Şuşalı Şəhidin vətənə yadigarı

Vetenugrunda.az oxucularına Şəhid Rizvan Rəhman oğlu Teymurovu xatırladacaq.
O, 1967-ci il 16 apreldə Şuşa rayonunun Quşçular kəndində ziyalı ailəsində anadan olub. 1984-cü ildə Quşçular kəndindəki orta məktəbi bitirib.
Omsk şəhərində hərbi xidmətini başa vurur və Vətənə qayıdır. Rizvan daha sonra 1987-ci ildə Arxangelsk vilayətində hərbiçi kimi xidmət edir. 1990-cı ildə o, geri dönür. Şuşa rayon Daxili İşlər Şöbəsinin nəzdində yaranan polis alayında fəaliyyət göstərir.
Elə ilk günlərdən də, döyüşlərə atılır. Cəsur, qeyrətli oğullardan ibarət olan bu polis alayı Qaradağlı, Sırxavənd, Umudlu, Meşəli, Cəmilli kəndlərində onlarla erməni yaraqlılarını məhv edir. Rizvan Qarabağı qarış-qarış gəzib, dəfələrlə qaynar döyüşlərdə erməniləri geri oturdur. 1991-ci il 9 dekabr Kərkicahan ətrafında gedən qanlı döyüşlərdə cəsur polis işçisi Teymurov Rizvan qəhrəmancasına Şəhid olur.
Şuşa rayonunun Quşçular kəndində dəfn edilib.
Teymurov Rizvan Rəhman oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
Bakının Nizami rayonundakı küçələrdən biri və həmçinin Quşçular kənd orta məktəbi onun adını daşıyır.
Rizvan Teymurov subay idi. Ondan bu vətənə qəhrəmanlığı, vətəni sevmək və qorumaq örnəyi yadigar qaldı