Siyasi məhbusun həbsdə ölümünə görə Milli Şuradan bəyanat: “Məsuliyyət hakimiyyətin üzərindədir”

Siyasi məhbus Mehman Qələndərovun ölümü ilə bağlı Milli Şura bəyanat verib. Bəyanatda deyilir:
Aprelin 28-də Bakının Kürdəxanı qəsəbəsindəki 1 saylı İstintaq Təcridxanasında siyasi məhbus Mehman Qələndərov müəmmalı şəkildə həlak olub. Rəsmi məlumatda M.Qələndərovun intihar etdiyi bildirilir və qeyd olunur ki, onun özünü öldürmə həddinə çatdırılmasının halları araşdırılaraq, uyğun qərarlar veriləcək.
M.Qələndərov ölkənin ictimai-siyasi fəallarından və hakimiyyətin tənqidçilərindən biri olub. Mövcud idarəçiliyə qarşı askiyalarda fəal iştirak edib.
M.Qələndərov bu ilin 7 fevralında narkotik ittihamı ilə şərlənərək həbs edilib. Həbsindən əvvəl o, Bakıda Heydər Əliyevin heykəli önündə təkbaşına aksiya keçirərək, həmin heykələ şüar yazdıqları üçün uzun müddətə azadlıqdan məhrum edilmiş Qiyas İbrahimlə Bayram Məmmədova dəstəyini nümayiş etdirib, sosial şəbəkədə “Hamımız Qiyasıq, Bayramıq”, “Kral istəmirik!” devizi ilə kampaniyaya çağırıb. Bundan əvvəl də o, Gürcüstanda Azərbaycan səfirliyi qarşısında ölkədəki siyasi məhbuslarla bağlı aksiyada iştirak edib.
M.Qələndərov getdiyi yolun onu həbsxanaya apara biləcəyini dərk edib və bunu öz qeydlərində də yazıb. Bu baxımdan onun kənar təsir olmadan, zəif iradəlik edib özünü öldürməsi ağlabatan deyil. M.Qələndərov hətta rəsmi məlumatda deyildiyi kimi, intihar edibsə də, güman ki, buna səbəb olan ciddi fiziki-psixi təzyiqlərə məruz qalıb. Onun öldüyünü Penitensiar Xidmətin əvvəlcə inkar etməsi, sonra isə meyiti təhvil verməyib, ictimaiyyətdən gizli dəfn etmələri də bu yöndə olan şübhələri artırır.
İndiyədək bir neçə bənzər hadisəyə münasibətdən yaxşı bəllidir ki, rəsmi qurumların faktla bağlı “araşdırma aparılır”, “istintaq gedir”, “nəzarətə götürülüb” kimi açıqlamaları ilk dövrlərdə ictimaiyyəti sakitləşdirmək üçündür. Vaxt udulandan və üstündən müyyən dövr keçəndən sonra hadisənin gerçək başvermə səbəbi gizlədilir və əsl günhakarlar cəzasız qalır. M.Qələndərovun ölümü ilə bağlı tez-tələsik verilmiş “intihar” izahatı və guya fakt üzrə araşdırma aparıldığı haqda açıqlama, eləcə də hadisəyə görə təcridxananın 2 kiçik ranqlı əməkdaşının işdən çıxarılması, 1 əməkdaşa isə töhmət verilməsi göstərir ki, hakimiyyət bu dəfə də ictimaiyyəti sakitləşdirib, işi ört-basdır etmək niyyətindədir. Təcridxanada bir dustağın, həm də siyasi məhbus satatusunda bir fəalın ölümünə görə belə yüngül “cəza” əslində onun qanını batırmağa çalışmaqdan başqa bir şey deyil.
Milli Şura bildirir ki, M.Qələndərovun ölümünün məsuliyyəti bütün hallarda onu məhz tənqidçi və etirazçı mövqeyinə görə şərləyərək həbs etdirmiş siyasi hakimiyyətin üzərindədir. Milli Şura M.Qələndərovun öldürülməsi versiyasi üzrə dərindən və ciddi təhqiqat aparılmasını, bu fakta görə aidiyyatı dövlət qurumlarına və vəzifəli şəxslərə sərt cəzaların verilməsini tələb edir. Əgər hakimiyyət bu işi axıradək indiki kimi səssiz-səmirsiz ötüşdürməyə çalışacaqsa, həm də M.Qələndərovun ölümündə maraqlı olduğunu etiraf etmiş olacaq.
Milli Şura ölkə ictimaiyyətinə çağırış edir ki, M.Qələndərovun ölümü ilə bağlı məsələni ciddi şəkildə diqqətdə saxlasın, faktın doğru-dürüst araşdırılması və həqiqətin üzə çıxarılması, bütün günahkarların layiqli cəzalarını alması üçün özünün təsir və təzyiq mexanizmini işə salsın.
Milli Şura həm də beynəlxalq birliyə müraciət edir ki, siyasi məhbusun təcridxanada ölümü kimi ciddi bir hadisəyə adekvat münasibət ortaya qoysun, Azərbaycan hakimiyyətindən bunun məsuliyyətini tələb etsin, faktın gerçək başvermə səbəbini üzə çıxarmaq və əsl günhakarların cəzalandırılmasına nail olmaq üçün Azərbaycan ictimaiyyətinə kömək etsin.(azadliq.info)