Azərbaycanda siyasi partiyalarda sələfilər var

Qeyd edək ki, Azərbaycanda müxtəlif sahələrdə, xüsusən də ticarət sahəsində çalışan xeyli sayda sələfi var. Ötən gün ANS telekanalı “Sədərək” Ticarət Mərkəzində olaraq burda çalışan sələfilərlə danışıb. Maraqlıdır, Azərbaycan siyasi təşkilatlarında sələfi əqidəli insanlar varmı?
kiçik araşdırmadan sonra öyrəndik ki, ölkənin siyasi partiyalarında da sələfi cərəyanına mənsub insanlar kifayət qədərdir. Ancaq bu insanlar əsasən mötədil sələfilərdir, radikal qruplara üzv olan sələfilər isə siyasi fəaliyyətdən uzaq dururlar, ümumiyyətlə, siyasi hakimiyyəti qəbul etmədikləri üçün siyasi partiyalarda olmurlar. Digər tərəfdən, partiyaların nizamnaməsi savaşlara qatılan radikal görüşləri qəbul etmir.
Ümid Partiyasının sədri İqbal Ağazadə deyir ki, partiyada sələfi cərəyanına mənsub insanlar var və onlarla normal münasibətlər mövcuddur. Sitat: “Bizim partiyada sələfi cərəyanına mənsub insanlar var. Onlarla çox normal münasibətlərimiz var. Bizim partiya açıq partiyadır. Bütün qruplara açıqdır, bütün məzhəb və təriqətdən olan insanlar var və hamısına da hörmətlə yanaşırıq. Suriyaya gedənlər yoxdur. Hamısını təbii ki, kontrolda saxlamaq mümkün deyil, amma ən azından bizə məlum olan yoxdur”.
Müsavat Partiyası sədrinin müavini Gülağa Aslanlı Müsavat Partiyasında sələfi üzvlərin olması ilə bağlı məlumatsız olduğunu bildirdi.
AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilov deyir ki, partiyada mötədil sələfilərin olması mümkündür. Ancaq radikal qrupların üzvlərinin AXCP-də yoxdur: “Xalq Cəbhəsi nizamnamə və praktik fəaliyyətində zorakılığı, terroru rədd edir, belə yanaşmanı qəbul etmir, bu düşüncədə olan insanla bir yerdə yürüməyimiz mümkün deyil. Xalq Cəbhəsi demokratik təşkilatdır. Xəvariclər bizim sıramızda ola bilməz. Mötədillər isə mümkündür, ehtimal edirəm. Heç bir radikal təmayülə AXCP-də yer yoxdur, eləcə də dini”./Yeni Şərq/