Əli Kərimlinin saxlanılması ilə bağlı RƏSMİ açıqlama yayıldı
AXCP-nin sədri Əli Kərimli başda olmaqla aksiyanın təşkilatçıları olan 11 nəfər saxlanılıblar
İslamazeri.com xəbər verir ki, bu haqda Bakı şəhər Baş Polis İdarəsi məlumat yayıb. Məlumatda deyilir: ” Noyabrın 17-si saat 16 radələrində Azərbaycan Xalq Cəbhəsi Partiyasının təxmini sayı 150 nəfərə qədər olan üzvləri Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən əvvəlcədən xəbərdarlıq edilmələrinə baxmayaraq, özlərinin adlandırdıqları “Meydan hərəkatı”nın 30 illiyi ilə əlaqədar, əslində isə siyasi məqsədlərlə paytaxtın Parlament prospektinə toplaşmaqla Şəhidlər Xiyabanı istiqamətində yürüş-mitinq keçirməyə cəhd göstəriblər.
Bakı şəhər Baş Polis İdarəsindən bildirilib ki, ərazidə xidmətdə olan polis əməkdaşlarının operativ olaraq həyata keçirdikləri qabaqlayıcı tədbirlərlə ictimai asayişin pozulması ilə müşayət olunan icazəsiz yürüş-mitinqin qarşısı alınıb və aksiyanın 52 nəfər iştirakçısı Səbail Rayon Polis İdarəsinə gətirilib. Onlardan 41 nəfəri xəbərdarlıq edilərək sərbəst buraxılıb, AXCP-nin sədri Əli Kərimli başda olmaqla aksiyanın təşkilatçıları olan 11 nəfər saxlanılıblar.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində İnzibati Xətalar Məcəlləsinin 513.1 və 513.2-ci maddələri ilə inzibati protokollar tərtib olunub və toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndəriləcək.
Ötən gün polis şöbəsindən sərbəst buraxılmış Milli Şuranın sədri Cəmil Həsənli bu gün Bakıda müxalifət fəalları və jurnalistlərlə keçirdiyi görüşdə bildirib ki, hazırda həbs altında saxlanılan AXCP sədri Əli Kərimlinın Bakı vaxtı ilə saat 15:00 radələrində öz vəkili ilə görüşəcəyi gözlənilir.
Onun sözlərinə görə, Əli Kərimli (və dünən saxlanılmış digər AXCP fəallar) İnzibati Xətalar Məcəlləsinin 513.1 və 513.2 maddələrilə (ictimai yerlərdə aksiyaların təşkili və keçirilməsi qaydalarının pozulması) ittiham olunurlar.
Milli Şuranın sədrinin sözlərinə görə, Əli Kərimlinin bu gün, noyabrın 18-də işinə məhkəmədə baxılacağı gözlənilir.
“Məlum olan mümkün yollar budur: Əli Kərimli ya azad buraxılmalı, ya cərimə olunmalı və ya inzibati qaydada həbs olunmalıdır”, – Cəmil Həsənli görüşdə bildirib.
Onun sözlərinə görə, qeyd edilmiş maddələrə əsasən, məhkəmə Əli Kərimlinin həbs olunacağı barədə qərar çıxaracaqsa, həmin həbs müddəti 60 gündən çox ola bilməz.
Cəmil Həsənli qeyd edib ki, Əli Kərimlinin həbs olunacağı barədə məhkəmə qərarı çıxarılacaqsa, Milli Şura və AXCP onun müdafiəsini təşkil edəcək.
“Biz Milli Şura olaraq Əli Kərimlinin müdafiəsini üzərimizə götürürük, – Cəmil Həsənli bəyan edib – Bunun üçün qanun çərçivəsində mümkün olan bütün siyasi, ictimai və hüquq imkanlarından istifadə edəcəyik”.
Noyabrın 17-də, Milli Dirçəliş günü ilə bağlı Bakıda, Şəhidlər Xiyabanı qarşısında tədbirə qatılmaq cəhdi vaxtı bir qrup fəal ilə birgə saxlanılmış Milli Şuranın sədri Cəmil Həsənli sərbəst buraxılıb.