ArxivXəbər lentiXəbərlər

Vəkil Elçin Sadıqov Bayram Məmmədovla görüşdü-İŞGƏNCƏ VERİLİB

Vəkil Bayram Məmmədovla görüşüb
04.04.2019 Basta
“Bakının Sabunçu Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbs cəzası almış və hüquqlarını müdafiə etdiyim Bayram Məmmədovla aprelin 3-də görüşə bildim.”
Bu barədə vəkil Elçin Sadıqov bildirib.
Vəkilin sözlərinə görə, Bayram Məmmədovla görüş ala bilməməyi ilə bağlı Ombudsman Aparatını məlumatlandırıb.
“Bu barədə Ombudsman Aparatını məlumatlandırdım və yalnız bundan sonra görüşə icazə verdilər, görüş bir saatdan çox çəkdi,” o qeyd edib.
Elçin Sadıqov deyib ki, müdafiə etdiyi şəxsin işgəncəyə məruz qalması barədə şikayətinə görə baş prokurora, onun birinci müavininə, Bakı şəhər prokuroruna, Binəqədi rayonu prokuroruna və daxili işlər nazirinə müraciət edib.
Khadija Ismayil adlı şəxsin şəkli.
Bayram Məmmədovun işgəncə ilə bağlı tərtib etdiyi qrafik
“Bayram Məmmədov işgəncəyə məruz qalması barədə izahat yazıb və ekspertizadan keçirilməsini istəyir,” vəkil bildirib.
Vəkilin bu açıqlamasına, hələlik, Daxili İşlər Nazirliyi və başqa sözügedən rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Khadija Ismayil adlı şəxsin şəkli.
Bayram Məmmədovun məktubu
“Mənə verilən şifahi suallara cavab olaraq bildirirəm ki, 30 mart 2019-cu il tarixdə barəmdə uydurma məhkəmə qərarı çıxdıqdan sonra AR-DİN inzibati həbs olunan şəxslərin saxlanma məntəqəsinə gətirildikdən bir neçə saat sonra heç bir qanuni əsas olmadan məni rezin kameraya apardılar. Əllərimi arxadan qandalladılar, sonradan adının Pənah olduğunu bildiyim polis və digər 5-6 nəfər polis məni təpik və yumruqla döyməyə başladılar. Sonra mən müvazinətimi itirdim, yerə yıxıldım, yerdə məni təpikləməyə və üzümə yumruq zərbələri ilə vurmağa başladılar. Bu təxminən 30-40 dəqiqə çəkdi, arada fasilələr verib niyə peşiman olmadığımı öz müsahibələrimdə bildirdiyimi, niyə facebook sosial şəbəkəsində onlara görə radikal və aqressiv tərkibli statuslar yazdığımı irad bildirərək döyürdülər. Daha sonra ayaqlarımı da əllərimə qandallayıb ağzı üstə uzatdılar.
Xahiş edirəm ki, mənə verilən işkəncə hallarının araşdırılmasına köməklik edəsiniz.
Tarix:03.04.2019
İmza: Məmmədov Bayram Fərman oğlu”
Bu il martın 17-də əfv sərəncamı ilə azadlığa çıxdıqdan 13 gün sonra polisin qanuni əmrinə tabe olmamaq ittihamı ilə 30 sutka inzibati həbs verilən gənc fəal Bayram Məmmədovla vəkilin bir neçə dəfə görüşmək cəhdi baş tutmayıb.
Gənc fəalın ailəsi bildirib ki, aprelin 3-də Binəqədi Müvəqqəti Saxlanma Təcridxanasına Bayram Məmmədovla görüşlərinə imkan verilməyib.
“Getdik Bayramla görüşə, görüş vermədilər. Azuqəni də götürmədilər. Deyirlər ki, Bayrama olmaz, vəssalam,” gənc fəalın ailəsindən bildiriblər.
Məmmədovla bağlı Sabunçu Rayon Məhkəməsinin martın 30-da verdiyi inzibati həbs qərarından şikayətə aprelin 2-də Bakı Apellyasiya Məhkəməsində hakim Namiq Məmmədov baxıb. Şikayət təmin edilməyib.
Məmmədov ittiham qəbul etmədiyini məhkəmənin diqqətinə çatdırıb. O məhkəmədə saxlandıqdan sonra işgəncə ilə üzləşdiyini, döyüldüyünü açıqlayıb. Hakim işgəncə şikayətinin araşdırılması üçün prokurorluğa təqdimat göndərilməsi barədə qərar qəbul edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button