Azərbaycan Respublikası Müdafiə Nazirliyi məlumat yayıb.
Qoşunların təmas xəttində guya Silahlı Qüvvələrimizin bölmələri tərəfindən təxribat törədilməsi barədə Ermənistan kütləvi informasiya vasitələrinin yaydığı məlumatlar həqiqətə uyğun deyil və dezinformasiya xarakteri daşıyır.
İnterAz-ın xəbərinə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.
Məlumatda deyilir ki, martın 19-da cəbhədə baş vermiş döyüş toqquşması nəticəsində müdafiənin ön xəttində yerləşən əsgər və zabitlərimiz düşmənə ağır zərbə vuraraq 20-dək erməni hərbi qulluqçusunu məhv edib və yaralayıb.
“Ermənistanın Müdafiə Nazirliyi cəbhədə ölən əsgərlərin analarının ölkənin hərbi-siyasi rəhbərliyinə qarşı qəzəbinin artmasından ehtiyat edərək uğursuz hərbi əməliyyatları və itkilərinin sayı barədə məlumatları qəsdən gizlədir, xalqın fikrini yayındırmağa çalışırlar.
Silahlı Qüvvələrimizin tank bölmələrinin heyətləri qarşısında çıxış edən müdafiə naziri general-polkovnik Zakir Həsənov ermənilərin son vaxtlar cəbhədə vəziyyəti gərginləşdirmək məqsədilə törətdikləri təxribatlara cavab olaraq bildirib ki, düşmən birmənalı olaraq anlamalıdır ki, özgə torpağına soxulub və sağ-salamat qalmasının yeganə yolu işğal olunmuş Azərbaycan ərazilərini tezliklə və birdəfəlik tərk etməsidir.
****
Bu dəqiqələrdə Dağlıq Qarabağdakı qondarma erməni rejiminin “müdafiə nazirliyi” təmas xəttinin Goranboy rayonu istiqamətində erməni ordusunun ciddi itki verdiyini təsdiqləyib.
Virtualaz.org saytı xəbər verir ki, erməni tərəfinin məlumatına əsasən martın 19-da, saat 08:30 radələrində Azərbaycan ordusunun gücləndirilmiş xüsusi təyinatlı dəstəsi Goranboy rayonunun şimal istiqamətindən diversiya həmləsi həyata keçirib.
2 saata yaxın davam edən döyüş zamanı erməni ordusunun 3 hərbçisi-Akop Qaqikoviç Xaçatryna (1996-cı il), Eduard Qaqikoviç Ayrapetyan (1995-ci il) və Arşak Karenoviç Arutyunyan (1995-ci il) öldürülüblər. Daha 4 erməni hərbçisi yaralanıb.
Qondarma rejimin “müdafiə nazirliyi” iddia edir ki, erməni bölmələri köməyə əlavə qüvvələrin gəlməsindən sonra hücum edən xüsusi təyinatlıları geri oturdublar, bundan sonra onları təqib ediblər və qrupu “məhv ediblər”.
Döyüşlərin detalları və “maddi sübutlar” haqda daha sonra məlumat veriləcəyi bildirilir. Azərbaycan Müdafiə Nazirliyi hələlik baş verənlərə şərh verməyib.
****
News.am saytı da Ermənistan ordusunun təmas xəttində gedən döyüşlərdə itki verdiyini təsdiqləyir.
Saytın yazdığına görə, “Dağlıq Qarabağ ordusu”nun hərbçiləri arasında yaralılar var, hazırda onların üzərində cərrahiyyə əməliyyatı gedir.
“Pastinfo” saytı isə döyüşlərdə 3 erməni hərbçisinin öldürüldüyünü təsdiqləyib. Hələlik Ermənistan Müdafiə Nazirliyi və Dağlıq Qarabağdakı qondarma rejim təmas xəttində baş verənlərə dair şərh vermir.
****
Ermənistanın tert.am agentliyinin yaydığı məlumata görə Azərbaycan ordusunun xüsusi təyinatlıları martın 15-dən 16-na keçən gecə Qarabağda, Talış kəndi istiqamətində erməni qüvvələrinin mövqelərinə həmlə edib.
Erməni mətbuatı xəbər verir ki, erməni tərəf həmləni “vaxtında” aşkar edib və xüsusi təyinatlılarla döyüş başlayıb. Yarım saat davam edən döyüş zamanı Ermənistan ordusunun üç hərbçisi öldürülüb, yaralılar var.
Sayt yazır ki, Ermənistan Müdafiə Nazirliyi əsgər analarının haqlı qəzəbindən qorxaraq bu itkiləri açıqlamır.