İslam dini insanları təhsilə, elmə, həmrəyliyə çağırır, dini radikalizmə və erkən nikaha “yox!” deyir

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Astara Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Astara rayonun Şahağacı kənd 2 nömrəli tam orta məktəbində keçirilən maarifləndirici tədbirdə uşaqların təhsil hüququnun pozulması və erkən nikah problemi əsas müzakirə mövzusu olub.
Tədbirdə çıxış edən məktəbin direktoru Sakit Mürsəlov uşaqların hüquqlarının qorunmasına dövlətimizin xusüsi əhəmiyyət verdiyini və keçirilən tədbirlərin onların öz hüquqlarını bilmələri baxımından böyük rol oynadığını bildirib.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Turan Həsənzadə çıxışında erkən nikah və onun cəmiyyətimiz üçün mənfi fəsadları haqqında danışıb. T.Həsənzadə müasir dövrdə erkən nikahın yaratdığı mənəvi, sosial və hüquqi zərərləri qeyd edərək məktəbliləri erkən nikahdan uzaq olmağa çağırıb.
Astara Rayon Təhsil Şöbəsinin əməkdaşı Baloğlan Əliyev çıxışında uşaqların təhsil hüququ haqqında ətraflı məlumat verərək, onların milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi və keyfiyyətli təhsil almaları üçün əlverişli şəraitin yaradıldığını bildirib.
AZƏRTAC