Ramiz Mehdiyev küncə sıxışdırılıb

Qarşıdan gələn prezident seçkisi ilə bağlı hakimiyyətdə iş bölgüsü aparılması barədə məlumat vermişdik. Həmin məlumatda deyilirdi ki, mətbuatın kurasiyası Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə tapşırılıb. O, iqtidarın nəzarətində olan medianın seçki prosesindəki daha səmərəli fəaliyyətini təmin etməli, ideoloji işə nəzarət etməlidir.
Seçki ilə bağlı qalan işlərə – təbliğat kampaniyasına, inzibati resurslardan istifadəyə, büdcə təşkilatlarının seçki ilə bağlı fəaliyyəti və s. – nəzarət isə prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədova tapşırılıb.
Yazdıqlarımız təsdiqin tapmaqdadır. Təsadüfi deyil ki, dünən Prezident Administrasiyası rəhbərinin müavini, regional idarəetmə və özünü idaretmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev qarşıdan gələn prezident seçkisi ilə bağlı açıqlamalar verib. O, Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən dairə seçki komissiyaalarının (DSK) sədrləri üçün Bakıda başlayan ənənəvi bir həftəlik seçki hüququ üzrə ixtisaslaşmış kurslarların açılışında iştirak edib və seçki prosesindən danışıb. Zeynal Nağdəliyevin seçki ilə bağlı çıxışlar etməsi nadir hallardandır. Bu baxımdan indi onun önə çıxması təsadüfi sayıla bilməz. Əldə etdiyimiz məlumatlara görə, Əli Əsədov icra başçılarının koordinasiya olunmasını ona tapşırıb. Zeynal Nağdəliyev adi vaxtlarda bu işi yerinə yetirir. Lakin bundan əvvəlki seçklərin keçirilməsinə nəzarət edən PA rəhbəri Ramiz Mehdiyev onun önə çıxmasına imkan verməyib. O, özü rayon rəhbərləri ilə birbaşa əlaqə yaradıb, yaxud da bunu öz komandasına daxil olanlara tapşırıb. Lakin indi vəziyyət başqadır. Ramiz Mehdiyevin vəzifəsi mətbuatı kurasiya etməklə məhdudlaşdırılıb. Seçkinin keçirilməsini faktiki olaraq Paşayevlər nəzarətə götürüb. Əli Əsədov və Zeynal Nağdəliyev də bu cinahda təmsil olunur.
Məlumatlarda iddia olunur ki, Ramiz Mehdiyev birmənalı şəkildə küncə sıxışdırılıb. Əks-təqdirdə Paşayevlərə yaxın şəxslərin seçkilə bağlı məsələlərdə önə çıxması mümkün olmazdı.(azadlıq)