Ayətullah Xameneinin Yəmən haqda buyurduqları

QAFQAZ.IR – Ali Dini Lider Seyid Əli Xamenei Səudiyyə Ərəbistanına qarşı kəskin bəyanatla çıxış edib
Bildirilir ki, İraq prezidenti Fuad Məsumu qəbul edən Ayətullah Xamenei regionda baş verən hadisələri dəyərləndirib. Ali Dini Lider Səudiyyə Ərəbistanının səhv etdiyini və axmaqca bir addım atdığını deyib.
“Ən qısa zamanda Yəməndə günahsız insanların öldürülməsi dayandırılmalıdır. Yəmən hadisəsi, rəsmi Riyazın qərar mexanizminin müdriklikdən uzaq və cahil düşüncəyə malki olduğunu göstərir. Səudiyyə Ərəbistanının Yəmənə hücum səbəbi axmaqcadır. Onlar, istefa edərək qaçan və ən həssas dövründə ölkəsinə xəyanət edən sabiq prezidentin tələbi ilə Yəmənə giriblər. Səudiyyə Ərəbistanı Yəməndə böyük səhvə yol verdi. Yəməndə işlədiyi cinayətin izləri bir gün Səudiyyə Ərəbistanının yaxasından yapışacaq.” – deyə Ayətullah Xamenei bəyanatında bildirib.
Bundan başqa, regional məsələlərdə İraqın da təsir qüvvəsinə malik olduğunu deyən Ayətullah Xamenei, İraqda istiqrarın gücləndirilməsi üçün bu ölkəyə hər cür yardımı göstərməyə hazır olduqlarını buyurub.
İraq prezidenti Fuad Məsum isə ölkəsinə göstərdiyi hər cür yardıma görə, Ayətullah Seyid Əli Xameneiyə təşəkkürünü bildirib.
“İraq xalqı və hökuməti İŞİD hücumlarının intensivləşdiyi bir vaxtda İranın ölkəmizə etdiyi yardımları heç bir vaxt unutmayacaq. Suriyada olan İŞİD-lə İraqda olanın heç bir fərqi yoxdur. Çünki İŞİD bütün region və dünya üçün ortaq təhlükədir”.