Məhəmmədhüseyn Şəhriyarın ev muzeyi və `İndi niyə` qəzəli – FOTO

Azərbaycandan Təbriz şəhərinə səfər edən bir qrup jurnalist daha çox Məhəmmədhüseyn Şəhriyar kimi tanınan dahi şair Seyid Məhəmmədhüseyn Behcəti Təbrizinin ev muzeyində və “Məqbərətül-şüəra”da (Şairlər məqbərəsi) yerləşən məqbərəsində olublar.
Qeyd etmək yerinə düşərdi ki, bu qəbiristanlıqda 400-ə yaxın Mücrəddin Beyləqani, Qətran Təbrizi, Əsədi Tusi kimi böyük simalar dəfn olunub. Şəhriyara kimi isə bu qəbiristanlıqda uzun müddət imiş dəfn prosesləri həyata keçirilmirmiş və dayandırılıbmış. Amma Məhəmmədhüseyn Şəhriyarın ölümdən qabaq, “istərdim, “Məqbərətül-Şüəra” qəbiristanlığında dəfn olunum” istəyini nəzərə alaraq, həmin ərazidə də dəfn edirlər.
Dahi şair 82 yaşında, 18 sentyabr 1988-ci ildə dünyasını dəyişib. Hazırda bu tarix bütün İranda şeir günü kimi qeyd olunur.
Şəhriyarın məqbərəsi ətrafında hazırda təmir işləri aparılır. Rəhbərliyin bildirdiyinə görə, işlər bu ilin sonuna kimi başa çatdırılacaq.
Məqbərədə bizə şairin həyatı barədə danışarkən, ömrünün son günlərində ilk sevdiyi xanımın onun ziyarətinə gəlməsi zamanı səsləndirdiyi qəzəli dedi:
Gəlmisən, canım sənə qurban ola, indi niyə?
Düşmüşəm əldən daha, ey bivəfa, indi niyə?
Nuşdarusən, fəqət Söhrab ölüb, gec gəlmisən!
Eyləməz təsir ona heç bir dəva, indi niyə?
Mümkün olsa mərhəmət qıl, ömürlərdə yox vəfa!
Söyləmə mehmanına zövqü-səfa indi niyə?
Gənc idim, ləzzət alırdım, nazəninim, zülmdən,
Eyləyirsən söylə bəs cövrü cəfa indi niyə?
Bir şirin-söhbət üçün əydim önündə qəddimi!
Zəhrtək verdin cavab Fərhadına indi niyə?
Ey qara hicran, elindən bircə dəm göz yummadım!
Bəxtimi sən tutmusan bu laylaya indi niyə?
Asiman qıldı pərişan, halımı zar eylədi!
Qaldırıbdır qəhr ilə min bir bəla indi niyə?
Sən ki, gül hicrində, təbim, lal kimi xamuş idin,
Salmısan bülbül kimi şurü nəva indi niyə?
Sən Həbibsiz, Şəhriyarım, getməz idin heç,
Son səfərdir, tək çıxıbsan sən yola indi niyə?
Aqil Mehdi