ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər
Qubad İbadoğluya qarşı irəli sürülmüş ittihamın detalları məlum olub

Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) həbsdə olan sədri, professor Qubad İbadoğluya qarşı yeni irəli sürülmüş “dini ekstremist materiallar” ittihamıyla bağlı müəyyən detallar məlum olub. İddia edilir ki, Qubad İbadoğlu saxlandığı gün – iyunun 23-də ofisdə, 26-da isə onun evində aparılan axtarışlar zamanı götürülən iki kompüterdən Fətullah Gülənin 50-yə yaxın kitabının PDF variantları çıxıb. Bu barədə ADR sədrinin qardaşı Qalib Bayramov məlumat verərək vurğulayıb ki, bu barədə iddialar absurddur.
Qalib Bayramov deyir ki, ofisdəki kompüterin ümumiyyətlə, qardaşına heç bir aidiyyəti yoxdur, heç vaxt onun istifadəsində olmayıb. Qalib Bayramovun sözlərinə görə, götürülən kompüter ona məxsusdur:
“Ofisdəki kompüterlərin Qubad İbadoğluna və ADR-ə heç bir aidiyyəti yoxdur. O kompüterlər mənə məxsusdur. Qardaşım heç vaxt o kompüterlərdə işləməyib”.
Qubad İbadoğlunun evindən götürülən kompüterə gəlincə, qardaşı deyir ki, o da işlək deyil. Qalib Bayramovun sözlərinə görə, son 10 ildə həmin kompüter bir dəfə də olsun, işə salınmayıb.
“Yalanın, böhtanın və şərin miqyası təsəvvür edilməyəcək dərəcədə böyükdür. Dini ekstremizm iittihamı isə saxta pul kəsmək ittihamı kimi, naşı əlindən çıxmış dərəcədə absurddur…”, – Qalib Bayramovun sözləridir.
Qubad İbadoğlu avqustun 25-də müstəntiq ona Cinayət Məcəlləsinin 167-3.1-ci (Dini ekstremist materialları hazırlama, saxlama, yayma) maddəsilə yeni ittihamı elan edərkən etiraz olaraq, sənədləri imzalamayıb. Eyni zamanda, iqtisadçı ifadə verməkdən də imtina edərək, bu ittihamın absurd və cəfəngiyyat olduğunu bildirib.
Avqustun 26-da ailə üzvləri də Bakı İstintaq Təcridxanasında Qubad İbadoğlu ilə görüşüb. Qardaşı deyir ki, 4 saatlıq görüş hüquqları olmasına baxmayaraq, 30 dəqiqə tamam olmamış artıq onları narahat etməyə, görüşü yekunlaşdırmağı tələb etməyə başlamışdılar.
