Ekspert: “Azərbaycan silah arsenalını yeniləndirməyə davam edəcək”

Pakistanın Ticarət və Müdafiə Sənayesi nazirlikləri Azərbaycana yarım milyard dollarlıq müdafiə təyinatlı məhsulların ixracının tezləşdirilməsinə dair birgə fəaliyyət planını təsdiq ediblər. Bu barədə Pakistan radiosu bildirir. Qərar İslamabadda ticarət naziri Hurrəm Dəstigirin və müdafiə sənayesi naziri Rana Tanver Hüseynin iştirakı ilə qəbul olunub. Habelə qərara alınıb ki, ticarət naziri qarşılıqlı istisadi-ticarət əlaqələrinin genişləndirilməsinə dair məsələləri müzakirə etmək üçün noyabrın sonlarında Bakıya səfər etsin.
Hərbi ekspert Üzeyir Cəfərov Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, düşmənin də dayanmadan silahlanması Azərbaycanı cavab tədbirləri görməsinə sövq edir: “Azərbaycan torpaqları işğal altında olduğu müddətdə bu qədər silah sursat almağa məcburdur. Düşmən dayanmadan silahlanır və bu proses Azərbaycanı cavab tədbirləri görməsinə sövq edir. Pakistandan da 500 milyonluq silah alınması Azərbaycanın silah arsenalının yeniləməsi anlamına gələ bilər. Eyni zamanda isə bəzi silahları yeni silah kimi öz arsenalına əlavə edəcək. Düşünürəm ki, ölkə rəsmilərinin Pakistana səfəri ərəfəsində bəzi mövzulara da aydınlıq gətiriləcək. İndiki məqamda hansı silahların daha lazımlı olması ilə bağlı təbii ki, səfər çərçivəsində əldə ediləcək. Rusiyanın xoşuna gəlib gəlməməsindən asılı olmayaraq, Azərbaycan silah arsenalını yeniləndirməyə davam edəcək”.