Nardaranlıların mində bir dərdi

Fevralın 25-də Milli Məclisin növbəti iclası zamanı deputat Zeynəb Xanlarova çıxışında Bakı ətrafı kəndlərdə yüksək vəzifəli məmurların və hakimiyyətə yaxın işi adamı İsgəndər Xəlilovun Xəzər dənizinin sahil boyu zolağının hasara almasına etirazını bildirərək, hakimiyyəti xəbərdar edib ki, bunun sonu yaxşı qurtarmaya bilər və xalq ayağa qalxa bilər.
Çıxışında Zeynəb Xanlarova qeyd edib ki, Xəzərin vəzifəli şəxslər tərəfindən hasarlanması, nardaranlıların qəzəbinə səbəb olur, onların buna etirazına da gətirib çıxara bilər, xalq artisti onu qeyd edib ki, dənizin sahil xəttinin bu cür hasarlanması heç özünün də xoşuna gəlmir.
Milli Məclisin deputatı və QMİ sədri Allahşükür Paşazadənin qohumu Qalib Salahzadə isə bildirib ki, Zeynəb xanımın qeyd etdiyi torpaqlar Bilgəh torpaqlarıdır və Nardarana aidiyyatı yoxdur.
Zeynəb Xanlarovanın bu çıxışından sonra Nardaran Ağsaqqallar Şurasının sədri Məşədi Natiq Kərimov mətbuata verdiyi açıqlamasında bildirib ki, xalq artisti haqlıdır, onun dediklərini bölüşür, nardaranlılar Xəzərin hasara alınmasından narazıdır.
Yüksək vəzifəli məmurların Xəzəri hasara almaqla min illiklər boyu Xəzərlə nəfəs alan Bakı kəndlilərini dənizə həsrət qoyublar, onlar üçün bu hasar bir həqarət ifadəsidir. Ədalət naminə deyək ki, nardaranlılar həm Xəzərin hasara alınması və həm də Nardaran torpaqlarının hakimiyyətdə təmsil olunan məmurlar tərəfindən zəbt olunmasına qarşı çox etiraz ediblər, öz haqları uğrunda mücadilə göstəriblər, lakin hər dəfə də əliyev rejimi çox böyük qəddarlıqla nardaranlıların etirazını zor tətbiq etməklə yatırıb və fəalları şərləyərək həbs edib. İntihəsı burda vurğulanması vacib olan bir məqam da var.
Belə çıxır ki, Zeynəb xanım Milli Məclisdə sadə nardaranlıların haqqını müdafiə edib, bu belədir, kimsə buna şəkk gətirmir, ancaq həmişə yox. Xəzərin hasara alınması nardaranlıların yeganə problemi deyil, ümumiyyətlə Xəzərin hasarlanması təkcə nardaranlıların deyil, ümumiyyətlə bakılıların problemidir, di gəl Bakının digər kəndlərindən fərqli olaraq, nardaranlılar haqq demək, haqlarını tələb etməkdə fəaldır, zülmə boyun əymirlər.
Əliyev rejimi bu artıq 10 ildən çoxdur ki, Nardaranı blokadada saxlayır, qazını, işığını vermir, kənd əhalisini daima təqib edir. Konkret olaraq Xəzərin hasarlanması isə Zeynəb xanımın şəxsən özünə xoş gəlmədiyi üçün bu problemi dilə gətirib ki, bu da nardaranlıların minlərlə problemindən biridir və indi belə çıxır ki, deputat nraradanlılara qahmar çıxır. Ancaq yenə də çox sağ olsun ki, heç olmasa bunu dilə gətirib.
Bu çox sağolu ona görə qeyd edirik ki, Xəzərin hasarlanması digər deputatların, o cümlədən elə Qalib Salahzadənin də xoşuna gəlmir, ancaq onların heç birisinin iradəsi, casarəti yetərli olmayıb ki, etirazını bildirsin, Zeynəb xanım isə həmin cəsarəti və iradəini özündə tapıb və çıxış edib./İslamtimes/