“Əxlaqlı seçki və ədalətli hakimiyət uğrunda hərəkat”ın Məşvərət Şurasının növbəti toplantısı keçirildi

Quran tilavətindən sonra iclasa sədrlik edən AİP sədr müavini Akif Heydərli müqəddəs Ramazan ayının gəlişi münasibətilə toplantı iştirakçılarını təbrik etdi, həmçinin MŞ adından xalqımıza və bütün müsəlmanlara təbrik ünvanladı.
Çıxış üçün ilk söz AİP sədrinin birinci müavini Hacı İnqilab Əhədliyə verildi. O dedi: «İslamda seçkinin iki təzahür forması var. Əvvəla, Allah özünün yaratdığı Adəm övladları üçün zaman-zaman 124 min peyğəmbər göndərib. Bu Allahın seçimidir və bunun üçün Yaradana Konstitusiya, seçki hüquqları lazım deyil. Sonuncu peyğəmbərdən sonra Qədir Xumda İmam Əli (ə) İslam dünyasının xəlifəsi seçildi. İmam Əliyə (ə) səs verənlər peyğəmbərin vəfatından sonra özləri yeni batil seçim etdilər. Ona görə ki, Allah Peyğəmbərdən (s) sonra artıq İmam Əlini seçmişdi. Ondan sonra hakimiyyət onun övladlarına keçməli idi. Əli İbn Əbu Talib 25 il sonra artıq insanların seçimi ilə xəlifə oldu. Biz də İmamın qeybdə olduğu bir zamanda demokratik, azad seçkilərə qatılmalıyıq və ədalətli seçkinin müdafisəində dayanmalıyıq.»
Çıxış üçün söz alan Hacı Seyran Rzayev bu seçkinin xalqmızın taleyində oynayacağı böyük roldan danışaraq möminlərin bu hərəkatda fəallıq göstərmələrinin vacibliyini qeyd etdi və bütün möminləri hərəkata qoşulamağa çağırdı. O, bildirdi ki, hal-hazırda ölkəmizdə on il bundan öncəkinə nisbətən möminlərin sayı və aktivliyi xeyli artıb. Bu seçim öhdəmizə çox böyük vəzifələr qoyur. İstər islamçıların təbliğat kampaniyasında, istərsə də cəmiyyətimizin inanclı təbəqəsinin səfərbərliyə alınmasında hər birimizin üzərinə vəzifə düşür və harada olmağımızdan, kiminlə söhbətimizdən asılı olmayaraq hakimiyyətə iddialı şəxslərin seçicilərin onlara verdikləri aldadıcı vədlərə uymalarına, boş, ümidsiz çağırışlara getmələrinə, müvəqqəti, keçici güzəştlərə aldanmalarına imkan verməməliyik. Eyni zamanda ədalətli hakimiyyətin seçimi və təşkili uğrunda mübarizəmizdə yubanmaq, fasiləyə yol vermək olmaz-deyə, hacı Seyran bildirib.
Hacı Növrəstə İbrahimova çıxışında istər ilahi seçkidə, istərsə də adi prezident seçkisində Allahın təqdiri olduğunu deyib. O, bildirdi ki, əgər hesab edirlərsə, seçkinin taleyi dövlətin mənbəyi olan xalqdan, onun seçici qismindən, iradəsindən və düzgün, ədalətli seçimindən asılıdır, o zaman seçiciyə sərbəst seçmək imkanı verilməklə, haqsız təqib olunan, bilərəkdən seçkidən uzaqlaşdırılmaq məqsədilə məhbəsə atılan siyasi şəxsiyyətlərin passiv seçki hüququ tanınsın, onların, həmçinin Hacı Mövsüm Səmədovun azadlığı təmin edilsin, onsuz da xalq artıq öz seçimini qəlblərində etmişdir.
