Şuşada doğulmuşdu, Horadizdə şəhid oldu – VİDEO

Hörmətli oxucular! FaktXəbər olaraq Azərbaycanın şəhid oğulları ilə bağlı yeni layihəyə başlayırıq. Bu layihədə torpaqlarımızın qorunması uğrunda canlarından keçən şəhidlərimizin həyat yolu barədə danışacaq, onları ailə üzvləri və döyüş yoldaşları ilə söhbətlər edəcəyik. Siz oxuculardan da istəyimiz odur ki, bu işdə bizə yardımçı olasınız. Dost-tanışlarınız, qohumlarınız arasında olan şəhid ailələri ilə bizim görüşümüz təşkil edəsiniz. Keçdiyi həyat yolu barədə danışacağımız ilk şəhidimiz Qarabağ müharibəsi iştirakçısı, “Vətən uğrunda” medalı ilə təltif edilmiş Çingiz Cəfərovdur.
1986-cı ildə Tbilisi şəhərində 3 aylıq zabitlik kursunu bitirmiş, 1987-ci ildə isə Gəncədə hərbi hazırlıq qərargahında 25 günlük kurs keçmişdir. 1991-ci ilin noyabr ayında Şuşa ərazi müdafiə bataliyonunda rota komandiri olmuş, sonra batalyonun komandir müavininə qədər yüksəlmişdir.
Həkimlər səhhətinin pisləşməsi ilə əlaqədar hərbi xidmətini davam etdirməyə icazə verməsələr də, Çingiz bununla razılaşmamış və yenidən cəbhəyə yola düşmüşdür. Çingiz Şuşa ətrafında. Nəbilər, Qaybalı, Kərkicahan, Kosalar kəndlərində ağır döyüşlərdən keçmişdir.
Çingiz Füzuli rayonu ərazisində Horadiz qəsəbəsinin, rayonun bir sıra kəndlərinin azad olunmasında əsl qəhrəmanlıqlar göstərib.
1994-cü il yanvarın 23-də Horadiz qəsəbəsi istiqamətində gedən ağır döyülərdə Çingiz düşmənin 7 tankını, 300-ə yaxın canlı qüvvəsinin məhv edilməsində fəal iştirak edib, özü isə qəhrəmancasına həlak olub.
Çingiz ailəli idi. Onun üç övladı yadigar qalıb.
Məzarı Bakıdakı Şəhidlər Xiyabanındadır.
Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2005-ci il sərəncamı ilə polis leytenantı Cəfərov Çingiz Binnət oğlu – “Vətən uğrunda” medalı ilə (ölümündən sonra) təltif edilib.
|
||