ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər
Sevinc Vaqifqızı: “Azərbaycanda jurnalistika cinayət hesab olunur, mən də buna görə həbsdəyəm…”

Yanvarın 10-da Xətai Rayon Məhkəməsində “AbzasMedia” ilə bağlı cinayət işi üzrə həbs olunan jurnalistlərdən üçünün – Sevinc Abbasova (Vaqifqızı), Ülvi Həsənli və Hafiz Babalının ev dustaqlığına buraxılması üçün verilmiş vəsatətlərə baxılıb. Məhkəmə prosesləri ayrı-ayrılıqda keçirilsə də, hər üçünə hakim Sülhanə Hacıyeva sədrlik edib. O, jurnalistləri ev dustaqlığına buraxmaqdan imtina edib.
Məhkəmədə jurnalistlərin vəkilləri bildiriblər ki, onların həbsdə saxlanmasına əsas yoxdur. Hüquqlarını müdafiə etdikləri şəxslərə qarşı irəli sürülmüş qaçaqmalçılıq ittihamının əsassız olduğunu vurğulayan vəkillər deyirlər ki, onları həbsdə saxlamadan da istintaqı aparmaq olar. Çünki onlar istintaqdan qaçıb gizlənmək niyyətində deyil, yenidən cinayət törətmək ehtimalları yoxdur, yaşadıqları yer məlumdur və s.
Ülvi Həsənlinin vəkili Zibeydə Sadıqova bildirib ki, müvəkkilinin təkcə azadlıq hüququ yox, həm də şəxsi həyata hörmət hüququ pozulur. Onun, hətta 1 yaşlı övladıyla belə, ünsiyyətinə imkan verilmir.

Elə Ülvi Həsənlinin özü də deyib ki, onun nəinki ailə üzvlərilə görüşünə və telefonla danışmasına, hətta vəkillərinə, Ombudsman Aparatına da zənglərinə qadağa qoyulub.
Sevinc Vaqifqızı çıxışında deyib ki, hakim Sülhanə Hacıyevadan heç bir ədalətli qərar gözləmir. Fikrini də belə əsaslandırıb ki, Azərbaycanda hakimlər qanunlar əsasında qərar vermir, sadəcə, onlara verilən sifarişi icra edir.
O, jurnalist kimi, korrupsiya araşdırmalarına görə həbs olunduğunu vurğulayıb.
“Azərbaycanda jurnalistika cinayət hesab olunur. Mən də jurnalist olaraq, buna görə həbsdəyəm”, – Sevinc Vaqifqızı bildirib.
Hafiz Babalı da peşə fəaliyyətinə, konkret olaraq, korrupsiyanı ifşa edən araşdırmalarına görə cəzalandırıldığını vurğulayıb.
Jurnalistlərin özlərinin və müdafiəçilərinin arqumentlərinə baxmayaraq, onların ev dustaqlığına buraxılmasıyla bağlı vəsatətlər təmin edilməyib.