Qarşımızda sadəcə bunu reallaşdırmaq və beynəlxalq aləmə təqdim etmək durur. Bu gün Hacı Mövsüm Səmədov doğrudan da Azərbaycanımızı və xalqımızı layiq olduğumuz səviyyədə mahiyyətimiz və əsl dəyərimizlə dünyada təmsil etmək ləyaqətinə malikdir. Biz bunun asanlıqla həll olunacağını zənn etmirik. Çünki vəzifəpərəstlər kreslolarından o qədər möhkəm yapışıblar ki, bunun qarşılığında heç nə, heç xalq da gözlərinə görünmür. Fəqət çıxış yolu insanların, seçicilərin bu cür taleyüklü məsələyə laqeyd yanaşmamasında, xalqımızın şərəf və ləyaqətini qorumaq xatirinə əsl iradə nümayiş etdirmələrindədir. Necə ki, Hindistanda Mahatma Qandi İmam Hüseyni dərk etdikdən sonra əsrlərlə köləlikdə qalan xalqını böyük azadlığa çıxara bildi,-deyə N. İbrahimova bildirdi.
MŞ-nın toplantısında həmçinin Fəyyaz Nəbizadə, Hacı Əli Hüseynov, Zamin Məcidli, Davud Şıxıyev, Hacı Ərəstun, Kərbəlayi Səbuhi və başqaları çıxış edərək Hacı Mövsüm Səmədovun prezidentliyə namizədliyinin dəstəklənməsini təqdirəlayiq addım kimi qiymətləndirdilər və bu istiqamətdə təbliğatın daha da gücləndirilməsini, bütün möminlərin səfərbər olunmasının zəruriliyini vurğuladılar.
Toplantıda geniş çıxış edən A.Heydərli prezident seçkilərinin demokratik keçirilməsində başlıca amillərdən danışaraq qeyd etdi ki, seçkinin müəyyən məhdud zaman çərçivısi və bu çərçivədə hazırkı iqtidarın uzun illərdəki fəaliyyəti zamanı istər Azərbaycanın beynəlxalq aləmdəki imicinə, istərsə də müsəlman dünyasındakı etimadsızlığına səbəb olan, amma bu reallığa qarşı ikinci neqativlikləri törətməklə müəyyən qüvvələrin vasitəsilə postunu qorumaq, hakimiyyəti əldə saxlamaq cəhdi xalqın ciddi narazılığına səbəb olmuşdur ki, nəticə etibarı ilə bu addımlarla indiki hakimiyyət seçimdə Azərbaycan seçicisinin iradə və etimadına söykənmək fikrində olmadığı görünür. Daha sonra A. Heydərli AİP-in seçki hazırlığının seçkiyə beş ay qalmış qurum yaratmaqla deyil, dövləti idarəetmədəki naqisliklərin illər boyu dilə gətirilməsilə xalqı ədalətli cəmiyyət qurulmasına səfərbər etməklə mübarizədə partiya sədrinin 2011-ci il 2 yanvar tarixli çızışıyla pik nöqtəsinə çatdırılmasını dilə gətirdi. O, demokratik seçkinin başlıca şərtlərindən biri kimi prezident seçkisini ümumxalq hərəkatına çevirməkdə olduğunu, xalqın öz taleyinə biganə qalmayaraq seçdiyinin arxasında iradə və şücaət göstərməsini vurğuladı. O qeyd etdi ki, bu gün hakimiyyətə iddialı qüvvələr xalqımızın gələcəyini Avropada, Amerikada axtaranlar yaxın keçmişimizdən nəticə çıxarmalıdırlar. Kimin üçünsə rusların, amerikalıların, fransızların həyat tərzi məqbul sayıla, qəbul edilə bilər, amma qüvvə və iradəsinə söykənən xalq öz mental həyat tərzini seçə bildiyi kimi, özünə uyğun prezident də seçə bilər.
Məşvərət Şurasında müzakirə olunan məsələlər barədə qərarlar qəbul edildi. AİP Baş Məclisində Hacı Mövsüm Səmədovun prezidentliyə namizədliyinin irəli sürülməsi yekdilliklə dəstəkləndi. Digər qərara görə, məclis üzvlərinin ölkə ruhanilərinə xalqın gələcək taleyüklü məsələsində daha aktiv fəaliyyət göstərmələri üçün müraciət qəbul olundu. Sonuncu qərar isə təbliğat-təşviqat işlərinin gücləndirilməsi, bölgələr üzrə vahid məşvərət mərkəzlərinin və qərargahların yaradılması, şəhid və məhbus ailələri ilə mütəmadi görüşlərin təşkil edilməsi haqqında oldu. Bununla da MŞ öz işini başa vurdu.(İslaminsesi)