qanuni şəraiti təmin edən seçki komissiyaları üzvlərinə təşəkkür edir.

 

Seçicinin məntəqə sədrindən şok tələbi

Azərbaycanda prezident seçkilərində qalib namizədi təyin etmək üçün 5 milyon 145 min seçici səsvermə prosesinə start verib. 5 milyonda çox seçicinin təxminən 500 mindən çoxu ölkənin ikinci şəhəri olan Sumqayıtın payına düşür. Əməkdaşlarımızdan biri Sumqayıt şəhərində yerləşən 43 saylı Sumqayıt III seçki dairəsinin 23 saylı seçki məntəqəsində səs verib və oradakı seçki prosesindən reportaj hazırlayıb. Məntəqə sədrinin verdiyi məlumata görə, saat 11:00-a qədər 550-ə yaxın seçici səs vermədə iştirak edib. Seçicilərin əksər hissəsi İlham Əliyev və Cəmil Həsənliyə səs verdiklərini bildiriblər.

Seçki prosesi zamanı ciddi şəkildə neqativ halların da baş verdiyi müşahidə edilib. Bu barədə FaktXeber.com-a Milli Şuranın seçki məntəqəsində nümayəndəsi məlumat verib. Belə ki, müəssisə və idarələrdən gələn seçicilər məntəqə sədrindən seçki günündən öncə onlara verilən bildiriş vərəqələrinin arxasına möhür vurmasını tələb ediblər. Sözügedən seçicilər bildiriş vərəqələrini rəhbərliyə göstərmək üçün belə etdiklərini söyləyiblər. Eyni halda Hacı Zeynalabidin Tağıyev qəsəbəsinə qeydiyyatı olan seçicilərin digər məntəqə və dairələrdə səs verməsi də müşahidə edilib.
Apardığımız müşahidələr zamanı onu da aşkara çıxardıq ki, müəssisə və idarə işçiləri səsvermədən sonra adlarının qeydiyyat vərəqəsində neçənci olmasını öyrənməyə çalışırdılar. Səbəbini soruşduqda isə bildirdilər ki, iş yerində müdirimiz bizə tapşırıb və qeydiyyat nömrəmizi gətirməyimiz tələb edib. Əks halda səsvermədə iştirak etməyimizə inanmayacaqlar.

 

MSK-dan seçki məlumatları

“Yeni Müsavat” qəzetinin əməkdaşı hazırda Mərkəzi Seçki Komissiysından xəbər verir ki, saat 11.15-ə olan məlumata görə, ölkə üzrə seçici fəallığı 20, 44 faizdir. Paytaxt üzrə ən yüksək seçici fəallığı 13 saylı Xəzər Pirallahı seçki dairəsində müşahidə olunur.

MSK-nın Seçkilər İnformasiya Mərkəzinin rəhbəri Rüfət Gülməmmədovun verdiyi məlumata görə, hələlik şikayət xarakterli müraciətlər daxil olmayıb. Müraciət edənlər seçici siyahılarında adlarının olmaması, hansı seçki məntəqəsində səs vermələrinin dəqiqləşdirilməsi ilə bağlıdır.

Qaynar xəttə 62 müraciət daxil olub. Müraciətlər əsasən texniki xarakterlidir. Şikayət xarakterli müraciətlər daxil olmaylıb.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button