Seymur Həzinin hansı ittihamla tutulduğu bəlli olub

Seymur Həzi Demokratik Qüvvələrin Milli Şurasının Bakıda keçirdiyi etiraz aksiyasından bir gün qabaq – oktyabrın 17-də tutulub. Xətai Rayon Məhkəməsinin qərarı ilə ona 15 sutka inzibati həbs verilib.
Oktyabrın 21-də həyat yoldaşı Nigar Həzi özünün “Facebook” səhifəsində yazıb ki, məhkəmə Seymuru İnzibati Xətalar Məcəlləsinin xırda xuliqanlıq və polisin qanuni tələbinə qəsdən tabe olmama maddələri ilə təqsirli bilib: “Bu maddələr üzrə ittihamın irəli sürülməsinə isə o səbəb olub ki, guya Seymur həyətdə telefonla yüksək səslə danışa-danışa ünvansız söyüş söyürmüş. Halbuki həmin vaxt Seymur məninlə görüşə gəlirdi. Mənim ora çatmağımla mülki geyimlilərin onu aparması bir olub”.
1982-ci il təvəllüdlü Seymur Həzi BDU-nun şərqşünaslıq fakültəsini (bakalavr və magistr dərəcələri ilə) və AMEA-nın Fəlsəfə İnstitutunun aspiranturasını bitirib.
O, 2014-cü il avqustun 29-da bir nəfərə xəsarət yetirmək ittihamı ilə tutulub, 5 il müddətinə azadlıqdan məhrum edilib, 2019-cu il avqustun 29-da azadlığa çıxıb.
Seymur Həzi həbsdə olarkən, 2016-cı ilin avqustunda müxalif siyasətçi Tofiq Yaqublunun qızı Nigarla ailə qurub.