Aktual

Kommunist partiyasının şərəfinə atəşfəşanlıq

«Yaltaqlıq pis şeydir, ancaq hakimiyyət yaltaqlığı da hörmətdən salıb»

Bu gün Bakı Şəhər Icra Hakimiyyəti Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlməsinin 44 illiyi münasibəti ilə saat 21-də bayram şənliyi və atəşfəşanlıq təşkil edəcək. Bəli, 1969-cu ilin bu günündə Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib.

Indi bu hadisəyə görə növbəti milyonlar göyə sovrulmalıdır. Ikinci bir tərəfdən bu günü qeyd edilməsi hakimiyyətin özünü təkzib etməsi kimi də qiymətləndirilə bilər. Çünki bunlar bir tərəfdən fəxrlə danışırlar ki, Heydər Əliyev partiya biletindən imtina edib, milli maraqları üstün tutub və bununla cəsarət nümayiş elətdirib. Digər tərəfdən də Heydər Əliyev bu partiyanın sıralarında olduğu, bu partiyaya xidmət etdiyi üçün birinci katib gəldiyi günü ümummilli bayram edirlər.
Yaxşı olardı ki, bu ziddiyyətli məqama hakimiyyət sözçüləri aydınlıq gətirsin.
Ikinci bir tərəfdən belə bir günü bayram etmək ciddi görünmür və özündə heç bir milli dəyər daşımır.
Gül bayramı, Qurtuluş günü keçirib milyonlar xərclədikdən sonra, hansısa vəzifəyə təyin olunma gününü də bayram etmək, sadəcə büdcəni talamaq və ölkəni yalnız bir şəxsin adıyla bağlamaq cəhdidir.
Məntiqlə yanaşsaq, 44 il bundan öncə Heydər Əliyevin vəzifəyə gəlməsi bayram kimi qeyd olunursa, o zaman bu adamın ilk dəfə məktəbə getdiyi, ali məktəbə daxil olduğu, ali məktəbi bitirdiyi, ailə qurduğu, ilk övladının dünyaya gəldiyi gün də qeyd olunmalıdır. Əgər bu insan xilaskardırsa, deməli, onun bütün həyat epizodları bayram edilməlidir.
Istənilən halda Azərbaycana, onun tarixinə, bu gününə, sabahına aidiyyəti olmayan bir günün bayram kimi qeyd edilməsi, bu günün Azərbaycan xalqına tarixi gün kimi sıranması ədalətsizlikdir.
2013-cü ildə xalqı 10 manata möhtac qoyub, 1969-cu ilə milyonlar xərcləmək nə qədər düzgündür? Havaya sovrulan bu pulları daha zəruri problemlərin həllinə sərf etmək olmazmı?

«Yaltaqlıq pis şeydir, ancaq hakimiyyət yaltaqlığı da hörmətdən salıb»

Milli Şuranın üzvü Eldəniz Quliyev hesab edir ki, yaltaqlıqdan pis peşə olmasa da, hakimiyyət yaltaqlığı da gözdən salıb və bu cür bayramlarla biabırçı mənzərə yaradıb: “Özündə heç bir məna kəsb etməyən hadisələrlə bağlı canfəşanlıq və atəşfəşanlıq etmək sadəcə biabırçılıqdır. Ölkədə milyonlarla məcburi köçkünün olduğu, insanların sosial problemlərlə üzləşdiyi bir vaxtda milyonlar xərcləyib hansısa kommunist partiyası ilə bağlı bir günü qeyd etmək sadəcə ayıbdır. Bilmirsən güləsən, yoxsa ağlayasan. Bunların təfəkkürü orta əsr səviyyəsindədir”.

«Bu cür bayramlar keçirməklə Heydər Əliyevin cəmiyyətdə unudulmaqda olan obrazını qorumaq istəyirlər»

Milli Şuranın üzvü Ibrahim Ibrahimli bildirdi ki, bu hakimiyyət həmişə Heydər Əliyevin kölgəsində yaşayıb, həmişə Heydər Əliyev xarizmasının arxasında gizlənib: “Heydər Əliyevlə bağlı bir çox bayramların keçirilməsi, cəmiyyətdə Heydər Əliyev obrazının unudulmasının qarşısını almaq məqsədi güdür. Heydər Əliyev şəxsiyyətini insanların şüuraltına yerləşdirmək istəyirlər. Digər tərəfdən, bunu seçki öncəsi piar kimi də qiymətləndirmək olar. Ancaq insanların sosial problemlərin məngənəsində sıxıldığı bir vaxtda, mənasız tədbirlərə milyonlar xərcləmək əks-effekt verir və insanlarda haqlı narazılığa səbəb olur. Son dövrlərdə bu cür tədbirlərə 10 milyonlarla vəsait sərf olunub. Müxtəlif tədbirlərə ev sahibliyi etməklə, müxtəlif ölkələrdə layihələr həyata keçirməklə və bu cür bayramlarla ölkənin büdcəsin talan edirlər. Ancaq heç bir təbliğat, atəşfəşanlıq hakimiyyət daxilindəki çatları bərkidə bilməyəcək.(azadlıq)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button