“Ümmət oyunbazların səylərini puça çıxarmalıdır”

Hacı İlqar İbrahimoğlu: “Qarabağ dərdi olan bizlər üçün bu mövzular xüsusi önəm kəsb edir”
Son günlər Bəhreyndə Əhli-beyt tərəfdarlarına qarşı hakimiyyətin başlatdığı təqiblər yenidən geniş vüsət almağa başlayıb. Ruhani Şeyx İsa Qasimin həyatı üçün təhlükə olduğunu nəzərə alan tərəfdarları onun evinin ətrafında oturaq aksiyalar keçirirlər. Bəhreyndə baş verən hadisələri ilahiyyatçı filosof Hacı İlqar İbrahimoğlu FaktXəbər-ə şərh edib:
Bəhreyn hadisələri ilə bağlı durum ağır olaraq qalır. İlahiyyatçıların təqibi, Əhli-Beyt (ə) davamçılarına qarşı qanunsuzluqlar və özbaşınalıqlar davam edir. Bu proseslərdə bir neçə xətt sezilir:
1) Təkfirçi rejimlərin və hegemonların, sionistlərin əlaltısı olanların genişmiqyaslı təqib və təzyiq cəbhəsi genişlənərək, müsəlman coğrafiyasının bir çox regionlarını əhatə etmişdir. Səudiyyə, İraq, Suriya, Nigeriya, Livan, Pakistan, Əfqanıstan və digər ölkələrdə baş verənlər – sionist və imperialist qüvvələrin icraçılarının ümməti parçalamaq proqramının tərkib hissəsidir. Bu baxımdan, Yəmən hadisələri həmin proqramın davamıdır. Harada təşkil olunmuş, kompakt yaşayan, təmərküzləşmiş Əhli-Beyt (ə) ardıcılları varsa, hegemon və sionistlər təkfirçi-vəhhabi ünsürləri təlimatlandırıb, həmin durumu aradan aparmaq, heç olmasa, zəiflətmək üçün yönləndirirlər.
2) Əhli-Beyt (ə) camiəsi öz intibah dövrünü yaşayır. Ümmətin birliyinə, vəhdətinə böyük və həlledici töhfə verən bu camiə, hegemon-sionist qüvvələrin qarşısında duran təşkilatlanmış bir fenomen olaraq, öz mübarək missiyasını daşıyır, bütün itkilərə və təqiblərə baxmayaraq, Həzrət Peyğəmbər (s) dininin yaşadılması vəzifəsinin şərəfli ağırlığını aparmaqda davam edir. Və Yəmən hadisələri bunun ən bariz göstəricilərindəndir.
3) Düşmənlərin bütün səylərinə baxmayaraq, sionist və hegemonların əlaltıları olan təkfirçilərin ümməti parçalamaq, özlərini guya əhli-sünnə göstərmək, məzhəblərarası qarşıdurma yaratmaq planları iflasa uğradı. Bu, ən əsas zəfər məqamlarından sayıla bilər. Nəzərə alsaq ki, böyük alimlərimiz ümmətin vəhdətinə nə böyüklükdə əhəmiyyət verirlər, sözügedən məqamın həqiqi rolu daha yaxşı başa düşülər.
4) Təkfirçi-vəhhabilərdən bir qorxunc nəsnə düzəldərək, bunları müsəlman obrazı kimi dünyaya sırımaq cəhdləri zaman-zaman davam edir. Bu mövzuda milyarda yarımlıq ümmət hələ öz sözünü deməyib. Ümmətin böyük hissəsi yuxulu vəziyyətdən ayılmalı, müsbət nümunələr üzərində düşünməli, proqramlı və sistemli iş görərək, oyunbazların səylərini puça çıxarmalıdır.
5) Bəzi məzhəb təəssübkeşləri siono-faşistlərin və hegemonların oyunlarını vaxtında başa düşməməkləri səbəbindən, müəyyən mərhələdə ümmətdaxili təfriqə konstruksiyalarında müəyyən rol oynamışdılar. Hazırda bu proses də səngiməkdədir. Ümidvarıq ki, tam ayılma baş verəcək və təkfirçi-vəhhabi ünsürlərin Suriya, İraq, Yəmən, Səudiyyə və digər bölgələrdə törətdiyi cinayətlərin ifşa olunması və qarşısının alınması sürəcinin şahidi olacağıq.
6) Qarabağ dərdi olan bizlər üçün bu mövzular xüsusi önəm kəsb edir. Ümmətin daxilində Qarabağ probleminin həqiqi mahiyyətini açmaq, vəziyyətin dramatizmini çatdırmaq üçün hər səviyyədə genişmiqyaslı işlər görmək tələb olunur. İslam ölkələrinin beynəlxalq təsisatlarının bütün gücündən istifadə edərək, bu problemin çözməsi üçün əməli işlər görmək fürsətindən maksimum faydalanmaq lazımdır.
Allah Təala bütün bu işlərdə Öz tofiqatını bütün ümmətə inayət etsin, inşəallah!”