Aktual

Hakimiyyətin ikinci namizəd planı işə düşüb

İlham Əliyevin xanımı Mehriban Əliyevanın namizədliyinin irəli sürülməsi hakimiyyətin üst qatında razılaşdırılmış addımdır. Hazırda bu istiqamətdə Bakı kəndlərilə ciddi iş aparılır. Bu barədə “Azadlıq”a daxil olan məlumatlarda bildirilir.
Iddialara görə, Mehriban Əliyeva ilə bağlı projedə “Tövbə” Cəmiyyətinin sədri Hacı Əbdül də rol alıb. Hacı Əbdülün son günlər aktivləşməsi məhz bununla izah edilir. Xatırladaq ki, “Tövbə” Cəmiyyətinin sədri son iki həftədə iki mətbuat konfransı keçirib. Onlardan birində “Vətən Naminə” Xalq Birliyi adlı yeni təşkilat təsis etdiyini bəyan edib. Bu təşkilatın siyasi yönümlü olması Hacı Əbdülün fikirlərindən açıq-aydın sezilib. O özü də bunu gizlətməyib. Lakin iqtidarı və ya müxalifəti dəstəklədiyi barədə qeyri-müəyyən danışıb.
Bunun ardınca Hacı Əbdülün rəhbərlik etdiyi təşkilatla “Bakı-Dirçəliş” Ictimai Birliyi adlı qurum arasında müttəfiqlik sazişinin imzalanması ilə bağlı tədbir düzənlənib. “Bakı-Dirçəliş” Ictimai Birliyinin rəhbəri Abbasağa Məmmədlidir. Məlumatlara görə, o, vaxtilə təhlükəsizlik orqanlarında çalışıb.
Məlumatlarda deyilir ki, Hacı Əbdül Bakı kəndlərində nüfuzlu şəxslərə müraciət edərək onları Mehriban Əliyevanın namizədliyini dəstəkləməyə çağırıb. Lakin hələki bunu açıq-aydın bəyan etməyə ehtiyat edirlər.
Bu məlumatlar Demokratik Azərbaycan Dünyası Partiyası (DADP) adından Mehriban Əliyevanın namizədliyinin irəli sürülməsinin özfəaliyyət olmadığını bir daha təsdiq edir.
Xəbərlərdə deyilir ki, birinci ledinin namizədliyi hakimiyyətə Bakı-Şirvan elektoratını parçalamaq üçün lazımdır. Hakimiyyət bu planın üstü açılmasın deyə Mehriban Əliyevanın namizədliyinin irəli sürülməsini təxribat kimi qiymətləndirir. Digər tərəfdən iqtidardakı “Naxçıvan” qruplaşması hətta bu şərtlə Mehriban Əliyevanın namizədliyinin irəli sürülməsindən ehtiyatlanır. “Naxçıvan” qruplaşması düşünür ki, bu, onları arxayın salmaq üçün Paşayevlərin oyunu ola bilər.
Mehriban Əliyevanın özünün hələki bu məsələyə münasibət bildirməməsi də bunun özfəaliyyət olmadığını deməyə əsas verir.
Bu arada DADP-nin keçmiş sədri Mirkazım Kazımov maraqlı açıqlamalar verib. O, “Yeni Müsavat”a müsahibəsində deyib ki, DADP-yə dəvət ediləndə bu partiyanın arxasında Mehriban Əliyevanın dayandığı barədə söz-söhbətlər olub: “Mən partiyaya gələn ərəfədə təşkilat ətrafında belə bir söhbətlər, ab-hava var idi ki, DADP-ın arxasında Mehriban xanım dayanır. Hətta belə söz-söhbət də gəzirdi ki, partiyanın qurultayında hörmətli ağsaqqalımız, akademik Arif Paşayev DADP-nin fəxri prezidenti seçiləcək. Amma bu deyilənlərin hüquqi əsası yox idi. Məmməd Əlizadəyə də bildirmişdim ki, kimlərinsə müxtəlif nüfuzlu şəxslərin adından sui-istifadə etmək cəhdlərinə imkan vermək olmaz. Əgər bu yolu tutsaq, partiya gec-tez məhvə məhkumdur. Dəfələrlə bəyanat versək də ki, bu partiyanın Paşayevlərə heç bir əlaqəsi yoxdur, şayiələrin qarşısını almaq olmurdu. Hətta belə şayiələr də dolaşırdı ki, bu partiyaya təhlükəsizlik xidmətləri dəstək verir. Bəyanatlarımıza baxmayaraq, partiyaya gələn çoxsaylı adamlar deyirdilər ki, DADP Mehriban xanımın partiyasıdır, biz bura onun adına gəlirik”.
DADP-nin Əlisahib Hüseynov rəhbərlik etdiyi qanadının yetkilisi Sevda Xurşudova da “Azadlıq”a açıqlamalarında bildirib ki, o, bu partiyaya Mehriban Əliyevaya görə gəlib. Sevda Xurşudovanın sözlərinə görə, ona deyiblər ki, DADP Mehriban Əliyevanın partiyasıdır. O, birinci ledinin namizədliyinin irəli sürülməsini də bununla əsaslandırıb.
DADP-nin Mehriban Əliyevanın adı ilə bağlanması partiya rəhbərliyinin blefi olması inandırıcı görünmür. Əks-təqdirdə buna görə Məmməd Əlizadə ciddi şəkildə cəzalandırılardı.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button