Bəhruz Hacıyev adlı gəncin polis şöbəsində ölümü kütləvi etirazlar doğurdu; saxlanılanlar arasında polis əməkdaşı da var.
Avqustun 20-də Mingəçevir Şəhər Polis Şöbəsində həyatını itirən 24 yaşlı Bəhruz Hacıyevin ölümündən sonra şəhərdə yaşanan gərginlik səngiyib.
Yeni müsavat xəbər verir ki, həmin gün gecə saatlarında şəhərin küçələrində Post Patrul Xidmətinin əməkdaşları növbə çəkiblər.
B.Hacıyevin yaxınları onun polis tərəfindən işgəncə verilərək öldürüldüyünü iddia edirlər. Daxili İşlər Nazirliyinin yaydığı rəsmi məlumatda isə Hacıyevin narkotik vasitələrin satışında və istifadəsində şübhəli bilinərək Mingəçevir Şəhər Polis Şöbəsinə gətirildiyi, xidməti otaqlardan birində dindirilərkən qəfildən özünü pəncərədən aşağı atdığı deyilir.
Qeyd edək ki, avqustun 22-də dəfn mərasimində iştirak edən bir qrup şəxs şəhər meydanına gələrək etiraz aksiyası keçirmişdilər. Bu zaman polislə etirazçı kütlə arasında qarşıdurma yaranmış, tərəflər arasında yaralananlar olmuşdu. Rəsmi məlumata görə, polis 21 aksiya iştirakçısını saxlayıb. Lakin hadisə şahidlərindən əldə etdiyimiz məlumata görə, saxlanılanların sayı qeyd ediləndən çoxdur. Toqquşma zamanı polis əməkdaşlarından da yaralananlar olduğu, 1 polis maşınının yararsız hala salındığı deyilir.
B.Hacıyevin yaxınlarının verdiyi məlumata görə, mərhumun bədənində “dubinka” və elektroşok izləri olub, Hacıyev əsas xəsarəti də elektroşok zamanı alıb. Onun qaraciyərinin ciddi zərər gördüyü və bu səbəbdən də öldüyü bildirilir. Əldə etdiyimiz digər məlumat isə B.Hacıyevin necə saxlanılması ilə bağlıdır: B.Hacıyev polis işləyən sinif yoldaşı ilə şəhər meydanında görüşərkən onlara bir avtomobil yaxınlaşıb. Hadisə şahidlərinin dediyinə görə, avtomobildə hüquq-mühafizə orqanlarının əməkdaşları olub
B.Hacıyevin yaxınlarına onun polis bölməsinə normal şəkildə gətirilməsini əks etdirən görüntülər göstərilib. Lakin onun intihar etməsini, özünü pəncərdən atmasını əks etdirən heç bir görüntü yoxdur. Mərhumun atası Dilsuz Hacıyev açıqlama verib. D.Hacıyev günahkarların cəzalandırılmamasından narazıdır. Oğlunun günahsız yerə polis şöbəsinə aparıldığını və orada öldürüldüyünü deyən Dilsuz Hacıyev cəsədi sonra morqa aparılmasının, yarılmasının da qanunsuzluq olduğunu bildirib.
“Oğlumu elektroşokla öldürüblər. Bütün bədəni qaralmışdı. Elektroşokdan ürəyi dayanıb. Öləndən sonra da ya pəncərdən atıblar, ya da gətirib, binanın qabağına qoyublar ki, guya özünü pəncərədən atıb” – deyə B.Hacıyevin atası bildirib.
Ata oğlunu polis bölməsinə aparan şəxslərin, eləcə də Samirin həbs edilməsini tələb edib. O, oğlunun həmin polislər tərəfindən şərləndiyini və sonradan polis bölməsinə aparılaraq, öldürüldüyünə əmin olduğunu deyib.