ArxivXəbərlər

Sumqayıtda möhtəşəm mövlud keçirildi

Bildiyimiz kimi, ötən gün Şəban ayının üçü – miladi təqvimlə iyunun biri Peyğəmbərimizin (s) sevimli nəvəsi, İmam Əlinin (ə) və Peyğəmbərin qızı Fatimənin (ə) oğlu, müsəlmanların 3-cü imamı İmam Hüseynin (ə) mövlud günüdür. 
Bu münasibətlə Sumqayıt şəhəri “Cümə” məscidində İmam Huseyn əleyhissalama həsr olunmuş möhtəşəm bir bayram tədbiri təşkil olunmuşdu. Bayramda şəhərin axundu Hacı Rauf başda olmaqla, bir çox alimlər, ziyalılar, məddahlar və möminlər iştirak edirdilər. İslam dininə uyğun olaraq tədbir müqəddəs Qurani-Kərimin tilavəti ilə başladı. Daha sonra, Hacı Rauf tədbirin bu dərəcədə yüksək təşkil olunmasında rolu olan Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova öz minnətdarlığını bildirdi. Bundan əlavə, axund Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) rəhbəri Hacı Allahşükür Paşazadənin Sumqayıtlılara şəxsən göndərdiyi bayram təbrikini çatdırdı.
Tədbirdə iştirak edən ilahiyyatçı Seyid Fərrux, Katec qəsəbəsinin axundu Hacı Mir Fəyyaz, Corat qəsəbəsinin axundu Hacı Sahib və digər tanınmış bir çox alimlər imamın həyatı barədə moizələr edərək insanları xoşhal etdilər. Bundan savayı, “Heydəri Kərrar” və “İlahi” nəğmələr qrupunun ifaçıları öz gözəl səslərilə tədbirə əsl bayram ab-havası qataraq, tədbir iştirakçılarını şənləndirdilər. Müqəddəs Şəban ayının özəlliklərindən biri də bundan ibarətdir ki, bu ayda, ancaq mövlud (doğum günləri, ad günləri) mövcudur. Digər aylarda isə həm mövlud, həm də şəhadət günləri keçirilir. 
Qeyd etdiyimiz kimi, Şəban ayının üçü İmam Hüseyn(ə), dördü qardaşı Həzrət Əbəlfəz  Abbasın (ə),  beşi isə İmam Zeynalabidinin(ə) doğum günləridir. Fürsətdən istifadə edən alimlər, söz sahibləri hər üç məsumun haqqında danışaraq, onların fəzilət və möcüzələrini imamsevərlərə çatdırdılar.
Təşkilatçılar tədbirə yığışan insanlara sürpriz etməyidə unutmamışdılar. Belə ki onlar Hüseyn, Abbas, Əli adını daşıyan insanlara dəyərli hədiyyələr verdilər. Tədbirin sonu şam namazına təsadüf etdiyindən, cəm halda namazlar qılındı və İmam (ə) adına açılmış ehsan süfrəsinə dəvət edildilər.
Biz də Birlik.az saytı olaraq, bu müqəddəs mövludlar münasibətilə dünya müsəlmanlarını, əhlibeytsevərləri və ən əsası zamanımızın imamı olan İmam Zamanı (ə.f.) təbrik edirik.

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button