Radikal sələfilərin və təkfirçilərin Suriyada terror qruplaşmalar tərəfində Bəşər Əsəd ordusuna qarşı döyüşmələri ilə əlaqədar yayılan xəbərlər artıq rəsmi təsdiqini tapdıqdan sonra, bəzi qüvvələr cəmiyyətdə məzhəb qarşıdurması yaratmaq üçün guya şiələrin də Suriyaya yollanaraq dövlət qüvvələrinə dəstək verdiyini iddia etdi. Amma heç bir faktsız, sübutsuz.
məsələ ilə bağlı Məşədi Dadaş məscidinin axundu Hacı Şahin Həsənli açıqlamasında təkfirçilərdən başqa heç bir məzhəb nümayəndələrinin Suriyada döyüşmədiyini, belə məlumatların məqsədli şəkildə yayıldığını bildirib. Onun sözlərinə görə, mətbuatda yayılmış bu məlumatlar Daxili İşlər Nazirliyi tərəfindən də təkzib edilib: “Hesab edirəm ki, bu məlumatlar məqsədli şəkildə ictimai fikri çaşdırmaq üçün dövriyyəyə buraxılır. Mənim əlimdə indiyə qədər elə bir fakt yoxdur ki, şiə icmasından kimsə Suriyaya gedib vuruşsun. Mətbuatda bir siyahı da dərc olunmuşdu, lakin bu, qeyri-müəyyəndir. Çünki radikal dini qruplaşmaların tərkibində döyüşənlərin meyitlərinin fotolarının şahidi olmuşuq. Əgər şiələr də döyüşür və öldürülürsə, niyə onların fotoları yayılmır. Faktiki olaraq şiələrlə bağlı belə bir fotonun şahidi olmamışıq. Buna görə də hesab edirəm ki, belə məlumatların heç bir əsası yoxdur”.
Ş. Həsənli qeyd edib ki, Suriyada dövlət tərəfindən ordu vuruşur. Onun sözlərinə görə, konkret olaraq bu orduya əsasən “Hizbullah”dan ibarət döyüşçülər kömək edir: “Bu təşkilat olduqca qapalıdır. Orda başqa millətlərin nümayəndələrinin vuruşması çətin məsələdir. Müxalifət tərəfindən isə muzdlular döyüşür. Yəni şiələrin ora getməsi, Əsəd tərəfindən vuruşması doğru deyil. Nardaran, Maştağa ağsaqqalları da bununla bağlı danışaraq təkzib ediblər”.
Axund əsas radikalların sələfilərin içində olduğunu deyib. Bildirib ki, şiələrin içində radikal qruplaşmalar yoxdur. “Mən özüm təkcə şiə icmasını deyil, həm də sünni icmasını təmsil edirəm. Şiələrin daxilində radikal qruplaşma var deyəndə nəyi nəzərdə tuturlar, anlamıram. Əsas radikallar sələfilərin içindədir. Suriyaya gedənlərə də kimlərinsə yardım etdiyi aydındır”-deyə o diqqətə çatdırıb.
Ş. Həsənli şiələrlə bağlı belə məlumatların Qafqaz Müsəlmanları İdarəsinin toplantısından sonra ortaya çıxdığını bildirib: “QMİ-nintoplantısından sonra müəyyən kompromat xarakterli məlumatlar mətbuata ötürülür. Bunun şahidi olmuşuq. Hesab edirəm ki, bu məlumatlar həmin qruplaşmalara mənsub olan insanlar tərəfindən məqsədi şəkildə ortaya atılır ki, kimlərsə mənəvi baxımdan gözdən salınsın. Eyni zamanda Suriyada fərqli dini cərəyanlara aid insanların döyüşdüyünə dair fikir çaşdırmaq istəyirlər. Mən bunları əsassız hesab edirəm”./Publika.Az/