“Əli Kərimliyə qarşı ciddi provakasiya hazırlanır”-AXCP bəyanat yaydı

B Ə Y A N A T I
Bakı şəhəri, 29 aprel 2020-ci il
Hakimiyyət orqanları Azərbaycan Xalq Cəbhəsi Partiyasına və onun sədri Əli Kərimliyə qarşı ciddi provakasiya hazırlığı içərisindədir. Əli Kərimlinin inzibati həbs olunmuş mühafizəçisi Niyaməddin Əhmədov dünən (28 aprel 2020) DİN-in inzibati həbs edilənlərin saxlama mərkəzindən naməlum istiqamətə aparılaraq 12 saat ərzində igəncələrə məruz qoyulub. Ondan AXCP sədri Əli Kərimli əleyhinə ifadələr almaq istəyən şəxslər Niyaməddin Əhmədovun sağlamlığına ciddi ziyan vurublar. Şübhə yoxdur ki, İlham Əllyevin tapşırığı ilə hüquq mühafizə orqanları Əli Kərimliyə qarşı belə ifadələr almaq istəməklə onu həbs etmək planını icra etmək fikrinə düşüblər.
Azərbaycan Xalq Cəbhəsi Partiyası bəyan edir ki, baş verənlər Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinə zidd olmaqla, həm də yol verilmiş cinayət əməlidir. Çünki, məhkəmə orqanlarının qərarı ilə inzibati həbs alan vətəndaşın təyin olunmuş saxlanma yerindən başqa yerə aparılaraq işgəncəyə məruz qoyulmasının məsuliyyəti bu qərarın icraçısı olan DİN-in və siyasi hakimiyyətin, birbaşa İlham Əliyevin üzərinə düşür.
Artıq yerli və beynəlxaql aləmdə heç bir şübhə yoxdur ki, bu repressiyalar İlham Əliyevin bu ilki 19 mart və 14 aprel çıxışlarından irəli gələn direktivlərin polis orqanları tərəfindən icrasıdır. Bununla belə heç kim qanunun qarşısındakı məsuliyyətindən yaxa qurtaracağına əmin olmasın.
AXCP bəyan edir ki, bu cür repressiyalar bizi hiddətləndirməklə bir daha Azərbaycanda azad və ədalətli cəmiyyətin bərqərar olmasındakı dinc və demokratik mübarizəyə əzmimizi artırır.